Bakının tacı

 

Bakı bulvarındayıq. Gecə saat 12-yə bir neçə dəqiqə qalıb. Quşlarlın uça bildiyi yüksəklikdən də bir qədər yuxarı qalxıb Bakı Dənizkənarı Milli parkı seyr etsəniz, uzunluğu kilometrlərlə ölçülən sahil zolağında sayrışan saysız-hesabsız işıqları Xəzər adlı bir gözəlin belində  bərq vuran büllur qaşlarla bəzədilmiş qızıl kəmərə bənzədəcəksiniz. Bu yüksəklikdən dənizdəki fəvvarənin, "Crystal Hall"un, "Alov qülləsi"nin və Qız qalasının nura qərq olan gecə görünüşləri xüsusilə diqqət çəkir. Nağılvari səhnələri qarşısında özündən, yaşından və içindəki duyğulardan asılı olmayaraq, romantik bir mənzərənin əsirinə çevrilirsən. Vaxtzaman burada sanki dayanır, əbədi mənasını itirir və ayrı ölçülər, ayrı düşüncələr ruhuna hakim kəsilir. Minlərlə sayrışan işıq, dənizdən - "Crystal Hall"dan göyə, buludlara qədər ucalaraq müxtəlif fiqurlar cızan işıq selləri və sahilin kənarına gəzintiyə çıxan on minlərlə insan harmonik bir vəhdət təşkil edir. Özünü böyük bir təntənənin, tarixi bir tədbirin iştirakçısı kimi hiss edib dəniz kimi dalğalanan insan selinə qarışırsan. Bu təkrarsız mənzərənin kövrəkliyinə, həzinliyinə və incəliyinə biganə qalmaq qeyri-mümkündür!

Gecə yarıdan keçir. Ötən əsrin 60-cı illəri yadıma düşür. Radioda Azərbaycanın himni çalınar, verilişlər dayanar və Bakı Xəzərin qucağında uşaq kimi şirin yuxuya gedərdi. Küçələr boş və kimsəsiz qalar, işıqlar sönər, səs-küy kəsilərdi. Milis işçiləri isə bulvarı xəlvət künclərdəki oturacaqlarda "ilişib qalanlardan" təmizləyərdi.

Müstəqilliyimizin 20 ili ərzində yaşı əsri keçən Bakı bulvarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü və qayğısı sayəsində təkrarolunmaz memarlıq nümunəsinə, kamil sənət əsərinə çevrildi. İndi o artıq  dünyanın nadir möcüzələrindən biri sayılır.

Nazirlər Kabineti yanında Bakı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla Azərbaycan bayrağının altında görüşəndə gecə saat birin yarısı idi. Ölkənin paytaxtında keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi hamını həm məsuliyyətli, həm də diqqətli olmağa sövq etdiyindən Nazim müəllimin də günü o başdan gecə yarısınadək davam edir. Yorğun olsa da, ürəkdolusu danışır:

- Dünyanın əksər xalqlarında belə bir adət var ki, mənzilin bir otağını qonaqlar üçün nəzərdə tutub məxsusi bəzəyirlər. Bu baxımdan hesab edirəm ki, artıq Dənizkənarı Milli Park da xalqımızın qonaq evidir. Azərbaycana kim gəlirsə, gəlsin  adi turistdən tutmuş ən böyük siyasi xadim, dövlət başçısına kimi - ölkəmizin ən maraqlı yerlərini ziyarət etsə belə, bulvara baş çəkməmiş səfərini bitmiş hesab etmir. Ona görə ki, bura nəinki ölkə vətəndaşlarının, həm də bütün əcnəbi qonaqların ən sevimli yeridir. Dəfələrlə ölkə Prezidenti qeyd edib ki, Bakı Dənizkənarı Milli Parkı dünyanın ən gözəl bulvarıdır. Prezident Administrasiyasının tapşırığı ilə bir neçə dövlət başçısını, Rusiya Federasiyasından qubernatorları, nüfuzlu beynəlxalq qurumların təmsilçilərini Bakı bulvarında özüm müşayiət etmişəm. Mötəbər qonaqların hamısı dünyanın ən böyük şəhərlərindəki dənizkənarı parklarından bizim bulvarın daha gözəl, daha maraqlı və cəlbedici olduğunu etiraf ediblər.

