Mahnı və rəqslərin
beşiyi
Uzun illər el nəğmələri və xalq rəqsləri kimi ifa edilən elə musiqi incilərimiz var ki, onların yarandığı yer də, müəllifləri də məlumdur. Şuşa hələ qədim zamanlardan üzü bəri musiqimizin beşiyi sayılıb. Hətta belə bir ifadə var: "Qarabağda uşaqlar da "Segah" üstə ağlayar, "Zabul"da gülərlər". Böyük rus şairi Sergey Yesenin bu fikri daha da inkişaf etdirərək söyləmişdi: "Əgər oxumursansa, deməli, şuşalı deyilsən". Azərbaycan musiqisinin təşəkkülündə, inkişafında şuşalıların mühüm rolu məlumdur. Amma illərin sınağından çıxaraq bugünümüzə qədər gəlib çatan bir sıra xalq mahnılarımız, rəqslərimiz var ki, onlar məhz bu dilbər guşədə doğulublar.
Könlümüzü oxşayan
şərqilər
"Sarı bülbül" - geniş yayılmış bu xalq mahnısının maraqlı yaranma tarixçəsi var. Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetiriləndən sonra Qarabağ hökmdarı İbrahim Xəlil xan Cavanşir İranla münasibətlərini yoluna qoymaq üçün öz sevimli qızı Ağabəyim ağanı Fətəli şaha ərə verdi. Ağabəyim ağa da ömrü boyu vətən həsrəti ilə yaşadı. Könül dərdlərini bayatı, qoşma və qəzəllərlə dilə gətirdi. Şah Ağabəyim ağanın qəlbi şad olsun deyə Qarabağdan torpaq, müxtəlif gül-çiçək kolları, meyvə ağacları gətirərək bağ saldırıb. Hətta bağban da şuşalı olub. Bağın da adını "Vətən bağı" qoyublar. Ağabəyim ağa bu gözəl bağçanı gəzərkən bütün gülləri, çiçəkləri özünəməxsus sevgi ilə oxşayıb, ürəyi atlanıb. Amma Şuşadan uzaqda xarıbülbülün bitməməsindən məyus olaraq dərdini belə dilə gətirib:
"Vətən bağı" al-əlvandır,
Yox içində xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
Qərib bir diyarda vətən həsrəti ilə yazılan bu şeir az vaxt ərzində məşhurlaşıb, ağızdan-ağıza, dildən-dilə keçərək mahnıya çevrilib.
"İrəvanda xal qalmadı". Milli musiqimizin bəzəyi sayılan və uzun illərdir ki, xalq mahnısı kimi təqdim edilən "İrəvanda xal qalmadı"nın yaradıcısı bəllidir. Muğam ifaçısı Cabbar Qaryağdıoğlu bu məşhur mahnının həm sözlərinin, həm də musiqisinin müəllifidir. Bu mahnının yaranma tarixi belədir. Şuşalı Cabbar Qaryağdıoğlu İrəvan şəhərində varlı bir şəxsin oğlunun toy məclisini aparırmış. Bəy tərifi zamanı gəlinin atası yarızarafat-yarıciddi deyib ki, bayaqdan bəyi tərifləyirsən, bəs gəlini niyə vəsf etmirsən? Xanəndə gəlinin atasının sözünü yerə salmamaq üçün qızın nişanələrini soruşub. Öyrənib ki, gəlinin üzündə qoşa xal var. O zamanlar gəlini toy əhlinə göstərməzdilər. Cabbar Qaryağdıoğlu bədahətən ürəyindən gələn sözləri musiqiyə bələyərək həmin mahnını qoşub. Təsadüfən yaranan bu mahnının taleyi də uğurlu olub. Cabbar Qaryağdıoğludan sonra ustad xanəndələr "İrəvanda xal qalmadı"nı çox şövqlə oxuyublar. Dildən-dilə keçərək ellərə yayılan mahnı beləliklə öz yaradıcısının adı ilə deyil, el nəğməsi kimi məşhurlaşıb.
