Dənizkənarı
bulvarda aparılan quruculuq
işləri bizə sevinc gətirir
Bakıda ən çox xoşum gələn, tez-tez getdiyim yerlərdən biri Dənizkənarı bulvardır. Bura əsl istirahət yeridir. Ərazisinin böyüklüyünə görə bu park Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir.
Neçə illərdir təqaüdə çıxmışam. O vaxtdan bura tez-tez gəlirəm. Bəlkə də mənim kimi yolu bura hər gün düşənlərə adi görünən Dənizkənarı bulvara, Sahil bağına birinci dəfə yolu duşənlər heyrətlənirlər, sanki möcüzəylə rastlaşdıqlarını bildirir, dənizlə şəhərin qovuşugundakı by istirahət guşəsinə valeh olduqlarını gizlədə bilmirlər. Belə baxanda, elə əzəldən Qız qalası, Dənizkənarı bulvar, sonralar Bakı Funikulyoru paytaxtın emblemi hesab olunub. İndi də belədir. Bakı bulvarının yaxşı günü də, yaman günü də dəqiqliyi ilə yadımdadır. Burada olan hər yeniliyi, uğuru görəndə qəlbən sevinirəm. 100-dən artıq yaşı olan bu istirahət yerinin son 50-60 ilinin canlı şahidiyəm. Bulvar bir əsrlik tarixində son 10-15 il ərzindəki abadlığı, quruculuğu, qulluq və yar-yaraşığı görməyib.
Birmənalı şəkildə demək lazımdır ki, bütün bu möcüzəli reallıqların səbəbkarı ulu öndər Heydər Əliyev olmuşdur. İstər Azərbaycan KP MK-ya birinci katib seçildiyi 1969-cu ildən sonrakı illərdə, istərsə də 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizin çətin günlərində respublikaya rəhbərlik missiyasını öz üzərinə götürdüyü vaxtlarda Bakı bulvarının inkişafına xüsusi diqqət yetirib. Bu qayğının nəticəsidir ki, ulu öndərin 29 dekabr 1998-ci il tarixli fərmanı ilə Dənizkənarı bulvara Milli Park statusu verilmişdir.
Bakı sakinlərinin iftixar və qurur yeri olan Milli Parkın inkişafına, abadlığına, müasir tələblər baxımından yenidən qurulmasına qayğı ölkə başçısı İlham Əliyev tərəfindən də davam etdirilir. Son illər, xüsusən də "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar burada saysız-hesabsız yenidənqurma işləri həyata keçirilib. Yaşıllaşdırma və abadlaşdırma işləri nəticəsində bulvar hər iki istiqamətdə genişləndirilir. Dünyanın müxtəlif ölkələrindən gətirilmiş ağaclar, bəzək və gül kolları, çəmən-çiçəkliklər, fontanlı hovuzlar, rəngarəng musiqili fəvvarələr, müasir işıqlandırma sistemi, rahat və səliqəli oturacaqlar, uşaqlar uçun hər cür əyləncə vasitələri, səliqə-sahman, daha nələr buraya gələnləri valeh edir.
Bayıl qəsəbəsinə doğru - Dövlət Bayrağı istiqamətində bulvarın genişləndirilməsi uğurla davam etdirilir. Bir neçə gün öncə televizordan eşitdim ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ərazidə görülən işlər, eləcə də Dövlət Bayrağı meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olarkən aidiyyəti qurumlara bütün mümkün imkanlardan istifadə etməyi, nəticə etibarilə ictimai zövqü oxşayacaq işlər görməyi tapşırıb. Demək, bu tapşırıqlar da yerinə yetiriləndən sonra Milli Park bugünkündən daha böyük, daha yaraşıqlı olacaq.
Eldar CƏBRAYILOV
Azərbaycan.- 2012.- 13 may.- S. 12.