Birləşmiş
Ərəb Əmirliyindəki soydaşlarımız Bakıda
keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı təbliğat
kampaniyası həyata keçirirlər
Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti geniş təbliğat kampaniyası həyata keçirir.
Cəmiyyətdən AzərTAc-a bildirmişlər ki, kampaniya çərçivəsində "Eurovision-2012" mahnı müsabiqəsi, eləcə də bu mötəbər tədbirlə əlaqədar təşkilatın həyata keçirdiyi təbliğat işləri ilə bağlı BƏƏ-də ingilis dilində nəşr edilən nüfuzlu "Gulf News" qəzetində məqalə dərc olunmuşdur.
Məqalədə "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun təşəbbüsü ilə "Eurovision-2012" mahnı müsabiqəsinin təbliği məqsədilə iki böyük tədbirin keçirildiyi qeyd edilmişdir. Tədbirlərdə həmvətənlərimizin müxtəlif təbliğat materialları əsasında BƏƏ ictimaiyyətini və burada yaşayan digər xalqların nümayəndələrini məlumatlandırdıqları bildirilmişdir. Yazıda, Samir İmanovun, cəmiyyətin üzvlərindən Xalidə Məmmədovanın, Samir Səfərovun, Aydan Zeynalovanın və digərlərinin bu sahədə görülən işlər haqda müsahibələri yer almışdır. Müsahibələrdə bu il müsabiqədə iştirak edən ölkələr, Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə hazırlaşması, ölkəmiz haqqında məlumat verilmiş, yarışmanın İctimai Televiziya vasitəsilə yayımlanacağını diqqətə çatdırılmışdır. Müsahibələrdə həmvətənlərimiz Azərbaycanın mədəniyyətindən, incəsənətindən, tarixindən, adət-ənənələrindən danışmış, bu müsabiqənin mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyini vurğulamışlar. Onlar Azərbaycanın müsabiqədəki təmsilçisi Səbinə Babayevanın ifasının dünya azərbaycanlıları tərəfindən bəyənildiyini, müğənninin milli çalarların peşəkarlıqla əlavə olunduğu "When the music dies" mahnısını muğam sənətinin görkəmli ifaçısı, xalq artisti Alim Qasımovun müşayiəti ilə səsləndirəcəyini bildirmişlər.
Yazıda həmçinin BƏƏ-də yaşayan azərbaycanlıların Səbinə Babayevanın uğurla çıxış edəcəyinə ümidvar olduqları diqqətə çatdırılmışdır. Eyni zamanda, ötən ilki yarışmada inamlı qələbə qazanaraq "Eurovision-2012"ni Azərbaycana gətirən təmsilçilərimiz - Eldar Qasımov və Nigar Camal haqqında da söhbət açılmışdır.
Müsabiqənin keçirilmə qaydaları və
mərhələləri haqqında geniş
söhbətin açıldığı məqalədə
indiyədək 56 müsabiqənin keçirildiyi
qeyd olunmuş, əvvəlki
yarışmaların qalibləri haqqında məlumat verilmişdir.
Azərbaycan.- 2012.- 25 may.- S. 3.