"Tiflisin yolları" - sözləri və musiqisi Cabbar Qaryağdıoğluna məxsus olan bu mahnı XIX əsrin sonlarında yaranıb. Xanəndə gənc yaşlarında nəinki Şuşada, Qarabağda, Cənubi Qafqazda, hətta İranın bir çox şəhərlərində toy məclisləri aparardı. Belə məclislərin biri də Tiflisdə olub. Bu şəhərin gözəlliyi, qədimliyi Cabbar Qaryağdıoğlunu valeh edib. Bu vurğunluğun ifadəsi olaraq "Tiflisin yolları" mahnısını yazıb. Bu mahnı dövrünun bir çox xanəndələri tərəfindən ifa edilib. Xalq mahnısı kimi məşhurlaşıb.
"Qəmərim". Xalq artisti Arif Babayevin ifasında dönə-dönə dinlədiyimiz bu məşhur mahnıdan heç doymaq olmur. Sevimli xanəndəmizin nəfəsindən qopan bütün muğam və mahnılar gözəldir. Amma gəlin etiraf edək ki, onun yaradıcılığında "Qəmərim"in yeri bambaşqadır. Arif Babayev bu mahnını özünəməxsus qəribə bir əfsunluqla ifa edir. El nəğməsi kimi tanınan "Qəmərim"in yaradıcısı unudulmaz Xan Şuşinskidir. O, Şuşanın Malıbəyli kəndində yaxın bir dostunun toy məclisini aparırmış. Həmin məclisdə xanəndənin diqqətini bir gözəl çəkib. Bəyin bacısı - saçları topuqlarına qədər dəyən Qəmər qardaşının toyunda su sonası kimi süzürmüş. Onun qeyri-adi rəqsi Xanı məftun edib. Elə oradaca bədahətən bu mahnını qoşaraq məclisdəki ağsaqqalların icazəsi ilə ilk dəfə o toyda oxumuşdur. O vaxtdan da "Qəmərim" uğurlu bir mahnı kimi elləri və dilləri dolaşır.
"Şuşa təsnifi" - bu da Şuşada yaranmış xalq mahnısıdır. İlk ifaçısı da məşhur xanəndə Məcid Behbudov (Rəşid Behbudovun atası) olub. Ötən əsrin əvvəllərində İngiltərənin məşhur "Qrammofon Rekords" şirkəti tərəfindən "Şuşa təsnifi" Məcid Behbudovun ifasında vala yazılıb. Val da elə "Şuşa təsnifi" adlanır.
"Qalalıyam, qalalı" - xalq artisti, dahi müğənni Rəşid Behbudovun ifasında dəfələrlə eşitdiyimiz bu mahnının da beşiyi Şuşadır. Sözləri və musiqisi görkəmli sənətkarımız Cabbar Qaryağdıoğluna məxsusdur. Şuşa qalasına həsr edilən, hər kəlməsindən iftixar və qürur duyulan, xalq mahnısı kimi məşhurlaşan "Qalalıyam, qalalı" bu gün də şövqlə oxunur.
"Qarabağın maralı" - xalq mahnısı kimi məşhurlaşan bu sənət incisinin sözləri və musiqisi şuşalı İsgəndərindir. Mahnı Qarabağ gözəli, teatr aktrisası Suğra Bağırova-Abdullayevaya həsr olunmuşdur. İlk dəfə 1951-ci ildə şuşalı xanəndə İsa Rəhimovun ifasında səslənib. Sonralar bir çox müğənnilər "Qarabağın maralı"nı böyük həvəslə oxuyublar. Bəzi hallarda da mahnının adını və sözlərini təhrif edərək "Azərbaycan maralı" kimi səsləndiriblər. Bu mahnının ən gözəl ifaçıları isə xalq artistləri - Sara Qədimova və Şövkət Ələkbərova olub.
