Bakıda MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Bir ocaqda parlayar min ürəyin işığı satış-sərgisi açılmışdır

 

 Mayın 22-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Azərbaycan xalçaçıları" İctimai Birliyinin təşkilatçılığı və MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə "Bir ocaqda parlayar min ürəyin işığı" adlı satış-sərgi açılmışdır.

AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində muzeyin direktoru Röya Tağıyeva çıxış edərək satış-sərginin xalqlar arasındakı dostluğun daha da möhkəmləndirilməsində əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, "Azərbaycan xalçaçıları" İctimai Birliyinin  bu yaxınlarda yaranmasına baxmayaraq, belə bir böyük sərgi təşkil etməsi təqdirəlayiqdir.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev vurğulamışdır ki, satış-sərgidə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Rusiya və Ukraynadan olan sənətkarların  1000-dən çox əl işi nümayiş etdirilir.

Bildirilmişdir ki, beynəlxalq dekorativ-tətbiqi sənət satış-sərgisinin keçirildiyi məkan kimi Azərbaycan bir daha sülhün, dostluğun carçısı olduğunu sübut etmişdir. Ölkəmiz daim qonşu dövlətlərlə iqtisadi, siyasi müstəvidə qarşılıqlı əlaqələr qurmuş, bu münasibətlərin nəticəsində regionda özünün demokratik bir dövlət olduğunu göstərmişdir. Azərbaycan qarşılıqlı mədəni münasibətlər, mədəniyyətlərin inteqrasiyası, xalqlar arasında qardaşlıq, bərabərlik hüququnu müdafiə edərək onu ən yüksək səviyyəyə qaldırmışdır.

Mərasimdə SSRİ xalq rəssamı Tahir Salahov, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov və başqaları satış-sərginin yüksək səviyyədə təşkilindən söz açmış, bu münasibətlə iştirakçıları təbrik etmişlər. Əmin olduqlarını bildirmişlər ki, sənətkarları bir-birinə tanıdan belə tədbirlər davamlı olacaqdır.

Eyni zamanda İçərişəhərdəki "Azərbaycan xalçaçıları" İctimai Birliyinə məxsus art-studiyada keçiriləcək satış-sərgi mayın 26-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 23 may.- S. 9.