Dinamik inkişafın miqyası ilə seçilən bölgə

 

Qarabağın dilbər guşəsi olan Ağcabədiyə yolu düşən hər kəs burada baş verən möhtəşəm yeniliklərə heyrətini gizlədə bilmir. Son illər bu bölgədə çox  dəyişikliklər olub. Hər kəsin gedib-gəldiyi yoldan tutmuş bölgə sakinlərinin psixologiyasına, həyata baxışına, düşüncə tərzinə kimi diqqət çəkən yeniliklər baş verib. Rayon mərkəzi indiki yaraşığı və gözəl görkəmi ilə müasir Avropa şəhərlərindən heçgeri qalmır. Prospekt və küçələr başdan-başa yaşıllığa bürünüb. Yazın bu gül çağlarında şəhər gülüstanı xatırladır. Həvəsə, istəyə bax ki, işıqlandırma dirəklərindən də gül-çiçək dibçəkləri asılıb. Küçələrdə zibil, hər hansı tullantı görmək isə qeyri-mümkündür. Şəhərdə göz çəkən gözəlliklərin mərkəzi isə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkıdır. Nadir bəzək ağaclarının, ən gözəl güllərin, al-əlvan çiçəklərin yer aldığı bu məkan müqəddəs ziyarətgah olmaqla yanaşı asudə vaxtın son dərəcə mənalı keçirilməsinə imkan verən istirahət guşəsidir.

Şəhər sakini Qəni Cəfərovla  elə Heydər Əliyev adına parkda görüşüb tanış olduq. Ömrünün ixtiyar çağını yaşayan nur çöhrəli bu ağsaqqal parka nəvələri ilə gəlmişdi. Uşaqlar həmyaşıdları ilə gül-çiçəklərin arasında qayğısız-qayğısız oynaşır, baba isə oturub dincəlir, ürəkaçan, gözoxşayan mənzərəyə baxıb zövq alırdı. Dünəndən, bugündən danışdıq, sabaha fikir körpüsü saldıq. Qəni müəllim səmimi danışır, ürəyindən keçənləri həvəslə dilə gətirirdi:

- İndi yaşamalı dövrandı. Bu inkişafı, yüksəlişi görəndə adamın qəlbi qürurla dolur. Məlumatım var ki, ölkəmizin bütün bölgələri dəyişib, gözəlləşib. Amma bizim doğma Ağcabədidə özgə büsat var. Vətəndaşlarının firavan yaşaması üçün dövlətimiz lazım olduğundan da artıq işlər görür. Prezident İlham Əliyev Ağcabədiyə səfərləri zamanı rayonumuzda görülən yeni quruculuq işlərini yüksək qiymətləndirir. Dövlətimizin başçısı gördü ki, ağcabədililər onun hər bir tapşırıq və tövsiyəsini necə məsuliyyətlə yerinə yetirirlər. Mən bunun canlı şahidiyəm. Rayonumuzda gözoxşayan yaxşı nə varsa, hamısı son illərin məhsuludur. Gözəlləşən təkcə küçələrimiz, parklarımız deyil, bütövlükdə həyatımızdır. Ocağımız gur, təknəmiz bol çörəkli olub. Təbii qazın verilməsi hər evə, hər ailəyə rahatlıq gətirib. Tez-tez yanıb-sönən işıqla bağlı yaşadığımız problemlər artıq acı xatirəyə çevrilib. Su təminatından heç bir narazılıq yoxdur. Başqa kommunal xidmətlər də öz qaydasındadır. Ədalət naminə demək lazımdır ki, həyatımızı gözəlləşdirən, yaşamağa həvəs verən bu işlərin mayasında dövlət qayğısı dayanır. Biz yaşlı nəsil həyatın hər üzünü görmüşük. Bir vaxtlar həyətdə quraşdırılmış dəmir çardağa, yaxud sənədi olmayan darvazaya görə adamı həbs edirdilər. İndi gözəl zamandı. İnsanlara çox sərbəstlik verilib. Qabiliyyəti, bacarığı olanlar şah kimi yaşayırlar. Ağcabədidə ailələr tanıyıram ki, qapısında 2-3 minik maşını var, saraydan seçilməyən iki-üç mərtəbəli evlərdə yaşayırlar. Buna sevinmək, şad olmaq lazımdır. Amma az da olsa, elələri var ki, müxtəlif bəhanələrlə işləməkdən yayınır, köhnə düşüncə tərzi ilə oturub hər şeyi dövlətdən gözləyir. Axı, dövlət bundan artıq nə etməlidir?! Biz rayon, kənd adamıyıq. Torpaq neçə ildir ki, verilib kəndliyə, üstəlik, kəndli vergilərdən də azad olunub. Hələ əkin-biçinlə məşğul olan kəndliyə verilən yardımları, güzəştli şərtlərlə satılan gübrələri, məhsuldar cinsli mal-qaranı demirəm. Doğrusu, fərəsəti olanlar ailə-uşağını da yığıb başına işləyir və yaxşı da qazanır. Yaxşı dolanışıq belələrinin halal haqqıdır. Dövlətimizin də istədiyi budur: adamlar səmərəli işləsinlər, çox qazansınlar və firavan yaşasınlar. Bir məsələni deyim: ailədə minik maşınının olması dolanışıq səviyyəsinin bir göstəricisidir. Rayonumuzda minik maşınlarının sayı aydan-aya sürətlə artır. İndi Ağcabədinin mərkəzi küçələrində günün müəyyən saatlarında, Bakıda olduğu kimi, tıxac yaranır. Bu, artan imkanlarımızın göstəricisi kimi qəbul edilməlidir.

