İNTERPOL-un baş katibi Ronald NOBL: Azərbaycan
qısa zamanda böyük
işlər görmüşdür
Azərbaycana səfərə gələn beynəlxalq polis təşkilatı - İNTERPOL-un baş katibi Ronald Nobl mayın 23-də Dənizkənarı Milli Parkda olmuşdur.
AzərTAc xəbər verir ki, elektromobillə parkın ərazisini gəzən qonaq burada yaradılmış şəraitlə maraqlanmışdır.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov R.Nobla məlumat vermişdir ki, Bakının əvəzsiz incilərindən sayılan Dənizkənarı Milli Park maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, paytaxtın tarixi və müasir simasını təşkil edən xüsusi təbii kompleksdir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə baş verən sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərəçarpacaq dərəcədə dəyişmişdir.
Qonaq Dənizkənarı Milli Parkın Azneft meydanından Dövlət Bayrağı Meydanına qədər olan hissəsi - Yeni bulvar ilə də tanış olmuşdur. Bildirilmişdir ki, burada velosiped sürənlərə maneəsiz hərəkət imkanı verən xüsusi xətt də salınmışdır. Ərazidə həm kölgəlik yaradan ağaclar, həm də xüsusi gözəlliyi olan nadir bitki nümunələri əkilmiş, müasir işıqlandırma sistemi qurulmuşdur. Yaxın gələcəkdə burada istirahət obyektləri, attraksionlar quraşdırılacaqdır.
"Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Baku Crystal Hall"a gələn İNTERPOL-un baş katibinə burada görülən işlər barədə də ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. "Baku Crystal Hall"un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. Qeyd edilmişdir ki, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində möhtəşəm qələbə qazanan Azərbaycan bu uğuru müstəqil olduğu 20 il ərzində yarışmaya cəmi 4 dəfə qatılmaqla əldə etmişdir.
Sonra R.Nobl Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 2010-cu il sentyabrın 1-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, ümumi ərazisi 60 hektar olan meydanda inşa edilmiş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginness dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.
R.Nobl Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olmuşdur.
Bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Beynəlxalq polis təşkilatının baş katibi bildirmişdir ki, Azərbaycan Prezidenti, hökuməti və xalqı "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi ilə fəxr edə bilərlər. Azərbaycan qısa zamanda böyük işlər görmüşdür. Mən 12 ildir ki, İNTERPOL kimi mötəbər qurumun baş katibiyəm və işlədiyim müddət ərzində ictimai asayişin qorunması və təhlükəsizliyin təmin olunmasında bir çox texnologiyalar və yeniliklər görmüşəm. Amma Bakıda gördüklərim çox təsiredicidir. "Baku Crystal Hall"a gələnlər özlərini çox rahat hiss edəcəklər. Fürsətdən istifadə edərək bu gün növbəti yarımfinalda iştirak edən ölkələrin məşq prosesini izləyəcəyəm".
Sonda R.Nobl
xatirə şəkli çəkdirmişdir.
Azərbaycan.- 2012.- 24 may.- S. 4.