“The Telegraph”: Bakı, Azərbaycan: Qafqazın Dubayı

 

 Britaniyanın nüfuzlu "The Telegraph" qəzetinin 24 may tarixli nömrəsində "Bakı, Azərbaycan: Qafqazın Dubayı" sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə bildirilir ki, neft ilə zəngin Bakı builki "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi üçün çox uyğun, qeyri-adi bir məkandır.

Yazıda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının məntiqi nəticəsi olan "Əsrin müqaviləsi", Bakının valehedici gözəlliyi digər mövzulara toxunan müəllif turistlərin Azərbaycan haqqında bir neçə il bundan əvvəl az məlumatlı olduğunu, bu gün isə artıq ölkəmizə dünyanın hər bir yerindən turistlərin axın etdiyini vurğulamışdır.

Bakının Qafqazın Dubayı olduğunu qeyd edən müəllif yazır ki, dünyada ilk dəfə 1846-cı ildə sənaye əhəmiyyətli neft quyusu məhz Azərbaycanda qazılmışdır. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra sanki gözlərini dünyaya yenidən açmış oldu. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə olunan uğurlar, imzalanmış "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, böyük inkişafa təkan vermişdir.

Məqalədə vurğulanır ki, gün keçdikcə siması yenilənən paytaxt Bakının qala divarları ilə əhatə olunmuş qədim yaşayış məskəni - İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Bakıda aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verən müəllif şəhərdə yeni restoranların, kafelərin, klubların, brend hotellərin fəaliyyət göstərdiyini qeyd etmişdir.

"Bakı heç bir başqa şəhərə bənzəmir", - deyən müəllif Bakı bulvarı, Müasir İncəsənət Muzeyi haqqında təəssüratlarını bölüşmüşdür.

Yazıda bildirilir ki, dünyadakı 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur. Ölkəmizdə mühüm tarixi əhəmiyyətə malik qayaüstü rəsmlərin olduğunu vurğulayan müəllif qeyd etmişdir ki, Azərbaycanda böyük xizəkçilik kompleksi yaradılır, dünyadakı palçıq vulkanlarının yarısı burada mövcuddur, duz gölləri, yanar dağlar insanı valeh edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 25 may.- S. 3.