Qəni Cəfərov sözünü fırlayıb yenə də bu gün ağcabədililərin sevimli yerinə çevrilmiş Heydər Əliyev parkının üstünə gəldi. Dedi ki, burada əyləşib yaşıllıqlara, al-əlvan çiçəklərə baxanda gözlərim dincəlir, rahatlıq tapıram. Burda tez-tez maraqlı konsertlər təşkil olunur. O zaman parkda adam əlindən tərpənmək olmur, necə deyərlər, iynə atsan yerə düşməz. Belə də olmalıdır. Axı, bura dahi Üzeyir bəyin vətənidir. Qarabağlılar çörəksiz, susuz yaşaya bilər, amma musiqisiz yox...

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin həyata keçirilməsində Ağcabədi nümunəsi diqqət çəkəndir. Dövlətin sosialyönümlü daxili siyasəti bu cəbhə bölgəsində yüksək vətəndaşlıq mövqeyindən yaradıcılıqla reallaşdırılır. Dövlətin ali məqsədi olan adamların həyat səviyyəsini daha da yaxşılaşdırmaq, firavan yaşayışı təmin etmək Ağcabədi Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas istiqaməti müəyyən edir. Qarabağın bu dilbər guşəsi ilə sıx təmasda olanlar son altı ili Ağcabədinin yeni intibah dövrü adlandırırlar. Respublika Prezidenti İlham Əliyevin bu bölgəyə hər səfəri rayonda sosial-iqtisadi inkişafa sözün həqiqi mənasında təkan verir. Dövlət başçısı rayonda görülən genişmiqyaslı quruculuq işlərini, davamlı inkişafı yüksək qiymətləndirərək demişdir: "Ağcabədi rayonunda aparılan quruculuq-abadlıq işləri məni sevindirir. Çox şadam ki, burada işlər yaxşı gedir, böyük işlər görülür". Əlbəttə, Prezidentin baxışı fəal vətəndaş mövqeyinə, doğma vətənin tərəqqisi, yüksəlişi naminə edilən fədakarlığa verilən dəyərdir. Bu dəyər, bu qiymət isə ağcabədililərin qollarına yenilməz güc, ürəklərinə yeni təpər, qurub-yaratmaq həvəsi verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan vəzifələrin uğurlu icrası bütün ölkədə olduğu kimi, Ağcabədidə də işgüzar mühiti canlandırmışdır. Bu aydın mövqedən həyata keçirilən məqsədyönlü tədbirlər hesabına rayonda yeni istehsal müəssisələrinin işə salınması, çox sayda yeni yerlərinin açılması, sahibkarlıq fəaliyyətinin müqayisəedilməz səviyyədə genişlənməsi reallığa çevrilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi, Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə verilən güzəştli kreditlərdən səmərəli istifadə nəticəsində pambıqçılıq, taxılçılıq və heyvandarlıq məhsulları istehsalı xeyli artmışdır. Rayonda sutkalıq gücü 250 ton olan "Atena" süd məhsulları kombinatı, sutkalıq istehsal gücü 20 ton olan Ağcabədi süd emalı zavodu, Ağabəyli 5000 tonluq taxıl məhsullarının saxlanması və təmizlənməsi