İndi dünyada milyonlarla insanAzərbaycandeyir

 

 "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi Azərbaycanın mədəni həyatında son dərəcə əlamətdar bir hadisədir. Bu müsabiqə bir mahnı yarışması olsa da, yalnız mədəni cəhətdən deyil, həm   siyasi ideoloji baxımdan əhəmiyyət kəsb edir.

Azərbaycan "Eurovision-2011" müsabiqəsindəki qələbəsi ilə özünün zəngin mədəni irsə malik olduğunu bütün dünyaya sübut etdi. Zəngin mədəni irs dedikdə, xalqımızın istər ədəbiyyat, istər tarix, istər memarlıq, istərsə də  musiqi sahəsində çox qədim ənənələrə malik olduğu nəzərdə tutulur. Sadəcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan muğamı bəşəriyyətin musiqi xəzinəsində ən qiymətli incilərdən biridir. Məhz belə qədim mədəni ənənələr əsasında tərbiyə olunan müasir gənclərimiz mütərəqqi Avropa ölkələrinin də iştirak etdiyi beynəlxalq müsabiqələrdə və yarışmalarda öz ölkəsini layiqincə təmsil edir, əksər hallarda qalibiyyət əldə edirlər. "Eurovision-2012" müsabiqəsi bunu sübut edən qüvvətli bir dəlildir.

Ölkəmizin bu mahnı müsabiqəsinə çox az müddətdən bəri qatıldığına baxmayaraq, məhz "Eurovision" sayəsində bu günə qədər Azərbaycan haqqında heç bir coğrafitarixi informasiyası olmayan insanlar belə indi respublikamızın qonağıdır və ölkəmizin həyatı, xalqımızın adət-ənənələri ilə tanış olmağa və hətta Azərbaycan dilini öyrənməyə çalışırlar.

"Eurovision" müsabiqəsinin Bakı şəhərində keçirilməsi milyonlarla insana Azərbaycan musiqisini tanıtmaqla yanaşı, ölkəmizin iqtisadisosial həyatının bütün sahələrində sürətlə artmaqda olan uğurlarını da nümayiş etdirir.

Bu günlərdə mən "Eurovision" haqqında televiziya reportajlarını müntəzəm olaraq izləyirəm. Bu reportajlarda  müsabiqə iştirakçılarının və onları müşayiət edən qonaqların Bakı, xalqımızın mehribanlığı və qonaqpərvərliyi, səmimiyyəti, yüksək ziyalılığı haqqında müsbət təəssüratlarını gördükdə, mən vətənimlə və onu qısa müddət ərzində iqtisadi cəhətdən belə güclü və müstəqil bir dövlətə çevirmiş, çiçəklənən bir respublika yaratmış Prezidentlə və xalqımla fəxr edirəm.

 

 

Bəhram ƏSGƏROV

 

Azərbaycan.- 2012.- 24 may.- S. 6.