“Pakistan Observer” qəzetinin
nömrəsi 28 may - Respublika
Gününə həsr
olunmuşdur
Pakistanın nüfuzlu ingilisdilli
"Pakistan Observer" qəzetinin 23 may nömrəsi Azərbaycanın
milli bayramı - Respublika Gününə həsr olunmuşdur.
Azərbaycanın Pakistandakı səfirliyindən
AzərTAc-a bildirmişlər
ki, qəzetdə Azərbaycan Prezidentinin fəaliyyətinə həsr
olunmuş "İlham
Əliyevin rəhbərliyi
ilə yüksək templərlə inkişaf edən Azərbaycan" başlıqlı
məqalədə dövlətimizin
başçısının siyasi karyerası nəzərdən keçirilmiş,
hələ Dövlət
Neft Şirkətinin vitse-prezidenti vəzifəsində
çalışarkən Qərbin
nüfuzlu neft şirkətləri ilə
danışıqlarda əsas
rol oynadığı
vurğulanmışdır.
Məqalədə İlham Əliyevin
2003-cü və 2008-ci illərdə
böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının
Prezidenti seçildiyi
qeyd edilmiş, ötən 9 il
ərzində bütün
sahələrdə böyük
nailiyyətlərin qazanıldığı
bildirilmişdir.
Yazıda
Dövlət Neft Fondundan, qeyri-neft sektorunun inkişafından,
sosial sahəyə, mədəniyyətə, təhsilə
və idmana yüksək qayğıdan
bəhs edilmişdir. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
sülh yolu ilə həlli istiqamətində fəaliyyətindən
danışılmış, Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi
üzv seçilməsi
dövlətimizin başçısının
uğurla həyata keçirdiyi xarici siyasətin zirvəsi kimi qiymətləndirilmişdir.
Pakistanın Azərbaycan ilə əlaqələrinə də
xüsusi yerin ayrıldığı məqalədə
bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllinə
dəstəyi və Xocalı soyqırımının
tanınmasına dair Senatın qətnamə qəbul etməsi xüsusi vurğulanmışdır.
"Heydər Əliyev Fondu" başlıqlı
məqalədə Fondun
prezidenti, Azərbaycanın
birinci xanımı,
UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən
layihələrdən, onun
"Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq
işlərinə rəhbərlik
etməsindən geniş
söhbət açılmışdır.
Həmçinin Heydər Əliyev
Fondunun Pakistanda həyata keçirdiyi irimiqyaslı layihələrə xüsusi
yer ayrılmışdır.
Qeyd edilmişdir ki, zəlzələdən zərər
çəkmiş Müzəffərabad
şəhərində Mehriban
xanım Əliyevanın
təşəbbüsü və dəstəyi ilə qızlar üçün məktəb
binası inşa olunmuşdur. Bu il aprelin 30-dan isə Pakistanda Fondun silsilə humanitar yardımlar proqramına start verilmişdir.
Bu proqram çərçivəsində
kimsəsizlərə tibbi
baxışın keçirildiyi,
Hepatit B virusuna qarşı peyvəndlərin,
serebral paralicdən əziyyət çəkən
xəstələrin pulsuz
müayinə edildiyi,
imkansızlar üçün
ürək əməliyyatlarının
aparıldığı, Pakistan ordusunun şəhid olmuş bir neçə əsgərinin
ailə üzvlərinin
himayəyə götürüldüyü,
istedadlı tələbələrə
təqaüdlərin verildiyi, Müzəffərabadda
inşa olunmuş məktəbdə yenidənqurma
və təmir işlərinin aparıldığı
diqqətə çatdırılmışdır.
Qəzetin xüsusi nömrəsində
Azərbaycanın Pakistandakı
səfiri Daşqın
Şikarovun "28 may - Respublika
Günü" sərlövhəli
məqaləsində Azərbaycanı
müstəqilliyə aparan
çətin və şərəfli yoldan, həmçinin 1918-ci ildə
ermənilərin azərbaycanlılara
qarşı törətdikləri soyqırımıdan
danışılmışdır.
Səfir
1918-ci il mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin
yaradıldığını bildirmiş, Qafqaz İslam Ordusu tərəfindən Bakının
azad olunmasından sonra paytaxtın Gəncədən Bakıya
köçürüldüyünü qeyd etmişdir.
Məqalədə Şərqdə ilk demokratik
parlamentin təsis olunduğu, 1920-ci il yanvarın 11-də
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Paris sülh
konfransında dünyanın
aparıcı dövlətləri
tərəfindən tanındığı
vurğulanmışdır. Həmçinin AXC hökumətinin ordu quruculuğu sahəsində fəaliyyəti,
ermənilərin törətdikləri
cinayətlərin araşdırılması
üzrə xüsusi komissiyanın yaradılması,
vətəndaşlıq, dövlət
atributları, kişilər
və qadınlar arasında bərabərlik
haqqında qanunların
qəbul edildiyi, Bakı Dövlət Universitetinin fəaliyyətə
başlamasından geniş
söhbət açılmışdır.
"Azərbaycan Odlar
Yurdu" məqaləsində
ölkəmizin tarixi,
rəngarəng təbiəti,
adətləri, zəngin
mədəniyyəti, xalçaçılıq
ənənələri, ədəbiyyatı,
elmi, təhsili, sənayesi və kənd təsərrüfatı
haqqında geniş məlumat verilmişdir.
Qəzetin xüsusi nömrəsində
Azərbaycanın dövlət
atributları, Prezident
İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, Xocalı soyqırımının 20-ci ildönümü
ilə bağlı ümumxalq yürüşü,
dövlətimizin başçısının
Pakistanın Baş naziri ilə görüşü ilə
bağlı və digər məqalələr
də verilmişdir.
Məqalələrin tam mətnini aşağıdakı linklərdən
oxumaq mümkündür:
http://epaper.pakobserver.net/201205/23/business-1.php;
http://epaper.pakobserver.net/201205/23/business-2.php
Azərbaycan.- 2012.- 24 may.- S. 3.