Nazim müəllimlə sağollaşıb gəzintiyə davam edirəm. Həqiqətən də, dünyada okean, dəniz və çay sahillərində yerləşən onlarla böyük və qədim şəhərlərdə sahil zolaqlarından Bakıdakı kimi səmərəli istifadə olunmayıb. Dörd kilometr uzunluğunda olan dənizkənarı bulvara, 10 kilometr uzunluğunda ərazi əlavə edilib. Bu yerlər abadlaşdırılıb, müasir bağ memarlığının incəliklərinə uyğun inşa edilib, gözəlləşdirilib. Dövlət Bayrağı Meydanı, "Crystal Hall"un ətrafı bulvara qatılıb, Zığ şosesi istiqamətində Dənizkənarı parkın genişlənməsi nəzərdə tutulub. Görülən və görüləsi işlərin miqyasını düşündükcə qürrələnirsən, şəhərin və vətəninlə fəxr edirsən!

Birinci Bakı Humanitar forumunun iştirakçısı, "İzvestiya" qəzetinin keçmiş baş redaktoru Vitali Abramovun hələ iki il bundan əvvəl bulvarın gözəlliyinə necə heyran qaldığını xatırlayıram. Onun elə burada - Azərbaycan bayrağının altında dediyi sözlər indi də yadımdadır: "Dünyanın dənizkənarı parklarının əksəriyyətində olmuşam. Ən gözəli Neapol bulvarı sayılır. Lakin Bakı bulvarı daha gözəl, daha ecazkar, daha təmtəraqlıdır. Burada insanlar da fərqlidir, mehriban və qayğıkeşdirlər, bu məkanın gözəlliyini tamamlayırlar. Neapolda insanların zahiri görkəmi başqadır, sizinkindən fərqlidirlər".

Özümü insan selinə qarışan izdihamda bir zərrə kimi hiss edirəm. Gecə saat ikiyə işləyir. Göy qaranlıq, səma buludlu olsa da, sahil boyu düzülən dirəklərdə yanan adi işıqlar da göydən qopub yerə qonan ulduzları xatırladır. Bu həzin və kövrək səhnələrdən heç kim ayrılıb evinə getmək istəmir. Sahil boyu gəzişən insan selinin ucu-bucağı yoxdur!

Onların arasında xaricilər, o cümlədən "Eurovision-2012"  mahnı müsabiqəsinin iştirakçıları da az deyil. Bir dəstəyə yaxınlaşıb fikirlərini öyrənirəm. Kiyevdən gəliblər. İnanılmaz dərəcədə gözəl şəhərdə olduqlarını etiraf edirlər. Onlardan biri isə özünü Lena kimi təqdim edərək deyir:

- Maraqlı ölkədir, bizdə bayram ərəfəsində və ya belə tədbirlərdə sərxoş adamlar daha çox gözə dəyirlər. Kilometrlərlə uzanan bulvarda bir nəfər də olsun içkili kişiyə rast gəlmədik! Sizin xanımlara həsəd aparmaq olar!

 Dənizkənarı parkda inanılmaz  gurluq, ağlasığmayan bir izdiham var. İynə atsan, yerə düşməz! Elə bil bütün şəhər dənizin kənarındadır. Qocalar, cavanlaruşaqlar! Bütün yaşdan olan adamlara rast gəlmək olur. Adi gün olmasına baxmayaraq, bulvar sanki bayram əhval-ruhiyyəsindədir. Nəvələri ilə gəzişən baba və nənələr, uşaqlarını kolyaskalarda gəzdirən gənc ailələr həzin gecənin  gözəlliyini artırırlar. Dəstə ilə - dörd-beş uşaqla burada dincələn böyük ailələr də az deyil. Tək və ya rəfiqəsi ilə gecənin sakitliyindən zövq alan qız uşaqları, rolikvelosiped sürənlər də kifayət qədərdir. Gecə yorğun-yorğun sübhə doğru addımlasa da, insan axını seyrəlmir, gəzişənlərin üzünün ifadəsindən anlamaq olur ki, heç kim heç yana tələsmir! Elə bil doğrudan da hamı öz evindədir.

Özünü şəhərin sakini kimi təqdim edən  İman kişi nəvəsi ilə gəzməyə gəlib:

- Yaşım 60-ı keçsə də, yadıma gəlmir ki, gecə şəhərə gəzməyə çıxım! Həm də bizim cavanlığımızda evdə desəydin ki, bulvara gəzməyə gedirsən, soruşardılar ki, başına at təpməyib ki? İndi isə nəvəmlə gəlmişəm. Dəyişən tək zaman deyil, zövqümüz, əxlaqımız, dünyagörüşümüz dəyişib! Bu yeniliklərin kökündə bulvarın simasının dəyişməsi, dövlətin öz vətəndaşlarının istirahətinin təşkilinə qayğısı dayanır.

