Tarixiliklə müasirliyin qovuşduğu
İÇƏRİŞƏHƏR
Bütün Avropa bu günlər "Öz məşəlini alovlandır"maq üçün Bakıya toplaşıb. Məntiqə uyğundur. Çünki müsəlman dünyasına ilk azadlıq günəşi Azərbaycandan doğduğu kimi, müsəlman Şərqində ilk opera və baletin də beşiyi bu ölkədir. Ona görə də musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün Azərbaycan çox çətinlik çəkmədi. Bu bayram həmçinin mədəniyyətlərarası dialoqa töhfə verən böyük hadisədir. Qonaqlar burada təkcə mahnı oxumur, ölkəmizin qədim tarixi, mədəniyyəti, adət-ənənəsi, çağdaş inkişafı ilə də tanış olur, insanlarla ünsiyyət qurur, onlarla çay süfrəsi arxasında oturur, şəkil çəkdirir, söhbət edir, muğam dinləyir, milli geyimli gənclərlə qol-boyun rəqs edirlər.
Mayın 21-dən başlayaraq 27-nə kimi Bakıda - Filarmoniya bağında "Musiqi və xalq sənəti həftəsi" təşkil olunub. Məqsəd şəhərimizin qonaqlarının və paytaxt sakinlərinin mənalı istirahətini təmin etmək, zəngin musiqi və xalq sənəti nümunələrimizi bir daha dünyaya tanıtmaqdır. "Musiqi və xalq sənəti həftəsi" çərçivəsində Filarmoniya bağında 12 guşədən ibarət sərgi təşkil olunub. Hər guşədə Azərbaycanın zəngin etnoqrafik nümunələri, milli geyimləri, süfrə və mətbəx mədəniyyəti, şirniyyatları, xalq tətbiqi sənətinin müxtəlif növləri ilə məşğul olan ustaların əl işləri nümayiş etdirilir. "Eurovision" mahnı müsabiqəsi ilə bağlı paytaxtımıza gələn qonaqlar sərgi vasitəsilə milli mədəniyyətimizlə, adət-ənənlərimizlə yaxından tanış olur, maraqlarını ifadə etməkdən çəkinmirlər. Güşələrdəki misgərlik, dulusçuluq məhsulları, təkəlduzlar, naxış və ornamentlərlə zəngin tikmə nümunələri, şəbəkə, ağac, daş və taxta üzərində oyma işləri, müxtəlif suvenir və bəzək əşyaları, milli musiqi alətlərinin suvenirləri maraq doğurur. Nümunələrin əksəriyyətini müəlliflər özü nümayiş etdirir. Odur ki, məqamı düşəndə yaxşı bazarlıq da alınır. Əl işlərinin içərisində elə nümunələr var ki, üzərində "Eurovision" mahnı müsabiqəsinin elementləri əks olunub. Şəkili Gülsüm xalanın tikdiyi araxçınların üzəri məşəlin alovları ilə naxışlanıb. Turistlər bu araxçınlara xüsusi maraq göstərir, qiymətdə müəlliflə razılaşan kimi alıb başlarına qoyurlar. Lakin turistlərin dediklərinə görə, onları ən çox heyrətləndirən azərbaycanlıların qeyri-adi səmimiyyəti, istiqanlı olmalarıdır.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi "Musiqi və xalq sənəti həftəsi"ni hər gün keçirilən musiqi bayramı daha canlı və maraqlı edir. Mayın 22-də klassik və caz musiqisi axşamı Filarmoniya bağında bayrama çevrildi. Rafiq Babayev adına 25 saylı uşaq musiqi məktəbinin şagirdləri müəllimləri ilə birlikdə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini, caz musiqilərini böyük ustalıqla ifa edirdilər. Bəzən tamaşaçılar musiqiçilərə qoşulub dahi Üzeyir Hacıbəylinin operalarından parçaları və "Ava Mariya"nı oxuyurdular. Havada Azərbaycan və "Eurovision" bayraqları dalğalanırdı.
