Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Xalq Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu qeyd etdi, yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini vurğuladı. Prezident İlham Əliyev Bolqarıstan Respublikası Xalq Məclisi sədrinin səfərini, həmçinin Baş nazir Boyko Borisovun bu yaxınlarda ölkəmizə gəlişini xatırlayaraq həmin səfərləri əlaqələrimizin dinamik inkişafının nümunəsi kimi dəyərləndirdi. Dövlət başçısı ölkələrimiz arasında enerji, turizm və digər sahələrdə mövcud olan bir sıra birgə layihələrin önəmini qeyd etdi. Azərbaycan Prezidenti parlamentlərarası əməkdaşlığa toxunaraq  Avronest layihəsində iki ölkənin fəal əməkdaşlığından məmnunluğunu ifadə etdi. Dövlət başçısı xanım Tsetska Tsaçevanın səfərinin dost ölkə olan Bolqarıstan ilə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində bundan sonra da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ərəfəsində Bolqarıstan parlament nümayəndə heyətinin Azərbaycana səfərinin önəmini vurğulayaraq ali qanunverici orqanlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 15 may.- S. 1.