Dünya mətbuatı Azərbaycan həqiqətləri haqqında yazmaqda davam edir

 

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun mayın 21-də Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar görülən işlər, beynəlxalq ictimaiyyətin bu məsələyə marağı ilə bağlı keçirdiyi mətbuat konfransı dünya mətbuatının diqqət mərkəzində qalmaqda davam edir.

AzərTAc bir sıra nüfuzlu qəzetlərin xəbər agentliklərinin bu barədə materiallarının xülasəsini təqdim edir.

"Reuters" agentliyi son zamanlar "Amnesty International", "Human Rights Watch" kimi bəzi təşkilatların Azərbaycanda demokratiya insan hüquqları ilə bağlı yaydığı məlumatlara dair Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun fikirlərini şərh edərək yazır: "Biz bu təşkilatların nüfuzundan gücündən xəbərdarıq, lakin onlar getdikcə Azərbaycan cəmiyyətinin inamını itirirlər. Çünki həmin təşkilatların antiazərbaycan ruhlu fikirləri reallığa qətiyyən uyğun deyildir".

Pakistanın ingilisdilli "Daily Times" qəzeti professor Əli Həsənovun keçirdiyi mətbuat konfransı ilə bağlı geniş məqalə dərc etmişdir. Məqalənin müəllifi "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində guya Bakıda gey-parad keçiriləcəyi ilə bağlı İran tərəfindən yayılan şayiələrlə bağlı Əli Həsənovun fikirlərindən belə bir sitat gətirir: "Əslində, Azərbaycan dilində "gey-parad" sözü yoxdur. Bu cür bəyanatlar tam əsassızdır. Biz "Eurovision" mahnı müsabiqəsi keçiririk, gey-parad deyil".

Böyük Britaniyanın "Pink News" elektron qəzeti "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Bakıda guya "mavi"lərin paradının keçirilməsi ilə bağlı yayılan şayiələrin məqsədinin çaşqınlıq yaratmaq olduğunu yazır. Bildirilir ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mətbuat konfransında bu kimi şayiələrin yayılmasının təəssüf doğurduğunu vurğulamışdır.

Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində möhtəşəm qələbə qazandıqdan sonra bu il yarışmaya ev sahibliyi etmək hüququ qazandığı qeyd olunan yazıda bildirilir ki, bu tədbiri 125 milyon insan izləyəcəkdir.

Fransanın "France 24", Səudiyyə Ərəbistanının "Al Arabiya" televiziya kanallarının internet səhifələrində professor Əli Həsənovun Bakıda keçirdiyi mətbuat konfransı barədə geniş yazılar yerləşdirilmişdir. Yazılarda vurğulanır ki, Prezident Administrasiyasının şöbə müdiri son zamanlar Avropanın bəzi kütləvi informasiya vasitələri tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının məqsədinin ölkənin beynəlxalq aləmdə imicini korlamaq olduğunu bildirmişdir. Əli Həsənov xüsusilə "Amnesty International" "Human Rights Watch" kimi təşkilatların həqiqətə uyğun olmayan bəyanatlarının Azərbaycan cəmiyyətində narazılıq yaratdığını qeyd edir.

"The Washington Times" qəzeti Əli Həsənovun Bakıda keçirdiyi mətbuat konfransına diqqəti cəlb edərək şöbə müdirinin fikirlərindən sitat gətirərək yazır: "Biz demokratik ölkəyik. Asiya ilə Avropanın qovşağında yerləşirik, lakin Avropa inkişaf yolunu seçmişik".

 

 

Azərbaycan.- 2012.- 25 may.- S. 2.