Beynəlxalq Dəniz
Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin
90-cı sessiyası işini başa çatdırıb
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 16-25 may 2012-ci il tarixlərində London şəhərində keçirilmiş 90-cı sessiyasında iştirak etmişdir.
168 üzv dövlətin və müxtəlif beynəlxalq təşkilatların iştirak etdiyi sessiyada dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsi ilə bağlı standartların müəyyən edilməsi, Uzaq Məsafədən Tanınma və İzləmə sistemi (UMTİLRİT) ilə əlaqədar məsələlər, dövlət bayraq nəzarəti, radio əlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, naviqasiya təhlükəsizliyi, yanğından mühafizə, təhlükəli maddələrin, bərk yüklərin və konteynerlərin daşınması, nəqliyyat gəmilərinin davamlılığı, "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"nın tətbiqi və s. kimi dəniz nəqliyyatı sahəsi üzrə əhəmiyyətli məsələlərə dair müzakirələr aparılmışdır.
Eyni zamanda, Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında son dövrlərdə beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə görülmüş işlər və hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlər barədə adıçəkilən təşkilatın yeni seçilmiş Baş katibi Koji Sekimizunun geniş nitqi dinlənilmişdir.
Xüsusilə qeyd edilməlidir ki, Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında Azərbaycan Respublikasında dənizçilərə verilən diplom və sertifikatların "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"ya uyğunluğu ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən hazırlanmış hesabat Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Kanada və İsrail tərəfindən təqdim olunmuş eyniməzmunlu hesabatlarla birgə komitənin sessiyasının müzakirəsinə təqdim edilmişdir.
Qeyd olunan hesabatın yüksək səviyyədə tərtib olunduğu üzv dövlətlər tərəfindən xüsusilə vurğulanmış və hesabat əsasında Azərbaycan Respublikasında dənizçilərə diplom və sertifikatların verilməsi prosesinin "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"ya uyğun təşkil edilmiş hesab olunması barədə qərar qəbul edilmişdir.
Beynəlxalq Dəniz Təşkilatı Dəniz
Təhlükəsizliyi Komitəsinin 90-cı sessiyası öz işini dəniz təhlükəsizliyi
üzrə bir sıra mühüm
qərarların qəbul edilməsi ilə
yekunlaşdırmışdır.
Azərbaycan.- 2012.- 26 may.- S. 4.