Hesablama Palatasının növbəti kollegiya iclası olmuşdur
Hesablama Palatasının növbəti kollegiya iclası olmuşdur. Palatadan AzərTAc-a bildirmişlər ki, iclasda "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilmişdir.
Hesablama Palatasının rəyi "Hesablama Palatası haqqında" Qanunun 2-ci və Hesablama Palatasının daxili Nizamnaməsinin 12-ci maddəsinin tələblərinə uyğun hazırlanmış, əsas diqqət 2012-ci ilin ötən dövründə ölkə iqtisadiyyatını xarakterizə edən makroiqtisadi göstəricilərin və ona təsir edən amillərin təhlilinə, 2012-ci il dövlət büdcəsinin gəlir və xərc parametrlərinin dürüstləşdirilməsini zəruri edən amillərin araşdırılmasına yönəldilmişdir. Dövlət büdcəsinin gəlirləri üzrə təklif edilmiş dəyişikliklər vergi mənbələri və tədiyə növləri üzrə araşdırılmış, xərclər üzrə dəyişikliklər isə funksional və iqtisadi təsnifatın bölmələri və köməkçi bölmələri səviyyəsində təhlil edilmişdir. Rəydə həmçinin böyük həcmdə daxil olan maliyyə resurslarından daha səmərəli və məhsuldar istifadənin təmin edilməsi, onların ilk növbədə daha böyük əhəmiyyət kəsb edən sosial-iqtisadi məsələlərin həllinə yönəldilməsi barədə Palatanın qənaəti əks etdirilmişdir.
Rəy təsdiq edilmiş,
Hesablama Palatası tərəfindən
"Azərbaycan Respublikasının 2012-ci il
dövlət büdcəsi haqqında" Qanunda
dəyişikliklər edilməsi barədə" qanun layihəsinin Milli Məclisdə
müzakirəyə təqdim olunması barədə qərar
qəbul edilmişdir.
Azərbaycan.- 2012.- 25 may.- S. 4.