Azərbaycanın və Rumıniyanın diaspor təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri ilə Dünya Rumıniya Assosiasiyaları Federasiyasının sədri Daniel Teku arasında görüş keçirilmişdir. Görüşdə iki ölkənin diaspor təşkilatlarının fəaliyyəti, Rumıniya və Azərbaycan arasındakı mehriban münasibətlərdən və xalqlarımız arasındakı dostluq əlaqələrindən söhbət açılmışdır.

Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev son dövrlərdə Azərbaycan diasporunun qazandığı təcrübə, əməkdaşlıq etdiyi qurumlar barədə məlumat vermişdir. İ.Hacıyev Azərbaycan və Rumıniya diasporlarının yaxınlığı, bu diasporların birgə fəaliyyət istiqamətləri üçün təklif olunan layihələrdən danışmış və bu əməkdaşlığın gələcək perspektivlərindən bəhs etmişdir.

Azərbaycanın Rumıniya üçün doststrateji tərəfdaş olduğunu vurğulayan D.Teku hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyini bu möhkəm münasibətin nəticəsi kimi dəyərləndirmişdir. Federasiya sədri ölkələrimizin diaspor təşkilatlarının ümumi maraqlar baxımından bir cəbhədən çıxış etməsi Azərbaycan və Rumıniya üçün çox əhəmiyyətli, xalqlarımız üçün çox vacib olduğunu vurğulamışdır. D.Teku Rumıniya diasporunun güclü və mütəşəkkil fəaliyyət göstərdiyi ABŞ, Kanada, Avropa İttifaqı ölkələrində Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin qurulmasını iki ölkəni maraqlandıran məsələlərdə eyni mövqedən çıxış etmək baxımından əhəmiyyətini bildirmişdir.

Assosiasiyanın sədr müavini Orxan Məmmədov Rumıniyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələrin rumın gəncləri ilə sıx əlaqələrinin yaranması və gənclərin iki ölkənin mədəniyyəti, tarixi, adət-ənənələrinə maraq göstərdiyini bildirmişdir. O.Məmmədov "Facebook" resursunda assosiasiyanın yeni yaradılmış səhifəsi və internet imkanları vasitəsilə Avropa ölkələrində fəaliyyət göstərən xarici, o cümlədən rumın diaspor təşkilatları ilə əlaqələrin qurulması imkanlarının genişləndiyini diqqətə çatdırmışdır.

Görüşün sonunda İ.Hacıyev Azərbaycanın mədəniyyəti, tarixi, iqtisadiyyatı haqqında kitabları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanan diskləri D.Tekuya təqdim etmişdir.

Tərəflər Azərbaycanın və Rumıniyanın diaspor təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirmək üçün əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılığa gəlmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 23 may.- S. 9.