Onu da deyək ki, təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb. Dənizkənarı parkda kifayət qədər nəzarət kameraları qurulub, "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı müşahidə kameralarının sayı bir qədər də artırılıb. Eyni zamanda, Daxili İşlər Nazirliyinin post-patrul xidməti burada gecə-gündüz keşik çəkir. Ondan başqa, Nazirlər Kabineti yanında Bakı Dənizkənarı Bulvar İdarəsinin 80 nəfərlik mühafizə xidməti də asayişin qorunmasında yaxından iştirak edir. Nazim müəllim bayaqkı görüşümüzdə bu barədə bir qədər ətraflı danışaraq demişdi: "Bilirsinizmi, bizim mentalitetimizin ziyanlı bir tərəfi olub. Qadının istirahət parkında tək gəzməsi, yumşaq desək, pis başa düşülüb. Lakin indi özünüzgörürsünüz ki, gecə yarıdan ötsə də, bulvarda cavan qız da, qadın da tək gəzir, istirahət edir, dincəlir və heç kim ona bir söz belə deyə bilməz! Bu ona görədir ki, biz onları qoruyuruq. Yəni bulvarın bugünkü ab-havası, sağlam mühiti, insanların bir-biri ilə əxlaq çərçivəsində davranışı, şəhər etiketini gözləməsi  bir neçə illik əziyyətimizin bəhrəsidir. Bizim qadınlarımız, qızlarımız  rahat gəzirlər. Onlar əmindirlər ki, burada kiməsə qarşı yersiz hərəkətə yol verilə bilməz, çünki Bakı bulvarı mühafizə olunur, qorunur, nəzarətdədir".

Gecə saat üçə işləsə də, Bakı Dənizkənarı Milli parkdan ayrılmaq olmur. İnsan axını tədricən seyrəlir, bu gecənin nağıl tamaşası başa çatır. Kiçik maşınlar bir neçə yerdən bulvarı süpürməyə başlayırlar. Lakin yenə də qadınlar, qızlar, lap xırda uşaqlar da gözə dəyirlər. Dincələnlərin sayı azaldıqca bayaqdan o qədər də nəzərə çarpmayan polislər, bulvarın təhlükəsizlik xidmətinin işçiləri və birmülki geyimdə xüsusi nişan taxıb asayişi qoruyanların yetərincə olması diqqəti cəlb edir.

Mühafizə xidmətinin əməkdaşlarından biri Cəlal Xanməmmədov artıq bir ilə yaxındır ki, burada işlədiyini deyir:

- Bəzən elələri olur ki, gül bağçalarına girirlər, ya da dəmir məhəccərlərin üstündə oturub şəkil çəkdirmək istəyirlər. Yersiz hərəkət edən, davranışına hədd qoymayan da tapılır. Hamısını intizama dəvət edirik, lazım gələndə polis işçiləri də bizə kömək edirlər. Lakin insanlar tədricən dəyişir və xoşagəlməz hadisələr əvvəlki illərdəki qədər təkrar olunmur. 

Daxili İşlər Nazirliyinin əməkdaşlarından biri isə təhlükəsizliyin yüksək səviyyədə gözlənildiyini bildirdi:

- İnsanlar nəzakətli, polis isə tələbkardır.

Mənim "Bulvarvaxt boşalacaq" sualıma isə gülümsəyərək lakonik cavab verdi:

- Gözləməyin, Dənizkənarı park heç vaxt boş qalmır.

Gecə səhərə qədər burada ən çox rast gəlinən mənzərə insanların şəkil çəkdirməsi oldu. Fotoaparatların sayı-hesabı yox idi. Hamı xoşuna gələn mənzərənin yanında tək və ya iki-bir, üç-bir dayanaraq şəkil çəkdirirdi. Buradan gedən hər kəs Bakı Bulvarının bir parçasını qiymətli xatirə kimi fotokamerasının yaddaşına həkk edəcək, ürəyində aparacaq.  Qeyri-ixtiyari göyə yüksəlmək, bu şəhərə ucalıqlardan baxmaq arzusu yenidən adamın içində baş qaldırır.

Vətən necə gözəl, necə şirin olurmuş!

Zamanın, insan ömrününbir də vətəndaş qürurunun süzgəcindən keçən hisslərlə Bakı bulvarı haqqında düşünürsən. Zövqümüzü oxşayan, yaddaşımıza bir sənət əsəri kimi həkk olunan bu məkan hər birimizə dövlət tərəfindən bəxş edilən ən qiymətli hədiyyədir.

Bakı Dənizkənarı Milli parkı başımızın tacıdır!

 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2012.- 24 may.- S. 8.