V Astana İqtisadi Forumu çərçivəsində MDB maliyyə nazirlərinin daimi fəaliyyət göstərən 6-cı müşavirəsi olmuşdur

 

Qazaxıstanın paytaxtında V Astana İqtisadi Forumu çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) maliyyə nazirlərinin daimi fəaliyyət göstərən 6-cı müşavirəsi keçirilmişdir. Tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifovun başçılığı ilə nümayəndə heyəti iştirak etmişdir.

İştirakçıları MDB İcraiyyə Komitəsinin sədri - icra katibi Sergey Lebedev salamlamış, birlik ölkələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən söhbət açmışdır.

Qazaxıstan Baş nazirinin müavini Kayrat Kalimbetov, ölkənin maliyyə naziri Bolat Jamişev MDB ölkələri arasında inteqrasiya proseslərinin gücləndirilməsi haqqında məlumat vermiş, müzakirə edilən məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

İclasda MDB üzvü olan ölkələrin maliyyə və iqtisadi vəziyyəti, dünyada gedən maliyyə-iqtisadi böhranondan çıxış yolları, bununla əlaqədar müntəzəm olaraq informasiya mübadiləsinin aparılması, maliyyə sahəsində Birlik ölkələrində inteqrasiya üzrə qarşılıqlı fəaliyyət, dünya iqtisadiyyatının sağlamlaşdırılması və inkişafının aktual məsələləri, qlobal qeyri-sabitlik fonunda maliyyə riskləri və digər məsələlər müzakirə olunmuşdur.

Tədbirdə maliyyə nazirlikləri arasında 2012-2013-cü illər üçün əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üçün fəaliyyət planı da təsdiq edilmişdir.

Samir Şərifov AzərTAc-ın müxbiri ilə söhbətində bildirmişdir ki, iclasda 2008-ci ildə Avropada başlayan maliyyə böhranı, ondan sonrakı dövr, maliyyə sahəsində avrozonada olan risklər, Yunanıstanın avrozonadan mümkün çıxışı, bunun dünya iqtisadiyyatına və dünyanın və MDB-nin maliyyə bazarına təsiri və digər məsələlər müzakirə olunmuşdur.

Növbəti iclas gələn ilin iyun ayında Minskdə keçiriləcəkdir.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 24 may.- S. 4.