ABŞ-ın nüfuzlu nəşri Eurovision müsabiqəsinin populyarlığının artdığını qeyd edir

 

ABŞ-ın işgüzar dairələrində böyük nüfuza malik "The Wall Street Journal" nəşri Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin populyarlığının Birləşmiş Ştatlarda da artdığı barədə məqalə dərc etmişdir.

Məqalədə qeyd olunur ki, bu möhtəşəm musiqi şousu "online" rejimdə nümayiş olunur və ABŞ-da 26 minə yaxın tamaşaçı internet vasitəsilə müsabiqəni izləyir. Ötən il bu rəqəm 22 min olmuşdu.

Qəzet yazır: "Bu, bütün dünyadakı 125 milyon televiziya tamaşaçısı ilə müqayisədə cüzi rəqəm olsa da şounun populyarlığının artdığını əks etdirir".

Məqalədə qeyd olunur ki, ABŞ-ın NBC telekanalı hansısa mərhələdə "Eurovision"un Amerika versiyasını yaratmağa cəhd göstərir, lakin danışıqlar baş tutmamışdır.

Müsabiqə 1956-cı ildə Avropada müharibədən sonrakı dostluq ruhunda yeni transsərhəd əlaqələrin qurulması üsulu kimi yaradılmışdır.

Yazıda qeyd olunur: "Bu gün "Eurovision" gələnilki şounun sahibi adı uğrunda mübarizə aparan ölkələrin füsunkar tamaşasına çevrilmişdir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 25 may.- S. 3.