Azərbaycanda
keçirilən beynəlxalq veloturun
3-cü mərhələsi arxada qaldı
Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq veloturun üçüncü mərhələsində Rusiyalı Dmitri Vernidub (Samara SHVSM komandası) qələbə çalmışdır. D.Vernidub Qəbələdə 160 kilometrlik mərhələnin ikinci yarısında öndə gedən qrupa qoşularaq sona qədər orada qalmışdır. Üçüncü mərhələdən sonra yarışın ümumi liderliyi isə CMC (Dünya Velosiped Mərkəzi) komandasının təmsilçisi Əlcəzair idmançısı Yusif Rəqiqiyə məxsusdur.
Əvvəlcə 6 velosipedçi önə keçərək əsas qrupla 2 dəqiqəyə yaxın məsafə yaratmışdılar. Yürüşün təqribən 120-ci kilometrində əlavə 3 idmançı (o cümlədən yekun qalib Vernidub) öndəki qrupa qoşulmuşdur. Finiş xəttinə cəmi 200 m qalmış Vernidub sprintə başlamış, Körbi isə onu izləyə bilməyərək geridə qalmışdır. Yarışın ümumi lideri Yusif Rəqiqi isə Vernidubdan sonra ikinci yerlə kifayətlənməli olmuşdur.
"Finiş yoxuşda yerləşdiyindən yürüşü başa çatdırmaq çox çətin idi" - deyə mərhələ qalibi Vernidub demişdir: "Təqibçilər bizim arxamızca gəlirdilər. Mən dönüb baxanda onların sürətlə yaxınlaşdığını gördüm. Bu məqamda avstraliyalı 'no work' deyərək yorulduğunu və mənimlə ayaqlaşa bilmədiyini söylədi. Mən düşündüm ki, o məni aldatmağa çalışır və arxamdan sonuncu sprinti etmək istəyir, amma tezliklə gördüm ki, onun taqəti yoxdur. Beləliklə, mən öndə tək qaldım. "Olum, ya ölüm" qərarının vaxtı idi. Velosipedimi ən yüksək ötürücüyə keçirtdim və var gücümlə pedalı fırlatdım. Buna baxmayaraq, təqibçilər mənə az qala çatdılar. Sonda yalnız 1 metr üstünlüyüm qaldı, amma finiş xəttini birinci keçdim. Doğrudan da, unudulmaz bir qələbə idi".
Bu sözləri isə Almaniyanın Specialized Concept Store komandasının nümayəndəsi Tural İsgəndərov söyləmişdir: "Bu maraqlı mərhələdən sonra ən yaxşı azərbaycanlı köynəyini yenidən əldə etməyimə sevinirəm. Veloturun sonuna qədər bu köynəyi özümdə saxlamaq əzmindəyəm. Ümumi hesabdakı nəticəm daha yaxşı ola bilərdi, lakin marşrut Şəkidən dönəndə yıxılmağım məni geriyə atdı. Önümdə gedən Belarus idmançısı birdən-birə velosipedini sağa verdi biz toqquşduq, mən yerə yıxıldım. Nəticədə pelotona çatmaq üçün çox enerji sərf etdim və sonda mərhələni 67-ci yerdə bitirdim".
Azərbaycan.- 2012.- 13 may.- S. 11.