“Eurovision-2012” mahnı müsabiqəsinin ikinci
yarımfinalının iştirakçılarının mətbuat
nümayəndələri və fanatlar üçün məşqləri olmuşdur
Əgər bir neçə gün bundan əvvəl səbirsizliklə "Eurovision-2012" mahnı müsabiqəsinin şoularının başlayacağı anı gözləyirdiksə, artıq bu gün növbəti qalibin kim olacağı barədə düşünürük. Budur, gözlədiyimiz növbəti xəbərdən də bizləri çox qısa zaman kəsiyi ayırır. Bir neçə gündən sonra Bakıdan bütün Avropaya növbəti yarışmaya ev sahibliyi edəcək ölkənin adı açıqlanacaqdır. Bu ərəfədə "Eurovision-2013" mahnı müsabiqəsinin keçiriləcəyi vaxt da məlum olmuşdur.
AzərTAc xəbər verir ki, bu barədə mayın 23-də Avropa Yayımları Birliyi (EBU) və Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) birgə keçirdikləri mətbuat konfransında məlumat verilmişdir.
Mətbuat konfransında "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand, "Eurovision-2012"nin icraçı prodüseri Adil Kərimli, yarışmanın təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker, "Eurovision-2012" mahnı müsabiqəsi işçi qrupunun mətbuat və kommunikasiya rəhbəri Tahir Məmmədov, həmçinin mətbuat meneceri Kamran Ağası iştirak etmişlər.
Yan Ola Sand bildirmişdir ki, "Eurovision" mahnı müsabiqəsi Azərbaycanda ilk dəfə keçirilir və bu yarışmada 42 ölkə təmsil olunur. O demişdir: "Monteneqro bu il müsabiqəyə yenidən qayıtmışdır. Ermənistan isə müsabiqədə iştirak etməmişdir. Albaniya bu ölkədə baş vermiş avtomobil qəzası ilə bağlı matəm elan olunduğuna görə mayın 22-də keçirilən ilk yarımfinalı yayımlamamışdır".
Yan Ola Sand vurğulamışdır ki, Azərbaycan 2008-ci ildən müsabiqədə yüksək səviyyəli ifaçılarla təmsil olunur. İlk dəfədir ki, "Eurovision" yeni tikilmiş məkanda keçirilir. Müsabiqə ərəfəsində istifadəyə verilən bu məkan məşqlər və şoularla sınaqdan keçmişdir.
"Eurovision"un rəhbəri qeyd etmişdir ki, bu ildən etibarən yenidən səsvermə klassik olaraq son 15 dəqiqəyə keçmişdir. Bu qərarı verməkdə məqsədimiz tamaşaçının fikrini yayındırmamaqdır. İstədik ki, tamaşaçılar sona kimi bu çıxışlardan zövq ala bilsinlər.
Yan Ola Sand demişdir: "Mayın 22-də keçirilmiş şouda finala vəsiqə qazanan ölkələrlə bağlı jüri və tamaşaçı səsverməsində fərqli nəticələr əldə etmişik. 8 ölkənin münsifləri ilə tamaşaçılarının səsverməsi üst-üstə düşmüş, 1 ölkə vətəndaşların səsverməsi, 1 ölkə isə jüri səsverməsinə görə finala vəsiqə qazanmışdır".
Müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker isə qeyd etmişdir ki, ötən il "Eurovision" mahnı müsabiqəsi zamanı facebook və twitter şəbəkələrində 1 milyon link qoyulmuşdur. Ötən gün isə hər iki sosial şəbəkədə hər beş statusdan biri "Eurovision" ilə, və ya təmsilçilərlə bağlı olmuşdur. Sietse Bakker gecə saatlarında keçirilməsinə baxmayaraq, insanların bu şouya marağını yüksək qiymətləndirmişdir.
Qeyd edilmişdir ki, EBU istənilən ölkənin yarışmaya ev sahibliyi etməsini dəstəkləyir: "Ölkənin zəngin mədəniyyəti varsa, bu mədəniyyətin dünyaya çatdırılmasında həmin ölkəyə kömək etməyə hazırıq".
"Eurovision-2012" mahnı müsabiqəsinin icraçı prodüseri Adil Kərimli bütün media mənsublarını və qonaqları Bakıda salamlamasından məmnunluğunu bildirmiş və onlara uğurlar arzulamışdır.
Mətbuat konfransında gələn il "Eurovision" mahnı müsabiqəsinin birinci yarımfinalının mayın 14-də, ikinci yarımfinalının mayın 16-da, final mərhələsinin isə mayın 18-də keçiriləcəyi bildirilmişdir.
"Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinalından sonra finala vəsiqə qazanan ölkələrin təmsilçilərinin keçirdikləri mətbuat konfransında səslənən bir-birindən maraqlı fikirlər də diqqətdən yayınmamışdır.
"Eurovision" mahnı müsabiqəsində bir daha iştirak etməyi planlaşdırmırıq". Bu fikirləri finala vəsiqə qazanmış islandiyalı təmsilçilər Qreta Salome & Yonsi səsləndirmişlər.
Müsabiqəyə artıq ikinci dəfə qatılan İslandiyanın Qreta Salome & Yonsi dueti ifa etdikləri mahnının sevgi qazanmasından məmnunluq ifadə etmiş və hər kəsə təşəkkürlərini bildirmişlər. İslandiyalı təmsilçilər demişlər: "Bu mahnı çox şən olmasa da bədbin də deyildir. Mahnımız sevgi və ümiddən bəhs edir. Buna görə də insanlar onu sevirlər" .
Rumıniyanın "Mandinga" qrupunun üzvləri final sevinclərini "EuroClub"da qeyd edəcəklər. Müsabiqənin birinci yarımfinalının çox yaxşı keçdiyini qeyd edən qrupun üzvləri artıq finala hazırlaşdıqlarını bildirmişlər. Finala vəsiqə qazandıqları üçün çox sevindiklərini diqqətə çatdıran rumıniyalı təmsilçilər "Eurovision-2012"nin finalında yüksək performans nümayiş etdirəcəklərini bildirmişlər.
Moldova təmsilçisi, bəstəkar və müğənni Paşa Parfeni finalda yüksək yer tutmaq üçün əlindən gələni edəcəyini bildirmişdir. Moldovalı təmsilçi birinci yerə çıxmaq üçün yüksək şansının olduğunu vurğulamışdır.
Macarıstanın "Compact Disco" rok qrupunun üzvləri isə müsabiqənin peşəkarlıqla təşkil olunduğunu söyləmişlər. Birinci yarımfinal mərhələsində uğur qazandıqlarına görə hər kəsə təşəkkürlərini bildirən qrup üzvləri məqsədlərinin birinə çatdıqlarını, sırada isə finalda da qalib gəlmək niyyətlərinin olduğunu bəyan etmişlər.
Mətbuat konfransında çıxış edən "Eurovision-2012" mahnı müsabiqəsinin digər üzvü isə Kipr təmsilçisi İvi Adamou olmuşdur. Yarışmanın çox möhtəşəm keçdiyini deyən kiprli təmsilçi ona səs verən hər kəsə təşəkkürünü bildirmişdir: "Mən müsabiqədə iştirak etməyimin sevincini yaşayıram və finala vəsiqə qazandığım üçün çox həyəcanlıyam".
Növbəti mərhələyə çıxdığı üçün çox sevindiyini deyən danimarkalı təmsilçi Soluna Samay finalın onlar üçün əhəmiyyətli olduğunu qeyd etmişdir.
Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou demişdir: "Əlimizdən gələni etdik ki, finala çıxmaq şansını qazanaq". Eleftheria birinci yarımfinalın çox gərgin keçdiyini, bu qədər əziyyətin isə cəmi 3 dəqiqə olduğunu təsəvvür etmədiyini demişdir.
"Həyəcanlı idik və hesab edirik ki, çıxışımız elə də uğurlu alınmadı". Bu fikirlər isə müsabiqənin yarımfinalında finala vəsiqə qazanan İrlandiya təmsilçiləri "Jedward" pop-duetinin üzvlərinə məxsusdur. İrlandiyalı əkiz qardaşlar çox həyəcanlı olduqlarını bildirmiş, finalda uğurlu çıxış edəcəklərindən əminlik ifadə etmişlər. Onlar səhnəyə ənənəvi saç düzümündə deyil, bu dəfə fərqli çıxdıqlarını da vurğulamış, buna görə də çoxlarının onları tanımadıqlarını demişlər.
Rusiyanın "Buranovskiye babuşki" qrupunun üzvləri onlara dəstək olanlara və ifalarına səs verənlərə təşəkkür etmişlər. Rusiyalı nənələr final barədə əvvəlcədən fikir söyləməyin hələ tez olduğunu bildirmişlər.
"Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalının iştirakçılarının mətbuat nümayəndələri və fanatlar üçün məşqləri olmuşdur. İkinci yarımfinalın təmsilçiləri "Baku Crystal Hall"un səhnəsində bir-birinin ardınca məşq etmişlər. İlk olaraq səhnəyə çıxan "Eurovision-2012" şousunun aparıcıları Eldar, Leyla və Nərgiz bu mötəbər layihənin tamaşaçılarını salamlamışlar.