"Şuşa yaylağı" - ötən əsrin ortalarnda yaranan bu mahnının da sözləri və musiqisi şuşalı İldırım Məhərrəmovundur. Birinci dəfə Şuşada səslənib. İlk ifaçıları xanəndə İsa Rəhimov və Hüsni Qubadovdur.
Toyların bəzəyi
"Vağzalı" - xalqımızın ən qədim və sevimli rəqslərindən biridir. XIX əsrdə Şuşada yaranıb. Rəqsin əsasını təşkil edən və əvvəllər "Qarabağın ağırı" adlanan bu qədim melodiya sonralar iki hissəyə şaxələnərək "Asta Qarabağı" və "Vağzalı" rəqslərinə bölünmüşdür. Son dərəcə zərif, ürəyəyatımlı, həzin melodiya onu ənənəvi toy rəqsinə çevirmişdir. Adətən, gəlin gətirərkən ifa edilir. Toyun bu məqamındakı şadlıq təntənəsinin, bir növ, rəmzi kimi səslənir. "Vağzalı" toyu daha da cazibəli edir. Son dərəcə lirik ahəngdə olan bu rəqs incəliklə, axıcı hərəkətlərlə ifa tərzi tələb edir.
"Uzundərə" - Azərbaycan xalq rəqslərinin sırasında möhtəşəm yeri olan bu melodiya da Şuşada yaranmışdır. "Uzundərə" haqqında müxtəlif rəvayətlər mövcuddur. Ağdamla Göytəpə kəndi arasında "Uzundərə" adlanan bir yer var. Rəvayətə görə, qədimdə ya Dağlıq, ya da Aran Qarabağa gəlin aparanda həmin dərədən keçər və bir qədər orada dincələrmişlər. Kişilər, qadınlar - yəni toy adamları vaxtlarını boş keçirməmək üçün musiqinin müşayiəti ilə oynayarmışlar. Bu rəqslərdən də birini - ən məşhurunu həmin yerin adı ilə "Uzundərə" adlandırmışlar. Onun coşqun sədaları altında adətən qızlar, gəlinlər, hətta qocalar da rəqs edirlər. Bu rəqsin də ahəngindəki lirik, melodik cazibə ifaçıdan aramlıq, incəlik tələb edir. Olduqca zərif, emosional musiqiyə, xoreoqrafik kompozisiyaya malik olan "Uzundərə" üçün süzmə və digər maraqlı hərəkətlər xarakterikdir. Qədimdə bu rəqsi əsasən gəlin gətirilən vaxt çaldırar və qadınlar ifa edərdilər. Bəzi bölgələrdə isə bu rəqsi ancaq kişilər, yaxud da qadınla kişi oynayırlar. Mülayim tempə malik olan "Uzundərə"nin məqam əsası "Şüştər"dir. Çox geniş yayılan xalq rəqsimizdir. Dahi Üzeyir Hacıbəyli də "O olmasın, bu olsun" operettasında bu xalq rəqsinin melodiyasından istifadə etmişdir.
"Tərəkəmə" - maraqlıdır ki, bu xalq rəqsi də Şuşada yaranmışdır. Rəqsin mənşəyi Azərbaycanda qədimdən məskən salmış tərəkəmə tayfasının adı ilə bağlıdır. Bu rəqsi Qarabağda yaşayan tərəkəmə camaatının özü yaratmışdır. Bu rəqsin də iki variantı mövcuddur. Birinci variant tərəkəmələrin özlərinin yaratdığı aram və vüqarlı rəqsdir. Bu, əsasən Qarabağda geniş yayılmışdır. Bunu yalnız qadınlar oynayırlar. İkinci variant daha çevik, oynaq, geniş hərəkətli rəqsdir və bunu həm qadınlar, həm də kişilər ifa edirlər. Bu rəqsin də məqam əsası "Segah"dır. Üzeyir Hacıbəyli "Arşın mal alan" operettasında, Əfrasiyab Bədəlbəyli "Qız qalası" baletində "Tərəkəmə"nin melodiyasından istifadə ediblər.
