Azərbaycan
Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun Avropa Parlamentinin Sədri Martin Şultsa məktubu
Hörmətli həmkar!
Avropa
Parlamentinin bu il mayın 24-də Azərbaycanla bağlı qəbul
etdiyi "İnsan hüquqları, demokratiya və hüququn
aliliyinin pozulmasına dair" qətnamə bizim ölkəmizdə
təəssüf və narahatlıq hissləri
doğurmuşdur. Bununla əlaqədar olaraq qətnamədə
qaldırılan məsələlərə aydınlıq gətirmək
üçün Sizə müraciət etmək qərarına
gəldim.
Heç
bir təzyiqə və çətinliyə baxmadan Azərbaycan
Respublikası demokratiyanın şəksiz üstünlüklərini
gerçəkləşdirərək insan hüquqlarına və
azadlıqlarına hörmətə əsaslanan hüquqi
dövlət quruculuğu yolunu şüurlu surətdə və
qəti olaraq seçmişdir. 2001-ci ildən ölkəmiz
Avropa Şurasının üzvüdür, digər Avropa qurumları
ilə sıx əlaqələr saxlayır. Xüsusən, biz
Avropa İttifaqı, o cümlədən Avropa Parlamenti ilə
münasibətlərin inkişafına böyük əhəmiyyət
veririk. Azərbaycan demokratiyanın genişləndirilməsində,
insan hüquqlarının və azadlıqlarının
qorunmasında, qanunun aliliyinin təmin olunmasında və digər
məsələlərdə Avropa İttifaqı və Avropa
Parlamenti ilə səmərəli əməkdaşlıq
edir.
Avropa
İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı
Komitəsi fəaliyyət göstərir. Azərbaycan
Respublikası Avronest Parlament Assambleyasının təsisçilərindən
biridir. Bildiyiniz kimi, bu il aprel ayının əvvəllərində
Avronest Parlament Assambleyasının Avropa İttifaqının
hüdudlarından kənarda ilk sessiyası Bakıda keçirilmişdir.
İndiyədək
Avropa Parlamenti Azərbaycana dair qəbul etdiyi bir neçə
qətnamədə ölkəmizin ərazi
bütövlüyünü dəstəklədiyini
bildirmiş, Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarılmasını tələb etmişdir.
Avropa
Şurasının üzvü, Avropa İttifaqının
"Şərq tərəfdaşlığı"
proqramının fəal iştirakçısı kimi Azərbaycan
öz üzərinə müəyyən öhdəliklər
götürmüşdür və bu öhdəlikləri
ardıcıl surətdə yerinə yetirmək
üçün əzmlə çalışır. Azərbaycanın
Konstitusiyasında insan və vətəndaş
hüquqlarının və azadlıqlarının, vətəndaşların
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin
ali məqsədi elan edilmişdir. Konstitusiyanın
üçdəbir hissəsi insan hüquqlarına həsr
olunmuşdur. Demokratik, hüquqi dövlət quruculuğu,
qanunun aliliyinin təmin edilməsi üçün
genişmiqyaslı işlər müntəzəm həyata keçirilir.
İnsan
hüquqlarının və azadlıqlarının
qorunması istiqamətində bir çox qanunlar, o cümlədən
"Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi
haqqında" Konstitusiya Qanunu, Seçki Məcəlləsi,
"Sərbəst toplaşmaq azadlığı
haqqında", "Siyasi partiyalar haqqında",
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında", "Dini etiqad azadlığı
haqqında", "İnformasiya əldə etmək
haqqında", "Məlumat azadlığı
haqqında", "Gender bərabərliyinin təminatları
haqqında", "Həbs yerlərində saxlanılan
şəxslərin hüquq və azadlıqlarının təmin
edilməsi haqqında" və digər qanunlar qəbul
edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara
uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət
orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa
Şurasının Venesiya komissiyası, ATƏT-in Demokratik Təsisatlar
və İnsan Hüquqları Bürosu və digər
nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq
etmişlər. Qeyd etmək yerinə düşər ki,
göstərilən Məcəllə və qanunlar yalnız həmin
təşkilatların müsbət rəyi alındıqdan
sonra parlamentin müzakirəsinə
çıxarılmışdır. Bununla yanaşı, Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində milli fəaliyyət
proqramı"nda nəzərdə tutulan tədbirlər həyata
keçirilməkdədir.
Azərbaycan
Respublikası insan hüquqlarının qorunması ilə
bağlı bütün beynəlxalq sazişlərə
qoşulmuşdur. İnsan hüquqlarının və
azadlıqlarının qorunmasına dövlət səviyyəsində
göstərilən diqqətin ifadəsi kimi, "İnsan
hüquqlarının və əsas azadlıqlarının
qorunması haqqında" Avropa Konvensiyasından və
"Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq
Paktdan irəli gələn öhdəliklərin
genişmiqyaslı implementasiyası təmin edilmişdir.
