ABŞ konqresmeni Qreqori Miks Azərbaycana “Eurovision-2012” mahnı müsabiqəsinə ev
sahibliyi etməkdə uğurlar
arzulamışdır
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Qreqori Miks Azərbaycana "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməkdə uğurlar arzulamışdır. Konqresmen demişdir ki, beynəlxalq müsabiqənin Bakıda keçirilməsi Azərbaycanın geniş miqyasda tanınmasına səbəb olacaqdır. Konqresdəki Xarici Münasibətlər Komitəsinin Avropa və Avrasiya üzrə altkomitəsinin üzvü, nyu-yorklu qanunverici Vaşinqtonda keçirilən Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyinə həsr edilən iki günlük konfransda Konqresi təmsil edən çoxsaylı natiqlərdən biri idi.
O, çıxışında demişdir: "Bu konfransa qoşularaq Konqresdə üzvü olduğum Xarici Münasibətlər Komitəsinin Avropa və Avrasiya üzrə altkomitəsi adından sizlərə bildirmək istəyirəm ki, son 20 ildə Azərbaycan ilə ABŞ arasında yaranan münasibətlərin vacibliyini, əhəmiyyətini dərk edirik. Aramızdakı dialoq növbəti 20-30, hətta 50 il ərzində də davamlı olmalıdır.
Hazırda görəcəyimiz bir sıra ciddi işlərdən biri Bakıya güclü və bilikli ABŞ səfirinin göndərilməsini təmin etməkdir. Bundan başqa, bölgədə nüvə silahlarının mövcudluğuna yol verməmək üçün daha yaxından birgə işləməyimiz lazımdır. ABŞ Prezidenti də dəfələrlə bəyan etmişdir ki, bölgədə nüvə silahının mövcudluğu qəbuledilməzdir.
Konfransı təşkil edən amerikalılar və avrasiyalıların "Turquoise" Şurası, ABŞ Azərbaycanlıları Şəbəkəsi, "Caspian Strategy" İnstitutu və Con Hopkins Universitetinin Aparıcı və Beynəlxalq Araşdırmalar Məktəbinə təşəkkürümü bildirirəm. Görürəm ki, burada Konqresdəki bir çox digər həmkarlarım da iştirak edirlər. Bu da ona dəlalət edir ki, siz hamınız bizim düşüncələrimizdəsiniz. Siyasi mənsubiyyətindən asılı olmayaraq, ABŞ Konqresinin üzvləri Azərbaycanın yerləşdiyi vacib bölgədə oynadığı mühüm rolu bilir və dəstəkləyirlər. Bundan daha əmin-amanlı dünyada yaşamaq üçün bölgədəki münasibətlərimiz möhkəmlənməlidir. Ümid edirəm, parlamentlərarası çərçivədə azərbaycanlı həmkarlarımızla dialoqumuz genişlənəcək və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri artacaqdır. Bu səfərlər ona görə əhəmiyyətlidir ki, biz yeni biliklər və dostlar əldə edirik. Biz belə səfərlər etməyi planlaşdırırıq.
Sonda ölkənizə "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməkdə uğurlar arzulayıram. Bilirəm ki, bu, təkcə Azərbaycanın deyil, bütün Avropanın istedadını nümayiş etdirmək üçün əlverişli imkan olacaqdır. Biz də üzə çıxacaq yeni istedadla tanış olmağı gözləyirik. Ümumiyyətlə, müsabiqənin Bakıda keçirilməsi Azərbaycanın daha geniş miqyasda tanınmasına səbəb olacaqdır. Sizin haqqınızda nə qədər çox biliriksə, o qədər asan şəkildə seçicilərimizə ölkənizlə münasibətlərin əhəmiyyəti barədə danışa bilərik.
Bir daha məni konfransa dəvət etdiyiniz üçün təşəkkürümü bildirir, Konqresdə Avropa və Avrasiya üzrə altkomitənin üzvü kimi sizinlə yaxından işləməyə və tezliklə bölgəyə səfər edəcəyimizə ümid bəsləyirəm".
Şəfəq AKİFQIZI
Azərbaycan.- 2012.- 24 may.- S. 3.