Tim Dokan şotlandiyalıdır. Doqquz yaşlı ən balaca skripkaçının ifasına mat qaldığını gizlətmədi qonağımız: "Konsert olduğunu bilmirdim. Biz bu gün Bakının Qala kəndinə getmişdik. Gəzintimiz çox maraqlı idi, Azərbaycanın orta əsr tarixi ilə tanış olduq. Fikrimcə, o məkanda böyük bir xalqın tarixi yaşayır, insanlar da o tarixə biganə deyil, qoruyub saxlayıblar. Ən çox xoşuma gələn qəribə sakitlik idi, mən də bir anlıq özümü orta əsrlərdə, bəlkə də daha qədimdə hiss etdim. Şotlandiyada olduğu kimi, hər xalqın özünəməxsus milli dəyərləri var. Azərbaycanın folkloru, adətləri, mərasimləri çox doğmadır, istiqanlıdır, adamı özünə çəkir, daha səmimi olmağa vadar edir. Filarmoniya bağındakı əl işləri sənətinə dünən baxdım. İnsanlar, xüsusən, qadınlar gözəl fantaziyalar quraşdırırlar. Hörmə çay dəsti yadımdan çıxmır, bir az baha idi, amma dəyərdi. Bir qadın var idi, çay daşlarından və balıqqulaqlarından misilsiz sənət əsərləri yaratmışdı. Əl işlərini özü nümayiş etdirirdi. Mən ölkəmə qayıdanda həmin xanımdan bir neçə əsər alıb Şotlandiyaya aparacam". T.Dokan tədbirlərdən doymadığını bildirib, "Grystal Hall"ı görməyə tələsdiyini dedi.
Autuma Petterson
ABŞ-dan gəlib. Qarayanız gözəl
Azərbaycan qızlarına
oxşayır. Bu gözəlin
ürəyindən keçir
ki, Bakıda yaşasın: "Mən
ötən günlərdə
də azyaşlı azərbaycanlı
uşaqların bir toplantıda klassik musiqi ifa etdiklərini
gördüm, heyran oldum, axı, onlar bu yaşlarında
Vivaldini, Baxı, Ştrausu necə dərk edirlər?!" Petterson deyir ki, mən ən
çox insanlarla ünsiyyət yaratmaq istəyirəm, amma bir-birimizin dilini bilmirik, mehribanlıqla gülümsünürlər, mən
də məmnunluğumu
bildirirəm: "Məncə,
xalqınız daha çox kökünə,
adət-ənənələrinə bağlıdır. Bu keyfiyyətləri
Bakıda olduğum bir neçə gündə hər an hiss etdim. Burada yaşamaq
ürəyimdən olardı.
Bakını çox sevdim.
Qala kəndi elə qəribə idi ki, havası da çox gözəldir,
ayrılmaq istəmirsən.
Kəndin qədim tarixi,
memarlığı, saf
insanları və təmiz havası ruhumu dincəltdi. Paytaxtın hər yerində, hər tinində, döngəsində bayramdır,
bundan zövq almamaq olmur. Qənaətim budur ki, azərbaycanlılar genetik
koduna aid olan nə varsa onları
qoruyub saxlamaqla bərabər, yeniləşməyə,
müasirləşməyə çox meyillidirlər.
Bəzən həddən artıq
müasir görünürlər.
Burada qədim mədəniyyətlə
çağdaşlıq, meqapolis
qucaq-qucağadır, bir-birini
inkar etmir, əksinə, bütöv
görünür".
Avstriyalı Fidiyin əlində
Azərbaycan bayrağı
var. Onu qaldığım
hotelin balkonundan asacam! - deyir.
Fidiy ifaçılarını
dəstəkləmək üçün
gəlib və birinci dəfədir ki, Azərbaycandadır:
"Bakıya gələnə
qədər bu ölkə haqqında təsəvvürüm az
idi, burada olduğum bir neçə gündə
o qədər məlumatlanmışam
ki, bir çox
şeyləri öyrənmişəm,
bölgələriniz haqqında
da. Çünki hazırlanan postkadrlarda Azərbaycanın mədəniyyəti,
incəsənəti, Qarabağ
atları, aşıq
sənəti, milli bayramları, rəqsləri
qısaca da olsa göstərilir, bölgələr haqqında
da kadrlar var. Hazırlanan 14 videoçarxın
hər biri çox maraqlıdır. Ən qəribəsi də ortaq mədəniyyətlərin
formalaşmasıdır. Bunlar hamısı hər bir Avropa ölkəsində,
hər bir avropalının evində
göstəriləcək. Muzeylərdəki hər eksponat
Azərbaycan haqqında
xeyli məlumat verir, gözəl rəssamlarınız, xalçalarınız
var. Xəzər dənizini
axşam seyr etmək də çox maraqlıdır.
Burada eşitdim ki, üçqülləli alov
qəsri qısa zamanda hazır olub, doğrudan, maraqlı layihədir.
