Azərbaycan ilə Bolqarıstan arasında iqtisadi sahədə əməkdaşlığı genişləndirmək, ticarət dövriyyəsini artırmaq üçün yaxşı potensial, möhkəm hüquqi baza vardır

 

  Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva mayın 14-də Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.

Bolqarıstan parlamentinin sədri Milli Məclisin iclas zalına baxmış, Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, keçirdiyi görüşləri əks etdirən fotomateriallar qonaqda dərin təəssürat yaratmışdır.

Sonra Tsetska Tsaçeva ilə Oqtay Əsədov arasında təkbətək görüş olmuşdur.

Daha sonra görüş geniş tərkibdə davam etdirilmişdir.

Oqtay Əsədov demişdir ki, ölkələrimiz arasındakı əlaqələrin qədim tarixi vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlamışdır. Ölkələrimizin siyasi sahədə münasibətləri yüksək səviyyədədir. İqtisadi sahədə əməkdaşlığı genişləndirmək, ticarət dövriyyəsini artırmaq üçün yaxşı potensial, möhkəm hüquqi baza vardır və hökumətlərarası komissiya bu istiqamətdə fəaliyyət göstərir. Bu yaxınlarda Bolqarıstanın Baş naziri Azərbaycanda səfərdə olmuşdur. İnanırıq ki, bu cür yüksək səviyyəli səfərlər əlaqələrimizin inkişafı üçün daha geniş imkanlar yaradacaqdır.

O.Əsədov dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunu, deputatlarımızın beynəlxalq təşkilatlardakı birgə fəaliyyətini xüsusi qeyd etmişdir.

Milli Məclisin Sədri Azərbaycanın əldə etdiyi uğurlardan danışmış, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ölkəmizin inkişafına çox ciddi maneə yaradır.

Tsetska Tsaçeva onu Azərbaycana səfərə dəvət etməsinə və  göstərilən qonaqpərvərliyə görə O.Əsədova minnətdarlığını bildirmişdir.

Bolqarıstan parlamentinin sədri qarşılıqlı səfərlərin, keçirilən görüşlərin ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə yaxşı töhfə verəcəyini xüsusi qeyd etmişdir.

Bolqarıstan Xalq Məclisinin sədri Tsetska Tsaçeva qeyd etmişdir ki, əsas məqsəd ölkələrimiz arasında əlaqələri hərtərəfli inkişaf etdirməkdir. O, bu işə parlamentlərin böyük töhfələr verəcəyinə inamını ifadə etmişdir.

Sonra görüşdə hər iki ölkənin parlamentindəki dostluq qruplarının fəaliyyətinin genişləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 15 may.- S. 1.