Regional konfrans keçirilmişdir

 

 Şəmkir rayonunda İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Gəncə-Qazax regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, sahibkarlar adamları iştirak etmişlər.

Konfransı giriş sözü ilə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov açaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu bildirmişdir. Daha sonra ölkəmizdə aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalının beynəlxalq standartlara uyğun hazırlanmasının, habelə qabaqcıl təcrübənin tətbiq olunmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, son illər dövlət dəstəyi sahənin rəqabət qabiliyyətinin artırılmasına, məhsul istehsalının artırılmasına böyük imkanlar yaradıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək son illər respublikamızın qərb bölgəsində aparılan quruculuq-abadlıq işlərindən, yeni yaradılan istehsal, emalinfrastruktur sahələrindən, bu sahədə sahibkarların rolunun daha da artmasından söz açmış, həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir.

İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov, Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşı Camal Məmmədov ölkədə aparılan məqsədyönlü və düşünülmüş iqtisadi siyasət nəticəsində qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən danışmışlar.

İİN-nin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rofət Hüseynəliyev elmi-tədqiqatların nəticələrindən istifadə etməklə innovasiyalı sahibkarlığın inkişafı və Gəncə-Qazax iqtisadi rayonunun potensialı barədə məlumat vermişdir. O bildirmişdir ki, aparılan tədqiqatların praktiki əhəmiyyətinin artırılması üçün elmi-tədqiqat və layihə institutları ilə təsərrüfat subyektləri arasında əlaqələrin daha sıx qurulmasının təmin edilməsi xüsusi önəm kəsb edir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış, fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 24 may.- S. 9.