Ekoloqlar peşə bayramlarını qeyd etmişlər
Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramı münasibətilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər. Sonra onlar Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad etmişlər.
Daha sonra nazirlikdə peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan nazir Hüseyn Bağırov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirmiş, nazirliyin fəaliyyət göstərdiyi 11 il ərzində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxışında nazirliyin kollektivini peşə bayramı münasibətilə təbrik etmiş, eləcə də ekoloji problemlərin həlli sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. YAP rəsmisi həmçinin 2012-ci ilin yanvar ayında ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində Azərbaycanın yüksək yerdə qərarlaşmasını da görülən işlərin nəticəsi kimi qiymətləndirmişdir.
Respublika Prezidentinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında 22 may 2012-ci il tarixli sərəncamlarına müvafiq olaraq nazirliyin bir qrup əməkdaşı "Dövlət qulluğunda fərqlənməyə görə", "Tərəqqi" medalları və "Əməkdar mühəndis" fəxri adı ilə təltif olunmuşlar. Həmçinin nazirliyin bir qrup əməkdaşı fəxri fərmanlarla təltif edilmişlər.
Sonda nazirliyin işçilərinin ölkə Prezidentinə müraciəti qəbul olunmuşdur.
Məlumatı Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin mətbuat
xidmətindən almışıq.
Azərbaycan.- 2012.- 24 may.- S. 9.