Prezident İlham
Əliyev Bakı Funikulyorunun, Azneft döngəsində yeraltı piyada keçidinin
açılışlarında iştirak
etmiş, Dənizkənarı Milli Parkda abadlıq
işlərinin gedişi, Dövlət
Bayrağı Meydanının yaxınlığında yeni iaşə obyektləri ilə
tanış olmuşdur
Mayın 23-də Bakı Funikulyoru əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Son illər paytaxtda həyata keçirilən quruculuq tədbirləri, parkların və xiyabanların abadlaşdırılması, mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində təmir edilməsi və inşası, nəqliyyat infrastrukturunun əsaslı şəkildə yenidən qurulması Bakını dünyanın inkişaf etmiş şəhərlərindən birinə çevirməkdədir. Paytaxtın gözəlliyinə xüsusi yaraşıq verən, şəhərimizin sakinlərinə və qonaqlarına xidmət göstərəcək Bakı Funikulyorunun əsaslı şəkildə yenidən qurulması da bu istiqamətdə həyata keçirilən məqsədyönlü quruculuq işlərinin davamıdır.
Bakı Funikulyoru 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. Funikulyorun ilk vaqonları o zaman xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq gətirilmişdir. İki stansiyadan ibarət funikulyorun vaqonu saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası intervalı 10 dəqiqə olan funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Bakı Funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən ötən il Bakı Funikulyorunun əsaslı şəkildə təmiri və yenidən qurulması işlərinə başlanılmışdır. Funikulyorun yeni layihəsi ən müasir standartlar əsasında işlənib hazırlanmışdır. Təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilmişdir.
Dövlət başçısı Bakı Funikulyorunun açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Funikulyorunun əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış oldular.
Görülən işlərlə bağlı dövlət başçısına məlumat verildi. Bildirildi ki, funikulyorun aşağı və yuxarı vestibülləri, köhnə relsləri tamamilə təzələnmiş, yeni vaqonlar alınmışdır. Mexaniki və elektron qurğuları tamamilə dəyişdirilmiş funikulyorun hər iki stansiyası şüşədən hazırlanmışdır. Funikulyor mayın 29-dək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına pulsuz xidmət göstərəcəkdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funikulyorla yuxarı stansiyaya qalxdılar.
* * *
Bakı Funikulyoru ilə tanışlıqdan sonra dövlət başçısı və xanımı Azneft döngəsində, Mikayıl Hüseynov küçəsində inşa olunan yeraltı piyada keçidinin açılışında iştirak etmişlər.
Azərbaycan Prezidenti keçidin açılışını bildirən lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov yeraltı piyada keçidinin texniki göstəriciləri
barədə dövlət
başçısına məlumat
verdi. Uzunluğu
54, eni 6 metr olan yeraltı keçid Bəhram Gur abidəsi tərəfdən Dənizkənarı
Milli Parka və yeni inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi istiqamətinə
keçən piyadaların
rahat gediş-gəlişinin
təmin edilməsinə
xidmət göstərəcəkdir.
Yeraltı piyada keçidində
müasir işıqlandırma
sistemi quraşdırılmışdır.
Keçidin inşası zamanı
burada mövcud olan kommunikasiya sistemi yenilənmişdir.
Azərbaycan Prezidenti və xanımı yeni piyada keçidi ilə tanış
oldular.
* * *
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı
Milli Parkda xüsusi memarlıq üslubunda inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin fasadına baxdılar.
Dövlət başçısı və
xanımı Dənizkənarı
Milli Parkın "Venesiya" adlanan ərazisində həyata keçirilən abadlıq
və quruculuq işlərinin gedişi ilə maraqlandılar.
Dənizkənarı Milli Parka xüsusi gözəllik verən bu ərazidə abadlıq və quruculuq işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata
keçirildiyi bildirildi. Burada əhalinin
istirahəti üçün
hər cür şəraitin yaradılacağı
qeyd edildi.
Daha sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsinə baxdılar.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı
Meydanının yaxınlığında
tikilib istifadəyə
verilən yeni iaşə obyektləri ilə də tanış oldular.
AzərTAc
Azərbaycan.- 2012.- 24 may.- S. 1.