Azərbaycan, sən möhtəşəmsən

 

Bunu böyük coşqu ilə söyləyən xarici jurnalistlər etiraf etdilər ki, "Eurovision-2012"nin ilk yarımfinalı hətta digər ölkələrdə keçirilən finallardan daha üstün idi

 

 Nəhayət, bütün dünyanın həsrətində olduğu məqam gəlib çatdı. Hər kəsin böyük səbirsizliklə gözlədiyi sayca 57-ci "Eurovision-2012" mahnı müsabiqəsi Odlar Yurdu Azərbaycanda start götürdü. Mayın 22-də birinci yarımfinalda mübarizə aparan ölkələr bir-birindən maraqlı və möhtəşəm çıxışları ilə tamaşaçılarda müsbət aura formalaşdırdılar. Mətbuat Mərkəzində isə digər ölkələrdə keçirilən müsabiqələrə nisbətən jurnalistlərin sayının çox olması isə bu yarışmaya dünyada marağın çox böyük olmasından xəbər verirdi.

Müsabiqədən bir neçə saat əvvəl "Crystal Hall"da olduğumuzdan burada baş verən hadisələri canlı şəkildə izləmək imkanı əldə etdik. Həqiqətən, dənizin sahilində möhtəşəm bir saray axşam düşdükcə işıq effektlərinin yandırılması ilə daha da ecazkar görünürdü. Müsabiqənin keçirildiyi məkanda ən çox diqqəti cəlb edən məqamlardan biri təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunması idi. Bu sahədə aidiyyəti qurumların ilk vaxtlardan üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün müəyyənləşdirdikləri plana uyğun olaraq təhlükəsizlik tədbirlərini həyata keçirirdilər. Polis tərəfindən müsabiqənin keçiriləcəyi məkanın ətrafında, müsabiqə iştirakçılarının, nümayəndə heyətlərinin işlədikləri, istirahət etdikləri, əyləndikləri və yaşadıqları yerlərdə ictimai asayişin gücləndirilmiş rejimdə qorunması təmin edilmişdi. Eyni zamanda qonaqların ictimai nəqliyyatdan da istifadə edəcəyi nəzərə alınaraq metroda, marşrut avtobuslarında, dəmir yolu vağzalında, habelə müsabiqə iştirakçılarının qatarla hərəkət marşrutunda ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilmişdi.

 

 İlk yarımfinal həyəcanı

 

İlk yarımfinalın başlanmasına bir neçə saat qalmış saraya toplaşmış tamaşaçılarla yanaşı, Mətbuat Mərkəzində yer alan jurnalistlər də çox həyəcanlı görünürdülər. KİV nümayəndələri və fanatlar Mətbuat Mərkəzində hər bir təmsilçinin çıxışına özlərinə məxsus şəkildə dəstək olurdular. Hər bir jurnalist təmsil olunduğu ölkənin bayrağına bürünərək, startı həyəcanla gözləyirdi. Əcnəbi jurnalistlərdən bir neçəsi öz aralarında söhbətləri zamanı bildirirdilər ki, Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi möhtəşəmliyi ilə uzun müddət yaddaşlardan silinməyəcək.

Ən mühüm məqamlardan biri isə müsabiqənin birinci yarımfinalı zamanı "Baku Crystal Hall"un 18 ölkənin bayrağı rəngində işıqlandırılması oldu. Müsabiqə tarixində ilk dəfədir ki, nümayiş olunan şou "Crystal Hall"a qeyri-adi bir gözəllik və möhtəşəmlik  bəxş edir.

Beləliklə, "Eurovision-2012"nin ilk yarımfinal mərhələsinə start verildi. Hər bir iştirakçının çıxışından əvvəl Azərbaycanın müxtəlif bölgələrinə həsr olunan videoçarxlar nümayiş etdirildi. 18 ölkənin iştirakı ilə keçirilən birinci yarımfinalda ilk olaraq səhnəyə Monteneqro təmsilçisi Rambo Amadeus çıxdı. Müsabiqədə ölkəsini "Euro Neuro" mahnısı ilə təmsil edən müğənninin performansında ifasının mövzusuna uyğun olaraq uzunqulaq arxa fonda çılğınlığı artıran posterlər nümayiş etdirildi.

