Azərbaycan körfəz ölkələri ilə MDB arasında körpü rolunu oynayacaqdır

 

 Mayın 24-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqtisadiyyat nazirinin müavini Məhəmməd Bin Abdul Aziz Al Shehhinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz mövcud iqtisadi əlaqələr və qarşılıqlı investisiya imkanları müzakirə etmişlər.

Ölkəsinin Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayan Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyat nazirinin müavini Məhəmməd Bin Abdul Aziz Al Shehhi Azərbaycanda Dubay Ticarət və Sənaye Palatasının nümayəndəliyinin yaradılacağını və bu nümayəndəliyin MDB ölkələri ilə əməkdaşlıq üzrə baş ofis funksiyasını həyata keçirəcəyini bildirmişdir. Dubay Ticarət və Sənaye Palatası BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasına daxil olan ən böyük qurumdur.

Dubay Ticarət və Sənaye Palatasının baş direktoru Hamad Buamin təmsil etdiyi qurum barədə məlumat verərək 133 min üzvü olan Palatanın dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərdiyini qeyd etmişdir. Hamad Buamin Dubay Ticarət və Sənaye Palatasının nümayəndəliyinin Azərbaycanda yaradılmasına əsas səbəb kimi ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin formalaşması, eləcə də Azərbaycanda siyasi və makroiqtisadi sabitlik, davamlı iqtisadi inkişaf, əlverişli biznes və investisiya mühiti olduğunu diqqətə çatdırmışdır. Qonaq regionun lider dövləti olan Azərbaycanın Körfəz ölkələri ilə MDB arasında körpü rolunu oynayacağına əminliyini vurğulamışdır.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu vurğulamış, Dubay Ticarət və Sənaye Palatasının Azərbaycanda nümayəndəliyinin yaradılmasının əhəmiyyətini qeyd edərək bunun ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı və ticarət dövriyyəsinin artırılması istiqamətində imkanları daha da genişləndirəcəyini bildirmişdir.

Azərbaycana səfəri çərçivəsində nümayəndə heyəti ilə bir sıra dövlət qurumlarında görüşlər keçiriləcəkdir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri ilə keçiriləcək görüşdə ölkəmizin investisiya imkanları təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 25 may.- S. 4.