üzrə anbar kompleksi tikilib istifadəyə verilmişdir. "Atena" markası ilə buraxılan məhsullar öz yüksək keyfiyyəti ilə bu gün daxili bazarda böyük rəğbət qazanmışdır. Xocavənd kəndində illik istehsal gücü 1500 ton olan ət kəsimi kombinatı, Aşağı Avşar kəndində tutumu 1000 ton  və Rəncbərlər kəndində 5000 ton olan iki ədəd soyuducu anbar tikilmişdir. Yerli sahibkarlar tərəfindən dekorativ plitələr istehsalı, plastikalüminium materiallardan qapı-pəncərə sexləri, kiçik mebel istehsalı, beton istehsalı müəssisələri, iki qum-çınqıl karxanası yaradılmışdır. 24,5 kilometr uzunluğunda Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu yenidən tikilərək istifadəyə verilmişdir.

Rayonda sosialyönümlü layihələr uğurla həyata keçirilməkdədir. Elektrik enerjisi ilə təchizatda illərdən bəri davam edən problem artıq aradan qaldırılıb. Əhalinin içməli su ilə təminatında diqqətəlayiq işlər görülüb. Rayonun kəndlərində təbii qaz çəkilişi sürətlə davam etdirilir. Ağcabədi şəhərində Avropa standartları səviyyəsində 205 çarpayılıq xəstəxana tikintisi bölgə əhalisində böyük razılıq doğurur. Olimpiya idman kompleksinin tikintisi gənclərə sevinc bəxş edib. Rayonda təhsilin maddi-texniki bazasının möhkəmlənməsinə, yeni məktəb binalarının tikintisinə artan dövlət qayğısı təhsildə əsaslı keyfiyyət dəyişikliyinə qoyulan etibarlı bünövrə kimi qəbul edilir.

Son illər Ağcabədi rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə Prezident İlham Əliyev 5 sərəncam  imzalamışdır. Bölgə əhalisinin həyat şəraitini yaxşılaşdırmağa yönələn dövlət qayğısı Ağcabədinin gündən-günə gözəlləşməsinin, abadmüasir görkəm almasının əsas şərtidir. Əlbəttə, bu yerin övladları əməksevər, qədirbilən, dövlətinə və Prezidentinə sədaqətli adamlardır. Xalqımızın ümummilli lideri Heydər Əliyev yaxşı tanıdığı bu bölgənin adamlarının xarakterini yüksək qiymətləndirərək demişdir: "Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən insanlardır". Ağcabədililər Heydər Əliyev siyasi kursuna çox sədaqətlidirlər. Ulu öndərə ürəklərdə yaranmış sonsuz məhəbbəti Ağcabədidə hər addımda hiss etmək mümkündür. Ümummilli liderin anadan olmasının 89-cu ildönümü rayonda əsl el şənliyi kimi qeyd edildi. Adamlar qovuşduqları firavanlığa, sabitliyə, əmin-amanlığa, xoş güzərana, doğma vətənimizi fəlakətlərdən qoruyub müstəqil Azərbaycan dövlətini bərqərar etdiyinə görə dahi rəhbərə sonsuz məhəbbət və ehtiramlarını bildirirdilər.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 24 may.- S. 10.