Avropa Parlamentinin
yanaşması qərəzlidir və qəbuledilməzdir
Avropa Parlamentində (AP) guya Azərbaycanda insan hüquqlarının və söz azadlığının pozulması ilə bağlı ötən gün qəbul olunmuş qətnamə qeyri-dəqiqdir. Məsələni araşdırmadan, səthi yanaşaraq, hətta parlamentin salonunda azsaylı deputatın iştirakı ilə tələsik bu cür qətnamənin qəbul olunması AP-nin qeyri-dürüst, reallığı əks etdirməyən, düşünülməmiş və ədalətsiz bir addımıdır.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mayın 25-də keçirdiyi mətbuat konfransında demişdir.
E.Abdullayev bildirmişdir ki, hətta AP-nin bəzi deputatları bu qətnamənin doğru olmadığını bildirmiş və məsələni araşdırdıqdan sonra müzakirəyə çıxarılmasını təklif etmişlər. Lakin buna baxmayaraq, qətnamə qəbul edilmişdir.
Hər hansı bir insidenti şişirdib onu ümumiləşdirmək və siyasi rəng vermək AP-nin mövqeyinin bitərəfliyinə böyük zərbədir. Bunun Azərbaycana qarşı aparılan çirkin siyasi kampaniya olmasına heç bir şübhə yoxdur. Bu, Azərbaycanın ildən-ilə artan siyasi nüfuzuna xələl gətirilməsinə yönəlmişdir. Belə yanaşan avropalı deputatlar nə üçün Avropa ölkələrində gündən-günə artan islamofobiya, antisemitizm, dini, irqi və milli ayrı-seçkiliklə bağlı qeydə alınmış çoxsaylı faktlarla əlaqədar qətnamə qəbul etmirlər? Ayrı-ayrı şəxslər tərəfindən törədilən cinayət işlərinə siyasi rəng vermək qəbuledilməzdir.
Xarici İşlər Nazirliyinin rəsmisi vurğulamışdır ki, Azərbaycanda müxalif fikirli insanlar, siyasi partiyalar və onların mediası üçün yaradılmış şərait heç də Avropada yaradılmış imkanlardan geri qalmır, hətta bəzən onlardan da yaxşıdır. Azərbaycan dövləti çox gözəl bilir ki, Avropada fəaliyyət göstərən bir sıra medialara nəzarət necə və hansı qüvvələr tərəfindən həyata keçirilir. Öz problemlərinə göz yumurlar və digərlərinə məsləhət verirlər ki, bu da Avropa siyasətçilərinin dürüst mövqeyini şübhə altına qoyur.
Bu, təzyiq xarakterli kampaniyadır. Heç
kim Azərbaycana təzyiq edə bilməz.
Azərbaycanın heç kimin
məsləhətinə ehtiyacı yoxdur.
Biz müstəqilik, heç
kim bizə nə etməli olduğumuzu
deyə bilməz. Azərbaycana qarşı qətnamədə
öz əksini tapmış ittihamlar absurddur və qəbuledilməzdir.
Azərbaycan.- 2012.- 26 may.- S. 3.