Daha sonra isə səhnəyə Serbiya təmsilçisi Zeljko Yoksimoviç, Makedoniyadan olan ifaçı Kaliopi, Niderlanddan Joan Franka, maltalı Kurt Kalleya, Belarusun "Litesound" rok qrupu, portuqaliyalı Filipa Sousa, Ukrayna təmsilçisi Qaytana Essami, bolqarıstanlı Sofi Marinova, Sloveniyadan Eva Boto, Xorvatiya təmsilçisi Nina Badriç, isveçli Lorin, Gürcüstanı təmsil edən Anri Joxadze, türkiyəli Can Bonomo, estoniyalı Ott Lepland, Slovakiya müğənnisi Max Jason Mai, Norveç təmsilçisi Tooji, Bosniya və Herseqovinadan olan iştirakçı Maya Sar, Litva təmsilçisi Donny Montell çıxmışlar.
"Eurovision-2012" mahnı müsabiqəsi son on ildə keçirilən yarışmaların ən yaxşılarından biridir. Tədbirə yüksək səviyyədə hazırlıq aparılmışdır". Bu fikirləri "Eurovision-2012" yarışmasını izləmək üçün Bakıya gəlmiş Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərindən fanat Pavel Okuşka və Murmanskdan olan jurnalist Sergey Trofimov demişlər.
Pavel
Okuşka hələ 1999-cu ildən bu yarışmanın pərəstişkarı
olduğunu, müsabiqədə isə ilk dəfədir şəxsən
iştirak etdiyini bildirmişdir. Sergey Trofimov isə jurnalist
kimi artıq uzun müddətdir ki, "Eurovision" mahnı
müsabiqəsini işıqlandırır.
Müsabiqədən
danışan qonaqlar nəzərə
çatdırmışlar ki, builki yarışmaya çox
yaxşı mahnılar təqdim olunduğundan kiminsə qalib
gələcəyini dərhal söyləmək çətindir.
Onlar şouda Rusiyanı təmsil edən "Buranovskiye
babuşki" qrupunu dəstəklədiklərini
bildirmiş, həmçinin İslandiya, Danimarka, Moldova,
Yunanıstan təmsilçilərinin ifalarını yüksək
dəyərləndirmişlər. Vurğulanmışdır
ki, Azərbaycanın təmsilçisi Səbinə Babayeva
çox güclü vokalçıdır, bəlkə də
qalib o olacaqdır. O zaman onlar yenidən məmnuniyyətlə
ölkəmizə gələcəklər.
Rusiyalı
nümayəndələr, həmçinin belə möhtəşəm
tədbirin öz ölkələrində keçiriləcəyi
təqdirdə Azərbaycan kimi qonaqpərvər
olacaqlarını diqqətə çatdırmışlar.
İlk
dəfədir ölkəmizə gəldiklərini və
artıq bir həftəyə yaxın müddətdir
Bakıda olduqlarını deyən Pavel və Sergey
paytaxtımıza vurulduqlarını bildirmişlər.
Bakı gözəl və təmiz şəhərdir. Burada Xəzərdən
başlayaraq hər şey könül oxşayır. Dərhal
görünür ki, sakinlər yaşadıqları şəhəri
çox sevirlər. Onlar qonaqpərvər, ünsiyyətcildirlər.
Biləndə ki, biz Rusiyadanıq, çox sevinirlər.
Yaxşı hal odur ki, müasir tikililərin fonunda
Bakının qədim obrazı da saxlanılmışdır.
Qız qalası və digər abidələr insanı valeh
edir. Hər bir şeyə görə çox sağ
olun".
"Eurovision-2012"
mahnı müsabiqəsinə Gürcüstandan fanat kimi
qatılmış Laşa Lortkiphanidze demişdir ki, Bakıda
"Eurovision-2012" mahnı müsabiqəsinə
hazırlıq işləri çox yüksək səviyyədə
aparılmışdır. Bunu şəhərin hər yerində
görmək mümkündür. O, özünün
Gürcüstanda yaratdığı ilk fanklubu təmsil
etdiyini və ümumiyyətlə, mahnı müsabiqəsinə
ilk dəfə fanat kimi qatıldığını diqqətə
çatdırmışdır.
Laşa Lortkiphanidze,
həmçinin "Baku Crystal
Hall"un, onun səhnəsinin çox
gözəl, heyranedici olduğunu
vurğulamışdır. Bildirmişdir ki, Mətbuat Mərkəzində
hər bir şəraitin
yaradılması, o cümlədən
kompyuterlər, fanlar üçün
xüsusi lövhə, istirahət yeri - bütün bunlar tədbirə yüksək səviyyədə
hazırlıq aparıldığını göstərir.
Azərbaycan.- 2012.- 25 may.- S. 6.