Əlbəttə,
biz yaxşı başa düşürük ki, bu sahədə
müəyyən nöqsanlar vardır. Azərbaycan gənc
demokratik ölkədir, demokratiyanın imkanları isə
tükənməzdir, demokratik dəyərlər sistemi hər
gün daha da zənginləşir, zaman yeni-yeni problemləri
qarşıya çıxarır. Əsas məsələ budur
ki, müəyyən edilən
çatışmazlıqları aradan qaldırmaq
üçün məqsədyönlü iş
aparılır. Bu sahədə beynəlxalq təşkilatların
göstərə biləcəyi köməyin əhəmiyyəti
çox böyükdür. Amma bu məsələdə
qeyri-obyektivliyə yol verilməsi əsla işin xeyrinə
deyildir. Baş verən ayrı-ayrı halları ümumiləşdirərək
Azərbaycanda həyata keçirilən demokratik prosesləri
gözdən salmağa, xüsusi məsələləri
ümumi inkişaf meyili kimi təqdim etməyə cəhd
göstərilməsi məsələlərə birtərəfli
yanaşmanı nümayiş etdirir. Bütün bunları nəzərə
aldıqda, Avropa Parlamentinin son qətnaməsi ümumi ruhuna və mətninə
görə Azərbaycanda insan hüquqlarının və
azadlıqlarının qorunması, qanunun aliliyinin təmin
edilməsi, hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğu sahəsində həyata keçirilən işlərin
üstündən xətt çəkmək cəhdi kimi qiymətləndirilə
bilər. Hesab edirəm ki, qətnamənin bu şəkildə
qəbul edilməsinin başlıca səbəblərindən
biri müzakirələrdə Azərbaycan tərəfinin
arqumentlərinin nəzərə alınmaması, dəqiq
olmayan və yoxlanılmamış məlumatların əsas
götürülməsi ilə bağlı olmuşdur. Azərbaycana
aid məsələnin Avropa Parlamentinin gündəliyinə təcili
məsələ kimi daxil edilməsi və qətnamənin az
sayda deputatın iştirakı ilə qəbul edilməsi isə bunun qərəzli və ədalətsiz
addım olduğunu göstərir.
Əvvəla,
qeyd edim ki, Azərbaycanda demokratiyanın inkişafı, insan
hüquqlarının qorunması vəziyyəti heç də
qətnamədə təsvir edildiyi kimi deyildir. Ölkədə
hər bir şəxsin və siyasi qüvvənin ifadə və
toplaşma azadlığı qanunvericiliklə müəyyənləşdirilmiş
qaydada təmin edilir. Xalq arasında heç bir nüfuzu
olmayan, siyasi iflasa uğramış bəzi siyasi
partiyaların ictimaiyyət tərəfindən dəstəklənməyən
qeyri-qanuni aksiyalarının qarşısının
alınması demokratiyanın pozulması, insan
hüquqlarının tapdalanması kimi qiymətləndirilməməlidir.
Hamıya məlumdur ki, Avropanın qabaqcıl dövlətlərində
də qanunsuz aksiyaların qarşısını almaq, ictimai
asayişi qorumaq üçün qanunla nəzərdə
tutulmuş bütün üsullar tətbiq edilir. Qətnamədə
siyasi mülahizələrə görə həbsə
alındıqları iddia olunan şəxslər siyasi
mülahizələrə görə deyil, konkret qanuna zidd əməllərinə
görə məhkəmənin qərarı ilə məhkum
edilmişlər.
İfadə
və informasiya azadlığının həyata keçirilməsi
üçün geniş imkanlar yaradılmışdır. Bu
sahədə vəziyyəti təsəvvür etmək
üçün bircə faktı qeyd etmək kifayətdir ki, bu gün 9 milyon əhalisi olan
bir ölkədə 4600-dən çox kütləvi
informasiya vasitəsi qeydiyyatdan keçmişdir. Ölkə
üzrə 9 telekanal, 14 regional televiziya, 14 radio
yayımlanır və 14 kabel televiziyası, 50-dən çox
informasiya agentliyi işləyir. 20-dən çox internet
televiziyası, 50 xəbər portalı (30-u daimi) elektron
kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərir.
40 qəzet hər gün, 200-dən çox qəzet isə həftədə
və ya ayda 2 dəfə çıxır. Ölkədə
112 jurnal nəşr edilir, regionlarda 100-dən çox qəzet
çıxır. Azərbaycanda 30-dan çox jurnalist təşkilatı,
qəzet və jurnalların satışı üzrə 23
yayım şirkəti vardır.
