Azərbaycan ilə
Birləşmiş Ərəb Əmirlikləri arasında mədəniyyət
əlaqələrinin perspektivləri müzakirə edilmişdir
Mayın 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqtisadiyyat nazirinin müavini Məhəmməd Bin Abdul Aziz Al Shehhinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində mövcud əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilmişdir.
Belə görüşlərin ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayan Ə.Qarayev bildirmişdir ki, qarşılıqlı səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır.
Son illərdə Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan nazir bildirmişdir ki, teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr yenidən bərpa edilir və ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir. Görülən işlərin nəticəsində cari ildə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.
Nazir xüsusi olaraq diqqətə çatdırmışdır ki, bu gün bütün Avropanın diqqət mərkəzində olan ən mühüm mədəni hadisələrdən biri - 57-ci "Eurovision" mahnı müsabiqəsi Bakıda keçirilir.
Bakıda ilk dəfə
"Eurovision" mahnı müsabiqəsinin
keçirilməsini yüksək mədəni hadisə kimi qiymətləndirən Məhəmməd Bin Abdul Aziz
Al Shehhi
yarışmanın bütün
iştirakçılarına uğurlar
arzulamışdır. Dostluq münasibətlərinin
möhkəmləndirilməsi naminə bütün
təşəbbüsləri dəstəklədiklərini
bildirən qonaq ölkələrimiz
arasında qarşılıqlı əlaqələrin bundan sonra daha
da genişlənəcəyinə əminliyini
ifadə etmişdir.
Azərbaycan.- 2012.- 25 may.- S. 4.