Elmi nailiyyətlərin tətbiqi toxumçuluqda yüksək nəticələrə səbəb olacaqdır

 

 Mayın 23-də Azərbaycan Respublikası  Baş nazirinin müşaviri Musa Məmmədov və kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov taxıl və tərəvəz toxumçuluğunun yerlərdə vəziyyəti ilə tanış olmaq üçün Xaçmaz rayonunda fermerlərlə görüşmüşlər.

AzərTAc xəbər verir ki, görüşdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişafın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirmişdir. Aqrar sektorda əldə olunan nailiyyətlərdən, dövlətimizin bu sahəyə göstərdiyi qayğıdan danışan nazir müavini, toxumçuluğun bundan sonra da diqqət mərkəzində olacağını qeyd etmişdir.

Sonra Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun Qusarçay zona təcrübə stansiyasında əkilmiş tərəvəz toxumu yetişdirilən sahələrə baxış keçirilmiş, Yalama Dövlət Damazlıq-Südçülük Təsərrüfatının elit taxıl toxumçuluğu müəssisəsində yeni tirə üsulu ilə əkilmiş buğda sahələri ilə tanışlıq olmuşdur.

Sahələrlə tanışlıq zamanı fermerlərə məsləhət və tövsiyələr verilmiş, bol məhsul əldə etmək üçün bundan sonra da kompleks aqrotexniki tədbirlərin həyata keçirilməsi tövsiyə olunmuşdur. Görüşdə yüksək məhsulun əldə olunması ilə bağlı alim və mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmış, yeni səpin texnologiyalarının digər bölgələrdə də tətbiqi məqsədəuyğun hesab edilmişdir.

Sonra yeni salınmış üzüm bağlarına baxış keçirilmişdir. Baxış zamanı iri taxılçılıq təsərrüfatlarının, üzümçülük və tərəvəzçilik kooperativlərinin, fermerlər birliyinin yaradılmasının zəruriliyi qeyd edilmiş, elmi nailiyyətlərin tətbiqinin bu sahədə yüksək nəticələrə səbəb olacağı fermerlərin diqqətinə çatdırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 24 may.- S. 4.