Pakistanın “Daily Times” qəzetində “28 May
- Respublika Günü” sərlövhəli məqalə dərc edilmişdir
Pakistan İslam Respublikasında, həmçinin pakistanlıların sıx yaşadığı ölkələrdə böyük oxucu kütləsinə malik nüfuzlu ingilis dilli "Daily Times" qəzetində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun "28 May - Respublika Günü" sərlövhəli məqaləsi dərc edilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, yazıda Azərbaycanı müstəqilliyə aparan yoldan söhbət açılmış, Rusiya imperiyasının süqutundan sui-istifadə edən ermənilərin 1918-ci ilin fevral-mart aylarında Azərbaycanın müxtəlif şəhərlərində törətdikləri kütləvi qırğınlardan danışılmışdır.
Diplomat 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk paytaxtının Gəncə olduğunu, Bakı erməni bolşevik işğalından azad edildikdən sonra isə bu şəhərə köçürüldüyünü diqqətə çatdırmışdır.
D.Şikarov 1918-ci ildə Şərqdə ilk demokratik parlamentin təsis edildiyini, 1920-ci il yanvarın 11-də isə AXC-nin Paris Sülh Konfransında de-fakto tanındığını və dünyanın 20 ölkəsi ilə əlaqələr qurduğunu vurğulamışdır.
Məqalədə AXC-də ordu qurulduğu, ermənilərin Azərbaycanda törətdiyi cinayətlərin istintaqını aparan xüsusi komissiyanın təsis olunduğu, vətəndaşlıq, dövlət atributları, kişilər və qadınlar arasında bərabərlik haqqında qanunların qəbul edildiyi bildirilmişdir.
Hökumətin təhsilə göstərdiyi qayğıdan bəhs edən müəllif Azərbaycan dilinin məcburi fənn kimi tədris proqramına salındığını, Bakı Universitetinin təsis olunduğunu, bölgələrdə yeni məktəblərin açıldığını, yüzdən çox gəncə xaricdə təhsil almaq üçün təqaüdlərin ayrıldığını vurğulamışdır.
Məqalədə AXC hökumətinin iqtisadi islahatlarından danışılarkən
Bakı-Batumi neft kəmərinin yenidən
qurulması, Xəzər donanmasının dirçəldilməsi,
azad ticarət haqqında qanunun
qəbul edilməsi diqqətə
çatdırılmışdır.
Azərbaycan.- 2012.- 25 may.- S. 3.