Azərbaycan sülhün və təhlükəsizliyin təmin olunmasında Alyansın ən fəal üzvlərindən biridir

 

Bu fikirləri Prezident İlham Əliyev Çikaqoda dövlət və hökumət başçılarının görüşündə bildirib

 

 Azərbaycan Respublikasının beynəlxalq təşkilatların işində fəal iştirak etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət müstəqilliyi qazandıqdan sonra çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək, eyni zamanda, hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək üçün bir sıra aparıcı beynəlxalq təşkilatlarla yanaşı, NATO ilə əməkdaşlığa da xüsusi önəm vermişdir.

1994-cü ildən təşkilatın "Sülh naminə tərəfdaşlıq" proqramında yaxından iştirak edən Azərbaycan bunun sayəsində NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək və s. imkanlar qazanmışdır. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə regionun mühüm enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə də əsaslı təminat yaratmışdır. Antiterror koalisiyasının üzvü olan Azərbaycanın ordu birləşmələri NATO qoşunlarının tərkibində sülhyaratma missiyasında yaxından iştirak etmişlər. Bu o deməkdir ki, təşkilat münaqişə ocaqlarının söndürülməsində, mübahisələrin çözülməsində, bir sözlə, qlobal planda sülhsabitliyin təminatında Azərbaycanın potensialını yüksək qiymətləndirir.

Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2004-cü ilin mayında Brüsselə səfəri zamanı NATO-nun Baş mənzil-qərargahında keçirdiyi müxtəlif səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha aktiv fazaya keçməsini təmin etmişdir. Səfər zamanı dövlət başçısının Azərbaycan adından "Fərdi əməkdaşlq üzrə əməliyyat planı"nı NATO rəhbərliyinə təqdim etməsi böyük rezonans doğuran siyasi hadisə kimi dəyərləndirilmişdir. Buna adekvat olaraq

NATO rəhbərliyinin də Azərbaycana diqqəti artırmaq, ölkəmizə hərbi-texniki yardımları genişləndirmək istəyi qabarıq sezilir. Azərbaycanın beynəlxalq əməkdaşlığında NATO-nun yerirolu getdikcə güclənir və bu, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafında da öz təsdiqini tapır. Bu əməkdaşlıq qlobal planda sülh və sabitliyə xidmət etməklə regionun nəhəng enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə əsaslı təminat yaratmışdır. Xəzərin enerji resurslarının dinc şəraitdə mənimsənilməsi, habelə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi baxımından Azərbaycan-NATO əməkdaşlığının mühüm əhəmiyyəti vardır. Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində atılan addımlar sistemli xarakter daşımaqla bu gündavam etdirilir.

Dünyanın çox nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Portuqaliyanın paytaxtı Lissabon şəhərində NATO-nun zirvə toplantısı və bu çərçivədə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən dövlət və hökumət başçılarının iclasının nəticələri Ermənistan üçün ağır olmuşdur. Təşkilatın yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyüsuverenliyi növbəti dəfə dəstəklənmişdir.

Bəyanatda ərazi bütövlüyü məsələsi ilə bağlı qeyd olunur ki, Şimal Alyansı Gürcüstan, Azərbaycan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliklərini bir daha tanıdığını vurğulayaraq hər bir münaqişənin prinsipini nəzərə almaqla bu regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləyəcəyini bəyan edir. Bu bəyanatda Azərbaycanın da ərazi bütövlüyü tanındığı üçün Ermənistan, ümumiyyətlə, sənədin belə bir şəkildə tərtib edilməsini istəməyib. Lakin bəyanatın mətni əvvəlcədən üzv ölkələrlə razılaşdırılıb və Ermənistanın bu istəyi nəzərə alınmayıb. NATO-nun zirvə toplantısında qəbul olunan yekun bəyanatda  Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bir daha ifadə olunması haqq işimizin nüfuzlu beynəlxalq qurumlar tərəfindən müdafiə edildiyini növbəti dəfə sübuta yetirdi.

Bu günlərdə ABŞ-ın Çikaqo şəhərində NATO-nun sammiti çərçivəsində dövlət və hökumət başçılarının Əfqanıstan üzrə görüşü keçirilib. Prezident İlham Əliyev də görüşdə iştirak edib. Dünyanın 28 ölkəsinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri toplantıda 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması və bundan sonra ölkədə vəziyyətə nəzarətin milli təhlükəsizlik qüvvələrinə verilməsi ilə bağlı hərəkət strategiyası müzakirə olunub. 

Azərbaycan Prezidenti İlham Əliyev də görüşdə çıxış edib. Dövlət başçısı Azərbaycanın ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğulayıb. Azərbaycanın bu sahədə alyansın ən fəal üzvlərindən biri olduğunu deyən Prezident İlham Əliyev əlavə edib ki, ölkəmiz Əfqanıstanda öz hərbçilərinin iştirakı ilə sülhyaratma missiyasını davam etdirir. Eyni zamanda, Azərbaycan əfqan hərbçilərinin müxtəlif sahələrdə hazırlanması və treninqlərin keçirilməsi ilə Əfqanıstana öz töhfəsini verir. Ölkə başçısı bəyan edib ki, Azərbaycan adıçəkilən ölkəyə öz yardımını 2014-cü ilədək davam etdirəcək, lazım gəldikdə ondan sonra da əlindən gələni əsirgəməyəcəkdir.

Azərbaycan rəhbərliyinin böyük uzaqgörənliklə yürütdüyü xarici syasət strategiyası ölkəmizin beynəlxalq aləmdəki rolunu getdikcə möhkəmləndirməkdədir. Beynəlxalq arenada ölkəmizin ildən-ilə artan nüfuzu üzləşdiyimiz bütün problemlərin milli maraqlarımıza uyğun qısa vaxt ərzində həll olunacağına əminlik yaradır.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2012.- 25 may.- S. 1.