BTC yeni yol, yeni
dəhliz açdı
Kəmərə
ilk neftin
vurulmasından 7 il keçir
BTC gündə 1,2 milyon barel neftin Xəzər regionundan dünya bazarlarına təhlükəsiz şəkildə ixrac edilməsinə imkan verən kəmərdir. Bu boru xəttinə ilk neft 7 il əvvəl Səngəçal terminalından vurulub.
Bakı-Tbilisi-Ceyhan kəməri ulu öndər Heydər Əliyevin adını daşıyır. Bir sıra görkəmli şəxsiyyətlərin bir-birindən xəbərsiz söylədikləri "Əgər Heydər Əliyev olmasaydı, BTC də olmazdı" fikrini indi bütün dünya təsdiqləyir. Ümummilli lider üçüncü minilliyin bu nəhəng mühəndis qurğusunun həm ideya müəllifi, həm də layihənin reallaşmasında, kəmərin inşasında mühüm səylər göstərmiş memarıdır. Bu layihə ulu öndərin kəsərli sözü, gərgin mübarizəsi və dünyadakı nüfuzu sayəsində qalib gələ bilib.
"Azəri-Çıraq-Günəşli" nefti kəmərə 2005-ci il mayın 10-da axıdılmağa başlayıb. Mayın 25-də isə Səngəçal terminalında və Bakı şəhərində bu münasibətlə təntənəli mərasimlər keçirilib. Təntənələrdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak ediblər.
2005-ci il mayın 25-i BTC-nin tarixinə həm də kəmərin Azərbaycan hissəsinin istifadəyə verildiyi gün kimi daxil olub. BTC ilə axan neft Azərbaycan-Gürcüstan sərhədini həmin il avqustun 10-da keçib. 2006-cı il mayın 28-də isə neft Ceyhan limanına çatıb.
Xatırladaq ki, kəmər Azərbaycanda 443 kilometr məsafə qət edir. O, ölkəmizdə 13 rayondan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarından keçir. Azərbaycan ərazisində nefti 42 düymlük borular daşıyır. Coğrafi şəraitlə əlaqədar kəmərin Gürcüstan hissəsində 46 düymlük borulardan istifadə edilib. Türkiyə hissəsindəki borular isə 42 düymlük olsa da, Ceyhan limanınadək uzanan sonuncu enişdə onlar 34 düymə qədər daraldılıb.
Kəmərin 8 nasos stansiyasının 2-si Azərbaycanda yerləşir. Bunlardan biri Səngəçal terminalının ərazisindədir və kəmərin baş nasos stansiyası sayılır. İkinci stansiya isə Yevlax rayonundadır.
BTC-yə istifadəyə verildiyi gündən cari il may ayının 1-nə qədər 186 milyon 21 min 108 ton neft vurulub. Yanvar-aprel aylarında kəmərlə 10 milyon 240 min 466 ton neft ötürülüb. Təkcə keçən ay isə BTC 2 milyon 312 min 867 ton Azərbaycan nefti nəql edib.
Bu gün BTC Xəzərin Azərbaycan bölməsindən çıxarılan neftdən əlavə, dünya bazarlarına Türkmənistan nefti də aparır. Keçən ay kəmərlə 207 min 190 ton Türkmənistan nefti nəql olunub.
Prezident İlham Əliyev BTC-nin əhəmiyyətini vurğulayaraq demişdir: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. O vaxt bizim bölgədə çox çətin geosiyasi vəziyyət mövcud idi. Buna baxmayaraq, xarici investorlar böyük vəsait cəlb etdilər, beynəlxalq maliyyə qurumları öz dəstəyini göstərdilər. Azərbaycan tərəfi də öz üzərinə düşən bütün vəzifələri ləyaqətlə və uğurla icra etmişdir".
BTC-nin istifadəyə verilməsi ilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə vəsaitlər gəlməyə başlayıb. Ölkəmizdə bu vəsaitlər hesabına bir çox infrastruktur layihələri həyata keçirilib, vacib məsələlər öz həllini tapıb. Lakin BTC təkcə Azərbaycana deyil, bütün regiona xeyir-bərəkət gətirən bir kəmərdir.
Birbaşa gəlirlərindən əlavə, bu layihə ərazisindən keçdiyi ölkələrin sakinlərinə sosial proqramlar vasitəsilə də fayda verir. Belə ki, yarandığı vaxtdan bəri keçdiyi bölgələrdə icmalarla sıx əlaqə saxlayaraq onlara bir sıra məsələlərin həllində kömək göstərir. "Davamlı inkişaf təşəbbüsləri" adlanan həmin layihələr vasitəsilə infrastruktur təkmilləşdirilir, yerli müəssisələrə, orta və kiçik sahibkarlara dəstək verilir, təhsilin inkişafına və gənclərin peşəyönümünə vəsait yönəldilir. Təkcə keçən il bp öz tərəfdaşları ilə birlikdə Azərbaycanda həyata keçirdikləri "Davamlı inkişaf təşəbbüsləri"nə 3,12 milyon dollar vəsait xərcləyiblər.
Əgər BTC-nin tikintisi "Əsrin müqaviləsi"nin reallaşması nəticəsində mümkün olubsa, bu kəmər də öz növbəsində yeni layihələrə yol açıb. Belə ki, Azərbaycanın və Gürcüstanın bölgələrindən keçərək Türkiyə sərhədinədək BTC ilə eyni dəhlizdə çəkilən, sonra qardaş ölkənin ərazisi ilə daha 280 kilometr uzanan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də növbəti bir tarixi hadisə olub. Bu gün Azərbaycanın dünyaya öz qaz ixracı marşrutlarını şaxələndirmək imkanını da məhz bu layihələr yaradıb.
Flora SADIQLI
Azərbaycan.- 2012.- 25 may.- S. 1.