“Eurovision”un Bakı büsatı ürəkləri
riqqətə gətirir
Azərbaycanın
"Eurovision-2012" mahnı yarışmasına ev sahibliyi etməsi bütün Avropanın diqqətini ölkəmizə yönəltdi.
Bu təntənəli mərasimdə iştirak edən xarici qonaqlar, əcnəbi jurnalistlər Bakının
füsunkarlığından, gözəlliyindən, şəhər
əhalisinin qonaqpərvərliyindən
ağızdolusu və
sevinclə danışırlar.
Bu gün Bakı
dünyanın musiqi mərkəzinə çevrilib.
Bakının bu xoş büsatı
ömrünü-gününü Azərbaycan mədəniyyətinin
inkişafına bağlamış
korifey sənətkarlarımızın
ürəyini fərəh
hissi ilə doldurur. Onlar paytaxtımızın
20 il ərzində müxtəlif tədbirlərə,
konfranslara, simpoziumlara
məharətlə ev
sahibliyi etdiyini dilə gətirərək
bu gün
"Eurovision-2012"yə qatılan insanlara göstərilən
lütfkarlıqdan, diqqətdən,
qayğıdan ehtiramla
danışırlar.
Arif BABAYEV, xalq artisti:
- Ömrümü muğama bağlamışam. İllərdir ki, bu əsrarəngiz mənəvi sərvətimizin təbliğatçısıyam. Ürəkdən sevinirəm ki, bizim bu qədim muğamlarımızın yeni mərhələsi başladı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqəti sayəsində biz sənətkarların yaradıcılığında yeni üfüqlər göründü. Çox diqqətəlayiq hadisədir ki, indi Bakıda keçirilən "Eurovison-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin rəhbəri də məhz ölkəmizin birinci xanımıdır. Açıq deyəcəyəm. Bu yaşıma kimi şəhərimizdə belə büsat və bu qədər çox qonaq görməmişəm. Deyə bilərsiniz ki, Bakı həmişə qonaqlı-qaralı olub. Məsələ ondadır ki, indi Avropanın hər yerindən Bakıya gələnlər məhz musiqi yarışmasına görə şəhərimizə üz tutublar. Bir xanəndə kimi mən bunu alqışlayıram. Axşamlar Dənizkənarı parka çıxanda işıqlarla bəzənmiş şəhərimizin alışıb-yanan siması, dalğalanan üçrəngli bayrağımızın əzəməti, insanların çöhrəsindəki sevinc, əcnəbilərin heyrət dolu baxışları ömrümə ömür qatır. Deyirsən ki, yaşamağa dəyər! Bu "Eurovision-2012" həyatımıza yeni bir nəfəs, sevinc gətirdi.
Nəzakət TEYMUROVA, xalq artisti:
- Tale elə gətirib ki, son illər xarici ölkələrdə keçirilən mədəniyyət günlərində, digər musiqi festivallarında iştirak edirəm. Hər dəfə də ürəyimdən keçirdi ki, kaş məndən soruşmayalar ki, Azərbaycan haradır? Biz xarici ölkələrin əksəriyyətinin adlarını bilir, coğrafiyasına, siyasi quruluşuna bələd olmağa çalışırıq. Vaxt var idi Azərbaycanı nəinki Avropada, heç müsəlman ölkələrində də yetərincə tanımırdılar. Bir ifaçı kimi qürur və fərəh hissləri keçirirəm ki, bu gün bütün Avropanın diqqəti Bakıya yönəlib. Hətta paytaxtımıza gələn avropalılar etiraf etməkdən çəkinmirlər ki, Bakı dünyanın ən gözəl, bənzərsiz, qeyri-adi şəhəridir. Biz cəmi beşinci dəfədir ki, bu yarışmaya qatılırıq. Hər dəfə də ifaçılarımız yüksək nəticələr əldə ediblər. İndi də Avropanın böyük həvəslə, coşqu ilə izlədiyi mahnı müsabiqəsinə ev sahibliyi edirik. Nəticəsindən asılı olmayaraq mən Azərbaycanı qalib sayıram. Bu cür söyləməyə əsasım var. Təmsilçilər də, müşahidəçilər də, jurnalistlər də bir fikri tez-tez vurğulayırlar: kaş bu şəhərə bir az tez gəlmiş olardıq. Yaxud da, deyirlər ki, yarışmadan sonra bir həftə də artıq qalacaqlar. Bütün bunlar isə Bakının tolerant, təhlükəsiz şəhər, insanlarının mehriban və qonaqpərvər olması ilə bağlıdır.