Azərbaycanda alova, ocağa
böyük sevgi var, Tanrı kimi baxırlar. Milli mətbəxinizdən nə
qədər istəsəniz
danışım, hara
gediriksə qonaqpərvərlik
görürük, bizi
zəngin süfrəyə
dəvət edirlər,
xüsusən də, incəbelli stəkanlarda çaya. Bir maraqlı məqamın
da şahidiyəm, musiqi Azərbaycanda böyük məktəb keçib, burada sanki hamı musiqini gözəl anlayır, musiqi ixtisası var".
Paytaxtda o qədər maraqlı tədbirlər keçirilir ki, turistlər hər birində olub xalqımız haqqında zəngin məlumatlar toplamaq istəyirlər. Mayın 22-də Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzi "Kapellhaus", Almaniyanın Azərbaycandaki səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, "Qız Qalası" və "Berlin-Baku" qalereyalarının təşkilatçılığı ilə keçirilən "Almaniya azərbaycanlı rəssamların gözü ilə" adlı sərgi-müsabiqə keçirilib. Tədbirdə Almaniyanın Azərbaycandaki səfiri Herbert Kvelle çıxış edərək ölkələrimiz arasında, xüsusən də, mədəni əlaqələrin inkişafından danışıb. Almaniyalı Markos və Klaus Vigen "Kapellhaus"da keçirilən tədbirdən danışdılar: "Burada öyrəndik ki, Almaniya səfirliyi ilə Bakı Rəssamlıq Akademiyasının arasında hər il belə tədbirlərin keçirilməsi ənənə halını alıb. Builki qalibləri mükafatlandırmaq bu günə təsadüf edib. Azərbaycanlı gənclərin, yeniyetmələrin Almaniya haqqında bu qədər bilgiyə sahib olmaları və ya özlərində Almaniya haqqında belə təsəvvür yaratmaları bizi çox qürurlandırdı. Almaniyanı görmədən onu bu cür düşünmək, təsəvvür etmək və rənglərdə canlandırmaq heyrətləndiricidir. Kirxanı çox bəyəndik, orada gözəl klassik musiqilər səsləndirilir. Burada incəsənət sərgisi ilə də tanış olduq. Hər xırda nümunə Azərbaycanı ifadə edirdi. "Eurovision" Bakını tanımaq üçün bizə əla şans verdi, burada xoşa gəlməyən heç nə yoxdur, təşkilatçılıq yüksək səviyyədədir".
Rusiyalı Aqron Tufo Bakıda gördüklərindən ağız dolusu danışdı. Deyir ki, hansından danışım, Dənizkənarı Milli Park heyrətamizdir: "Amma ən çox İçərişəhəri sevdim, orada qədimiliklə, müasir Azərbaycan qovuşub qəribə mənzərə yaradıb. Mən bütün turistlərə demək istərdim ki, belə şans bir də ələ düşməz, İçərişəhəri görmədən geri dönməsinlər. Çay və ləziz yeməklər çox gözəldir, İçərişəhərdə yediyim paxlavanın dadını unutmaram. Darvazadan girəcəkdə bir lokanta var, orada kabab yeməyin ləzzəti dünyanın heç yerində yoxdur. "Eurovision-57" öz tarixinə Bakı adlı qızıl imza qoyacaq".
Söhbətləşdiyimiz turistlərin hər biri çox səmimi şəkildə Bakıdan, müsabiqənin yüksək səviyyədə təşkilindən, insanların mehriban və gülərüzlü olmasından ağız dolusu danışdılar. Çoxları deyir ki, müsabiqədən sonra da bir neçə gün burada qalacaq, bölgələrə də gedəcəklər. Tədbirin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması qonaqların diqqətindən yayınmayıb. Onlar dövlətin qonaqların həyatına bu qədər diqqətli və məsuliyyətli olduğunu yüksək qiymətləndirdilər: "Şəhərdə o qədər sərbəst və rahat gəzirik ki, kimsədən nəyisə soruşmağa, rahatsızlığa heç bir ehtiyac yoxdur".
Ötən gecə Avropanın ürəyi Bakıda döyünür, hamı yarımfinala tələsirdi. Bakı ayaq üstə idi, bərq vuran işıqlardan gözəl şəhərimiz alışıb-yanırdı. Paytaxtın ən yüksək nöqtəsində yerləşən "Alov qəsri"nin üzərində isə müsabiqədə iştirak edən ölkələrin bayraqları dalğalanır, alov dilləri gecənin bağrını yarırdı.
Rəsmiyyə
RZALI
Azərbaycan.- 2012.- 25 may.- S. 5.