"Baku Crystal Hall"un səhnəsinə ikinci olaraq İslandiya təmsilçiləri Qreta Salome & Yonsi çıxdılar. İslandiyanı "Never Forget" mahnısı ilə təmsil edən iştirakçıların səhnədə nümayiş etdirdikləri performans, o cümlədən Qreta Salomenin skripka ifası tamaşaçıların marağına səbəb oldu.

Daha sonra isə səhnəyə ardıcıl olaraq Eleftheria Eleftheriou (Yunanıstan), Anmari (Latviya), Rona Nişliu (Albaniya),  "Mandinga" qrupu (Rumıniya), "Sinplus" qrupu (İsveçrə), Laura van den Bruel (Belçika), Pernilla Karlsson (Finlandiya), "İzabo" qrupu (İsrail), Valentina Monetta (San Marino), İvi Adamou (Kipr), Soluna Samay (Danimarka), "Buranovskiye babuşki" qrupu (Rusiya), "Compact Disco" rok qrupu (Macarıstan), "Trackshittaz" qrupu (Avstriya), Paşa Parfeni (Moldova) "Jedward" (İrlandiya) qrupu çıxdı.

Çıxışlar zamanı təmsilçilər canlı performans, xoreoqrafiya da daxil olmaqla səhnə şousunu mükəmməl şəkildə yerinə yetirirdilər. Təbii ki, bu müsabiqə iştirakçıları arasında ən maraqlı çıxışlardan biri Rusiyanı təmsil edən "Buranovskiye babuşki" qrupu idi.  Rusiyanı müsabiqədə "Party for Everybody" mahnısı ilə təmsil edən nənələr ənənəvi udmurt geyimində səhnəyə daxil olaraq sobada kökə bişirir, yaddaqalan ifa nümayiş etdirdilər.  "Baku Crystal Hall"da rusiyalı nənələrin çıxışını Buranovo kəndindən gəlmiş qohumları, həmkəndliləri, jurnalistlər minlərlə azarkeş böyük coşqu ilə izlədilər.

Müsabiqənin favoritləri sırasında yer alan  Rumıniyanın "Mandinga" qrupunun "Eurovision-2012" mahnı  yarışmasında ölkələrini ispan ingilis dillərində, Latın Amerikası ritmlərində yazılan "Zaleilah" mahnısı ilə təmsil etdilər. Təqdim olunan möhtəşəm şux nömrə arxa fonda səhnədə əks olunan rəngarəng çalarlarla ifanı tamamladı. Qrupun səhnədə nümayiş etdirdiyi performans  isə tamaşaçıların ən çox marağına səbəb olan çıxışlardan biri idi.

 

 İlk 10 finalçı: sürpriz olmadı

 

Bütün çıxışlardan sonra "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalı böyük uğurla başa çatdı. Səsvermənin nəticələrinin gözlənildiyi bir vaxtda səhnədə uzun müddət yaddaşlardan silinməyəcək interval aktı şousu nümayiş etdirildi.

Qədim Azərbaycan musiqi mədəniyyətinin rəmzi sayılan qavaldaş "Eurovision" səhnəsinə çıxarıldı. Qədim qavaldaşda "Natiq" ritm qrupunun bədii rəhbəri Natiq Şirinovun ifası Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı yaddaşlara həkk olundu.  Möhtəşəm şounu həm zaldan, həm televiziya ekranlarından izləyən milyonlarla tamaşaçı bir daha Azərbaycan mədəniyyətinin, folklor sənətinin möhtəşəmliyinin şahidi oldular. Eyni zamanda şouda Avropaya Azərbaycanın milli musiqi alətləri olan tar, balaban nağaranın canlı ifası təqdim edildi.

"Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalının iştirakçılarına səsvermə başa çatdı.  "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand yarışmada 10 ölkənin seçiləcəyini qeyd etdi. Birinci yarımfinalda 18 ölkə təmsilçisindən finala vəsiqə qazanan 10-nun adı açıqlandı. Final mərhələsinə ən çox səs toplayaraq yüksələn ölkə Rumıniya oldu. Daha sonrakı ardıcıllıq isə belə idi: Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya İrlandiya. Beləliklə, bu ölkələrin təmsilçiləri həlledici mərhələyə vəsiqə qazandılar.

Birinci yarımfinal mərhələsi başa çatdıqdan sonra qalib ölkələrin təmsilçiləri mətbuat konfransı keçirdilər. 10 ölkə təmsilçisinin finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirildi. Püşkatmanın nəticəsinə əsasən, "Eurovision-2012" mahnı müsabiqəsinin finalında Rumıniya 14-cü, Moldova 26-cı, İslandiya 7-ci, Macarıstan 2-ci, Danimarka 15-ci, Albaniya 3-cü, Kipr 8-ci, Yunanıstan 16-cı, Rusiya 6-cı, İrlandiya isə 23-cü çıxış edəcək.

 

Xarici jurnalistlərdən "Eurovision-2012" etirafları

 

"Eurovision-2012"nin ilk yarımfinal mərhələsi başa çatdıqdan sonra müxtəlif ölkələrdən Azərbaycana gələn jurnalistlərlə söhbət edib mahnı müsabiqəsi ilə bağlı fikirlərini öyrəndik. İsveçli jurnalist Stefan Eriksson dedi ki, bir çox mahnı müsabiqəsinin iştirakçısı olub, lakin belə bir təşkilatçılığın ilk dəfədir ki şahididir: "Hər şey möhtəşəm idi. Təşkilatçılıq isə daha da gözəl idi. Elə düşünürəm ki, "Crystal Hall" dünyanın ən böyük konsert zallarından biridir. Müsabiqə çərçivəsində səhnədəki işıq effektləri, ölkəniz haqda videoçarxlar sonda qavaldaşda ifa edilən Azərbaycan folklor sənəti... Bir sözlə, Azərbaycan, sən möhtəşəmsən".

Estoniyalı jurnalist Viljor Vooq isə qeyd etdi ki, builki mahnı müsabiqəsi 57 illik tarixi olan bir yarışma üçün təşkilatçılıq baxımından ilkdir: "Bakıya gəldiyimdən bəri ən çox diqqətimi çəkən amillərdən biri yarışmanın keçirildiyi "Crystal Hall"dır. Müasirliyi ilə həqiqətən, çox unikal bir tikilidir".

İspaniyalı jurnalist Luis Eduardo isə vurğuladı ki, Azərbaycandakı mahnı müsabiqəsinin yarımfinalı bundan əvvəl başqa ölkələrdə keçirilənlərin finalından daha üstün idi. Bunun ən böyük örnəyi səhnədə təşkil olunan şou proqramdır. "Crystal Hall"un möhtəşəm görünüşü  Mətbuat Mərkəzində jurnalistlərə göstərilən diqqət qayğı isə təqdirəlayiqdir.

Portuqaliyalı telejurnalist Pedro Souza isə bildirdi ki, birinci dəfədir "Eurovision" mahnı müsabiqəsinin belə yüksək səviyyədə təşkil olduğunun şahididir: "Yarışmanın keçiriləcəyi arena isə dünyada gördüyüm ən möhtəşəm kompleksdir. Bütün bunlardan sonra onu rahatlıqla söyləyə bilərəm ki, ölkəniz təkcə musiqi yarışmalarına deyil, eyni zamanda digər böyük beynəlxalq yarışlara da ev sahibliyi etməyə layiqdir. Bildiyimə görə, Azərbaycanın paytaxtı Bakı 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. İnanıram ki, bu yarış da sizin ölkənizdə keçiriləcək. Uğurlar arzulayıram". 

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 24 may.- S. 5.