Ziyafət Əsgərov:
“Azərbaycan ilə NATO
arasında əlaqələr yüksələn xətt
üzrə inkişaf edir”
AzərTAc-ın xəbər verdiyi kimi, mayın 25-də Tallinndə NATO Parlament Assambleyasının yaz sessiyası işə başlamışdır. Deputatlar Siyavuş Novruzov, Tahir Süleymanov, Qüdrət Həsənquliyevin daxil olduqları Azərbaycan nümayəndə heyətinə Milli Məclis Sədrinin müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov başçılıq edir.
Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov AzərTAc-ın müxbiri ilə söhbətində NATO ilə əlaqələrin qurulması tarixindən danışaraq bildirmişdir ki, təməli 1994-cü ildə qoyulmuş Azərbaycan-NATO münasibətləri "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıqdan başlamış, 1996-cı ildə isə Azərbaycan ilə NATO arasında fərdi tərəfdaşlıq Proqramı imzalanmışdır.
NATO-nun Parlament Assambleyası
ilə də əməkdaşlıq həyata
keçirilir. 2002-ci ilin
noyabrında Azərbaycan
NATO-nun Parlament Assambleyasının
assosiativ üzvü olmuşdur. NATO PA-nın "Rouz-Ross" seminarı iki dəfə Bakıda keçirilmişdir. Təşkilatın
assosiativ üzvü kimi biz NATO-nun bütün
seminarlarında və
sessiyalarında iştirak
edir, müzakirə olunan məsələlərə
Azərbaycanın maraqlarına
uyğun münasibətimizi
bildiririk.
Bizim üçün əsas məsələ Azərbaycanın təhlükəsizliyinin təmin olunmasıdır. Sessiyalarda və seminarlarda biz həmişə Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunuruq. Bu məsələni gündəliyə elə çıxarırıq ki, NATO və NATO PA onu diqqətdən kənarda qoymasın.
2002-ci ildə Dağlıq Qarabağ məsələsi komitənin iclasında müzakirə edilmişdir və komitə səviyyəsində qərar qəbul olunmuşdur. Lakin biz çalışırıq ki, münaqişəyə NATO-nun PA-da öz münasibətini bildirsin. Doğrudur, NATO rəhbərliyinin sözlərinə görə, bu məsələ qurumun mandatına uyğun deyildir, lakin Şimali Atlantika təşkilatı regionda təhlükəsizliyin arxitekturası ilə məşğul olursa, onda bu ədalətsizliyə mütləq öz münasibətini bildirməlidir.
Beynəlxalq təşkilatların üzvü olan, insan hüquqlarının pozulması ilə mübarizə aparan NATO Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi ilə necə barışa bilər? Odur ki, NATO PA-nın yaz sessiyası çərçivəsində qurumun rəhbərliyi ilə görüşməyi, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünə diqqəti cəlb etməyi planlaşdırırıq. Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmamışdır, ölkəmizin təhlükəsizliyinin təmin olunması məsələsi həll olunmamış qalır.
Qeyd edim ki, həm Çikaqo sammitində, həm də NATO-nun Riqa, Buxarest və Lissabon sammitlərində Dağlıq Qarabağ problemi həmişə gündəlikdə olmuşdur və NATO Azərbaycanın ərazi bütövlüyünü açıq və dəqiq şəkildə dəstəkləmişdir. Ermənistan isə bunu heç cür "həzm" edə bilmir. Bu, bizə NATO çərçivəsində əməkdaşlıq üçün də vacibdir. Qeyd edim ki, Azərbaycan ilə NATO arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
Z.Əsgərov NATO PA yaz sessiyasının gündəliyi məsələsinə toxunaraq demişdir ki, regionumuz üçün aktual məsələ İranın nüvə proqramı və əlbəttə, Ermənistanın Metsamor atom stansiyasıdır. 1976-cı ildə istifadəyə verilmiş Metsamor AES təkcə seysmik zonada yerləşən Ermənistan üçün deyil, bütövlükdə region üçün təhlükəlidir. MAQATE-nin məlumatına görə, Metsamor AES dünyada ən təhlükəli AES-dir və onun təhlükəsizliyinin təminatı çox aşağı səviyyədədir. Bu AES-in qəzaya uğraması qlobal ekoloji fəlakətə gətirib çıxara bilər və biz onun bağlanmasında maraqlıyıq.
Nigar HÜSEYNOVA
Azərbaycan.- 2012.- 26 may.- S. 4.