Azərbaycanda
internetdən istifadə tam sərbəstdir, bütün sosial
şəbəkələr və digər internet resursları
maneəsiz fəaliyyət göstərirlər. Diffamasiya
haqqında qanun layihəsinin hazırlanması istiqamətində
iş davam etdirilir. Qətnamədə adıçəkilən
jurnalistlər və blogerlər
məhz jurnalist və bloger olduqlarına görə
deyil, konkret qanun pozuntularına görə tutulmuşlar.
Azərbaycanda
məhkəmə sisteminin bütün pillələrində əsaslı
islahatlar aparılmışdır. Beynəlxalq standartlara cavab
verən və məhkəmə prosesinin bütün mərhələlərində
insan hüquqlarının qorunmasını və qanunun
aliliyini təmin edən çoxpilləli məhkəmə təsisatı
formalaşdırılmışdır. Bu prosesdə həm
Avropa Şurası, həm də Avropa İttifaqı fəal
rol oynamışlar. Bu təşkilatlar
Şərq tərəfdaşlığı ölkələrində
məhkəmə islahatlarının gücləndirilməsi
layihəsinə dair hesabatda Azərbaycanın bu sahədə
təcrübəsini yüksək qiymətləndirmiş və
digər üzv dövlətlərə müsbət nümunə
kimi göstərmişlər.
İnsanların
məcburi köçürülməsi və binaların
sökülməsi ilə əlaqədar qətnamədə
ifadə edilən narahatlığı başa düşmək
olar. Əslində isə burada da vəziyyət heç də
qələmə verildiyi kimi deyildir. Bakı şəhərində
yenidənqurma işlərinin gedişində
köçürmə problemi meydana gəldikdə qanunla nəzərdə
tutulmuş prosedurlar tətbiq edilir. Bəzi hallarda mülki
hüquq qaydasında tərəflər öz aralarında
razılığa gəlirlər, dövlət ehtiyacları
üçün torpaq sahələrinin alınması
zamanı köçürmə halında isə
boşaldılan mənzilin hər kvadratmetri üçün
təqribən 1500 avro məbləğində kompensasiya
ödənilir. Bu vəsaitlə Bakı şəhərinin
müxtəlif yerlərində keyfiyyətli mənzil əldə
etmək mümkündür.
O ki
qaldı qətnamədə dövlət
başçısının adının
hallandırılması, mən bunu etik qaydalar, mənəvi dəyərlər
baxımından tamamilə yolverilməz hesab edirəm.
Müstəqil dövlət olaraq Azərbaycan tərəfi bu əsassız
iddiaları qətiyyətlə rədd edir.
Azərbaycan
Respublikası coğrafi-siyasi vəziyyətinə görə
mürəkkəb bir bölgədə yerləşir. Bir tərəfdən,
ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan
Respublikası ilə hərbi qarşıdurma və faktiki
müharibə vəziyyətindəyik. Cənubdan islam
fundamentalizmi təhlükəsi getdikcə güclənir. Amma
bütün bu amillərə baxmayaraq, Azərbaycan
Respublikası özünün demokratik, hüquqi, dünyəvi
xarakterini, tolerantlığını qoruyub saxlayır,
terrorizmə, ekstremizmə qarşı mübarizənin ön
sıralarındadır, müstəqil xarici siyasət xəttindən
geri çəkilmir.
Belə
bir şəraitdə Avropa Parlamentinin ikili standartlara əsaslanan,
islamofobiya əlamətləri açıq-aşkar sezilən,
Azərbaycanda vəziyyəti qeyri-obyektiv şəkildə
qiymətləndirən, onun beynəlxalq imicinə zərbə
vurmağa yönələn bu cür qərəzli qətnamə
qəbul etməsi ikitərəfli münasibətlərə
kölgə salır və Avropa Parlamentinin Azərbaycana
münasibətinin səmimiliyini şübhə altına
alır. Biz bilirik ki, Avropada müəyyən qüvvələr
Azərbaycanın sürətli inkişafına, əldə
etdiyi nailiyyətlərə, həyata keçirdiyi müstəqil
siyasətə qısqanclıqla yanaşır və həsəd
aparırlar. Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın
həmin qüvvələrin təsiri altına düşməsi
dərin təəssüf hissi doğurur. Lakin biz
inanırıq ki, Azərbaycanı hədəfə alan bu
cür aksiyalar bizi öz yolumuzdan döndərə bilməyəcək,
demokratiyaya, insan hüquqlarına və azadlıqlarına,
qanunun aliliyinə inamımızı sarsıtmayacaqdır.
Bakı, 25 may 2012-ci il
Azərbaycan.- 2012.- 26 may.- S. 3.