Mənsum İBRAHİMOV, xalq artisti:
- Həqiqətən də musiqinin gücü qarşısında siyasət acizdir. Bir göz qırpımında ən çətin zirvələri fəth edir. İllərdir ki, biz başqa ölkələrdə keçirilən bu yarışmanı müşahidə edirdik. İndi bir muğam ifaçısı kimi "Eurovision-2012"nin Azərbaycanda baş tutması bizi hədsiz sevindirir. Avropa musiqiçiləri ilə bizim ifaçılar arasında qurulan bu körpünün əbədi olmasına inanıram. Bu, adi musiqi yarışması deyil. Avropanın bütün diqqəti Bakıya yönəlib. Qətiyyətlə deyirəm, bu gün bizim doğma şəhərimiz qeyri-rəsmi surətdə Avropa mədəniyyətinin paytaxtıdır. İstər təmsilçilərin, istərsə də gələn qonaqların tərkibi ilə maraqlananda qürur duyuram. Onlar həm də bizim mədəniyyətimizlə, əhalimizin həyat tərzi ilə yaxından tanış olacaqlar. Əcnəbilər təkcə ifaçılıqla məşğul deyillər. Onlar vətənlərinə qayıtdıqdan sonra öz fikirlərini də ölkələrində danışacaq, təəssüratlarını bölüşəcəklər. Hər görüş bir tanıdım missiyasının yerinə yetirilməsidir. Bakının gecələri o qədər qeyri-adidir ki, ondan ayrılmaq və doymaq olmur. Bu gözəlliyi duyanlar yəqin ki, onu yaradanların da hansı qəlbə, istedada, ürəyə malik olduqlarını unutmayacaqlar.
Ramiz QULİYEV, xalq
artisti:
- Həmişə tarımı sinəmə sıxaraq milli musiqimizi, muğamlarımızı ifa etmişəm, ölkələr dolaşmışam. Həmişə də xəyalımdan keçib ki, kaş Bakını bütün dünya tanıyardı. Maraqlıdır ki, biz harasa gedib özümüzü tanıtmırıq. Bizi tanımaq istəyənlər bu dəfə özləri paytaxtımıza qonaq gəliblər. Bu yarışmanın qeyri-adiliyi və bənzərsizliyi haqqında çox danışılacaq. Mənə elə gəlir ki, "Eurovision" yarışmasının tarixində Bakı büsatı əvəzsiz olacaq. Bu, bir tarixi hadisəyə çevriləcək. Bizim də sənət dostlarımızla birlikdə "Eurovison-2012" musiqi yarışmasına öz töhfəmiz olacaq. Müxtəlif alətlərdə musiqi ifaçılığı ilə məşğul olan tanınmış sənətkarlar xarici musiqiləri özümüzə məxsus şəkildə qonaqlara çatdıracağıq. Məqsəd budur ki, musiqinin həqiqətən dili yoxdur. Onun harada doğulmasından, kim tərəfindən ifa edilməsindən asılı olmayaraq sərhədləri aşmaq, qəlbləri fəth etmək qüdrəti var. Mən üzümü xalqıma tutaraq ürəklə deyirəm: Gözünüz aydın olsun! Dünyada musiqidən gözəl nə ola bilər? Qoy hamınızın evindən bu qeyri-adi sərvətin ürək açan melodiyaları eşidilsin. "Eurovision-2012" Azərbaycan mədəniyyət tarixinə yeni naxışlarla həkk olunsun!
"Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla əlaqədar Mehriban xanım Əliyeva "Trend" agentliyinin suallarını cavablandırarkən belə bir məsələyə toxunmuşdu: "Çoxsaylı qonaqlarımız görəcəklər ki, Bakı necə gözəldir, tarixi və mədəniyyət abidələrini ziyarət edəcək, Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi küçələrdən keçəcəklər. Onlar xalqımızın mehribanlığına və qonaqpərvərliyinə əyani şəkildə əmin olacaqlar". Bu fikir gerçəkləşdi. İnanırıq ki, "Eurovision-2012" başa çatdıqdan sonra Azərbaycanı tərk edənlər həqiqətən də öz qəlblərində alov zərrəciyi aparacaqlar.
F.XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 24 may.- S. 6.