Şəkidə
və Mingəçevirdə məcburi köçkünlər
üçün salınmış qəsəbələrdə
tikinti işləri sürətlə davam edir
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKDK) sədri Əli Həsənov mayın 23-də Şəkinin Kiş bələdiyyəsi ərazisində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir
ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı
ilə təsdiq olunmuş
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na 2007-ci il 31 oktyabr tarixli Sərəncamla edilmiş əlavələrin
icrası ilə əlaqədar Şəki rayonu
ərazisindəki istismar müddəti başa çatmış Fin
tipli qəsəbədə və məktəb
binalarında müvəqqəti məskunlaşmış məcburi
köçkünlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə Kiş bələdiyyəsinin
ərazisində yeni qəsəbə
salınır. Burada
423 ev inşa
olunur. Onlardan 17-si bir, 211-i iki,
175-i üç, 20-si isə
dördotaqlı olacaqdır.
Qəsəbədə məktəb
binası, uşaq bağçası, inzibati
bina, poçt,
klub-icma mərkəzi,
ambulator tibb məntəqəsi və
s. infrastruktur yaradılacaqdır.
Yeni qəsəbəyə Fin qəsəbələrində
məskunlaşmış 372 və məktəblərdə
yerləşmiş 51 ailə
köçürüləcəkdir. Hər bir ailəyə əlavə 12 sot torpaq sahəsi veriləcəkdir.
Burada tikinti işləri ilə 15 şirkət məşğul
olur. Qəsəbənin yaxın vaxtlarda
istifadəyə verilməsi
nəzərdə tutulmuşdur.
Tikinti işlərinin gedişi ilə tanışlıqdan
sonra inşaatçılarla
müşavirə keçirən
Baş nazirin müavini Əli Həsənov bildirmişdir
ki, Prezident İlham Əliyevin tapşırığına əsasən
bu il məcburi
köçkünlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
üçün ayrılan
vəsaitin həcmi 2,5 dəfə artırılmışdır. Bu
isə doğma torpaqlarından didərgin
düşmüş soydaşlarımız
üçün daha müasir və yüksək keyfiyyətli
qəsəbələrin salınmasına
imkan verir. Bu günə qədər
ölkə ərazisində
71 qəsəbə salınmışdır.
Hazırda isə doqquz
rayonda məcburi köçkün soydaşlarımız
üçün yeni qəsəbələrin və
yaşayış məhəllələrinin
tikintisini davam etdiririk. Bakının ətraf rayonlarında
da məcburi köçkünlər üçün
yeni müasir qəsəbələr salınır.
Yaxın üç il ərzində
50 minə yaxın məcburi köçkün
bu cür evlərlə təmin olunacaqdır. Bakı ətrafında, xüsusilə
də Qobu qəsəbəsində yeni
salınacaq yaşayış
massivləri üçün
torpaq sahəsi ayrılıb, hazırda sənədləşmə işləri
gedir. Bunun nəticəsində isə Bakıda yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə
və digər ictimai obyektlərdə məskunlaşmış məcburi
köçkünlər hər
bir şəraiti olan evlərlə təmin olunacaqdır.
Baş nazirin müavini icraçılara işlərin
yüksək keyfiyyətlə
və vaxtında yerinə yetirilməsi barədə konkret tapşırıqlar vermişdir.
Sonra Baş nazirin müavini, Dövlətqaçqınkomun
sədri Əli Həsənov Mingəçevir
şəhərinə gəlmiş,
burada da məcburi köçkünlər
üçün salınan
yeni məhəllədə
aparılan işlərlə
tanış olmuşdur. Məlumat verilmişdir ki,
istismar müddəti başa çatmış
Fin tipli qəsəbədə
və məktəb binalarında müvəqqəti
məskunlaşmış məcburi
köçkün ailələrinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə Mingəçevirdə 9 mərtəbəli
binalardan ibarət yeni yaşayış məhəlləsi salınır.
Baş nazirin müavini tikinti sahəsini gəzmiş, işlərin gedişi ilə maraqlanmışdır. Daha sonra
tikinti şirkətlərinin
rəhbərləri ilə
keçirilən görüşdə
bildirilmişdir ki, burada 10 bina tikilir. Bu binalarda
502 ailə mənzillə
təmin ediləcəkdir.
Mənzillərin 34-ü bir, 259-u iki,
182-si üç, 27-si isə
dördotaqlı olacaqdır.
Yaşayış məhəlləsində 480 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati
bina, idman mərkəzi tikiləcəkdir.
Əli Həsənov
inşaatçıların problemləri ilə maraqlanmış, tapşırıq
və tövsiyələrini
vermişdir. Baş nazirin müavini
daha sonra Mingəçevirdə məskunlaşmış
məcburi köçkünlərlə
görüşmüş, onların problemləri ilə maraqlanmış, bu problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını vermişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 24 may.- S. 4.