"Qaytağı" - bu qədim xalq rəqsimizin də beşiyi Şuşadır. Melodiyası coşqundur, ahəngində bir qəhrəmanlıq havası var. Kişilər tərəfindən həm solo, həm də dəstə ilə ifa edilir. Bu rəqsin xüsusiyyəti çox hərlənmələrdən, fırlanmalardan, müxtəlif rəngarəng düzümlərdən, tullanmaqdan, çiyinləri tərpətməkdən, qolların müxtəlif vəziyyətlərdə açılıb-yığılmasından, ən nəhayət, kollektiv şəkildə həmrəylikdən ibarətdir. Ritmik kompozisiyaya malik olan "Qaytağı" şıdırğı rəqsdir. Onun melodiyasını əsasən zurnaçı dəstəsi ifa edir. Azərbaycanda "Ləzginka" adı ilə məşhur olan "Qaytağı" Şimali və Cənubi Qafqaz xalqları arasında geniş yayılmışdır.
"Turacı" - Şuşa təbiətinin gözəlinə, dağ quşuna həsr olunmuş bu rəqsin yarandığı yer də elə dilbər guşənin özüdür. Rəqsin melodiyası elədir ki, ifaçıdan turac kimi incəliklə süzməyi tələb edir.
İncə melodiyalı bu rəqsin yaranma tarixi haqqında bir rəvayət mövcuddur. Qarabağ hökmdarı İbrahim Xəlil xanın sarayında çox gözəl bir rəqqasə varmış. Xanın oğlu Əbülfət ağanın toyunda həmin rəqqasə çox qeyri-adi, incə bir rəqs nümayiş etdirib. İbrahim Xəlil xan da rəqqasənin oyununa valeh olaraq heyranlığını gizlədə bilməyərək ucadan deyib: "Sən ki lap turac kimi süzürsən!" O vaxtdan həmin rəqqasənin təqdim etdiyi melodiya "Turacı" adlanıb. Qadınlar tərəfindən ifa olunan rəqsdə turac quşunun uçması, onun yerə düşməsi və yenidən uçub getməsi təsvir edilir. Sonralar Azərbaycanda geniş yayılan bu rəqsin mahir ifaçıları olub. Hazırda xalq artisti Təranə Muradova "Turacı" rəqsini son dərəcə yüksək peşəkarlıq və plastika ilə ifa edir.
"Ceyranı" - adlanan məşhur rəqsin məqam əsası "Şur" və "Rast" rənglərinə söykənir. Bu xalq rəqsi də şuşalı sənətkarlardan yadigardır. Bu havaya oynayanın hərəkətlərində təbiətin ən gözəl incilərindən olan ceyrana xas cəldlik, zəriflik ifadə edildiyindən rəqs belə adlanıb. Əsasən qadınlar tərəfindən ifa olunur.
Adlarını çəkdiyimiz bu rəqslər Azərbaycan toylarının, el məclislərinin, mərasimlərin bəzəyidir. Əsrlərin dizini qatlayaraq bugünümüzə qədər gəlib çatan və sabahımıza da qanadlanacaq xalq mahnı və rəqslərimizdə həm də onu yaradanların ağlı, təfəkkürü, müşahidəsi, həyat tərzi, duyğuları əks olunub. İllər boyu xalq mahnısı kimi oxunan və onu yaradanın da bəzən bəlli olduğu halda adının çəkilməməsi nə müəllifin, nə də ifaçının eyninə gəlib. Çünki əsas məqsəd sənət əsərinin yaşaması, yayılması və təbliği olub. Şuşanın təbiətinin özündən gələn bir təbiilikdir ki, onlar adlarını, imzalarını diqqətə çatdırmayıblar. Sevdiklərinin, aşiq olduqları torpağın vəsfinə daha çox üstünlük veriblər.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 24 may.- S. 11.