Qazaxıstan
paytaxtında V Astana İqtisadi
Forumunun rəsmi
açılışı olmuşdur
Forumda Azərbaycan nümayəndə
heyəti də iştirak edir
Mayın 23-də Qazaxıstandakı "Alimlərin Avrasiya İqtisadi Klubu"nun təşkilatçılığı ilə V Astana İqtisadi Forumunun (AİF) rəsmi açılış mərasimi keçirilmişdir. Mərasimdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, tanınmış ictimai-siyasi xadimlər, alimlər və biznesmenlər iştirak edirlər.
Tədbirə 11 Nobel mükafatı laureatı, İtaliyanın, Böyük Britaniyanın, Niderlandın sabiq baş nazirləri Romano Prodi, Toni Bleyer, Uim Kok və digər tanınmış şəxslər də qatılmışlar.
Forumda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə AZPROMO-nun əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri və iş adamları daxildir.
Forumda çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirmişdir ki, tədbirdə dünyanın 90 ölkəsindən 8 mindən artıq nümayəndə iştirak edir. Prezident demişdir ki, AİF dünyada gedən iqtisadi proseslər, maliyyə böhranı və digər iqtisadi problemlərlə əlaqədar dialoq məkanına çevrilmişdir. N.Nazarbayev qeyd etmişdir ki, dünyanın iqtisadi transformasiyası ilə bağlı problemlər artıq beşinci dəfədir ki, Astanada müzakirə edilir və zənnimcə, bunun həm Qazaxıstan, həm də digər dövlətlərə böyük faydası vardır.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan demişdir ki, bu gün maliyyə böhranı dünyanın bütün ölkələri üçün problem olaraq qalır və AİF dünyada gedən maliyyə-iqtisadi böhranının aradan qaldırılması istiqamətində məsləhətləşmələr aparılması üçün mühüm bir məkana çevrilmişdir. Baş nazir bildirmişdir ki, maliyyə böhranı bütün ölkələrin problemidirsə, bunu da məhz bütün ölkələrin iştirakı ilə həll etmək mümkündür. Problemin köklü həlli üçün bu sahədə böyük 20-lər arasında əlaqələrin daha da dərinləşdirilməsi vacib amillərdəndir.
Açılışda BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Frensis Qarri, Almaniya Federativ Respublikasının sabiq prezidenti Hörst Köhler, Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Min Ju, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Mandel və başqaları çıxış etmiş, maliyyə böhranının səbəbləri, dünya iqtisadiyyatı və maliyyə kapitalı, maliyyə böhranının aradan qaldırılmasında AİF-in rolu haqqında fikirlərini bildirmişlər.
Forum öz
işini mayın 24-də başa
çatdıracaqdır.
Azərbaycan.- 2012.- 24 may.- S. 4.