Uşaq hüquqlarının qorunması diqqət mərkəzindədir

 

 Mayın 23-də Milli Məclisdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Komitəsinin Azərbaycan dövlətinə ünvanladığı yekun müşahidələrə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, "dəyirmi masa"nın işində Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri və ziyalılar iştirak etmişlər.

BMT-nin uşaq fondu (UNICEF) ilə Milli Məclisin təşkil etdikləri tədbirin əhəmiyyətini vurğulayan Milli Məclis Sədrinin müavini Bahar Muradova demişdir ki, Azərbaycan BMT-nin İnsan Hüquqları Konvensiyasına 1992-ci ildə qoşulsa da, ölkədəki siyasi vəziyyətlə əlaqədar olaraq uşaq hüquqlarının qorunması istiqamətində o vaxt heç bir addım atılmamışdır. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə  qayıdışından sonra dövlət uşaqların cəmiyyətdə layiqli yer tutması üçün bir sıra mühüm addımlar atmışdır.

Bu gün ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev uşaq hüquqlarının qorunmasını dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biri elan etmişdir. Məhz Prezidentin təklifləri əsasında uşaq hüquqlarının qorunması məqsədi ilə Milli Məclis Cinayət və Cinayət Prosessual  məcəllələrinə əlavə və dəyişikliklər etmiş, ailə, idman, sosial xidmət haqqında qanunlar qəbul edilmişdir.

B.Muradova bildirmişdir ki, Azərbaycanda uşaq hüquqlarının qorunması və daha da təkmilləşdirilməsi üçün görülən işlər haqqında geniş hesabat hazırlanmış və BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edilmişdir. Komitə həyata keçirilmiş işləri yüksək qiymətləndirmiş və Azərbaycana əlavə tövsiyələr vermişdir. Bu tövsiyələr əsasən bəzi qanunların təkmilləşdirilməsi ilə bağlıdır. Tövsiyələr nəzərə alınmış və Milli Məclisin komitələri  müvafiq qanunlara ediləcək lazımi əlavə və dəyişiklikləri müzakirə etdikdən sonra plenar iclasa təqdim ediləcəkdir.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard bildirmişdir ki, uşaq hüquqlarının qorunması ilə bağlı dünyanın, demək olar ki, bütün ölkələrində problemlər mövcuddur. Azərbaycan da istisna deyildir. Lakin sevindirici haldır ki, Azərbaycan hökuməti bu problemlərə, bir çox başqa dövlətlərdə olduğu kimi, biganə yanaşmır. Azərbaycanda uşaq əməyindən istifadə, küçə uşaqlarının çoxluğu, uşaq pornoqrafiyasının yayılması kimi neqativ hallar çox deyildir. Bunlar dövlətin bu vacib məsələni diqqətdə saxladığını göstərir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqlara diqqət və qayğının göstərilməsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın reallaşdırdığı layihələrdən danışmışdır.

H.Hüseynova demişdir ki, Fondun fəaliyyəti nəticəsində aztəminatlı ailələrin uşaqları pulsuz müalicə olunur, internat məktəblərində təhsil almaları üçün şərait yaradılır. Heydər Əliyev Fondu ölkədə yüzlərlə uşaq bağçası, əlil uşaqlar üçün xüsusi məktəblər tikdirərək istifadəyə vermişdir.

Sonra Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin deputatı Əli Hüseynov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Təhsil və elm komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış etmişlər.

Çıxışlarda vurğulanmışdır ki, Azərbaycan dünyanın davamlı inkişaf edən ölkələrindəndir. İqtisadi artım müxtəlif sosial proqramların həyata keçirilməsinə imkan verir. Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür və bundan uşaqlara da böyük pay düşür.

Sonra müzakirələr olmuş, təkliflər verilmişdir.

Milli Məclis Sədrinin müavini B.Muradova "dəyirmi masa"nın işinə yekun vuraraq irəli sürülən təkliflərin qanunların qəbulu zamanı nəzərə alınacağını bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 24 may.- S. 3.