Türkiyənin “Today’s Zaman” qəzetində “Azərbaycana
qarşı kor və kar
olmaq” sərlövhəli
başlıqlı məqalə dərc olunmuşdur
Türkiyənin ingilisdilli "Today's Zaman" qəzetində "Azərbaycana qarşı kor və kar olmaq" sərlövhəli başlıqlı məqalə dərc olunmuşdur.
Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Elsevər Salmanovun müəllifi olduğu məqalədə bildirilir ki, ulu öndər Heydər Əliyev 71 il ərzində Sovet İttifaqının tərkibində olan və məşəqqətli bir yol keçmiş ölkəmizin gələcəyinə bir ümid işığı oldu. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra da xalqımız "ikili standartlar" siyasəti ilə üz-üzə qalmışdır. Lakin modern dünya ilə inteqrasiya, sahib olduğu sərvətlərdən faydalanmaq üçün Azərbaycan son 20 ildə mühüm addımlar atmışdır. Beynəlxalq kredit təşkilatlarının ölkəmiz ilə bağlı hesabatları və iqtisadiyyatımızın bütün Cənubi Qafqazın ümumi iqtisadiyyatının 80 faizini təşkil etməsi artıq bir reallıqdır. Dünyada hökm sürən iqtisadi böhranın təsirindən uzaq qalan Azərbaycan iqtisadiyyatında son illər də inamlı artım davam etmiş, digər ölkələrdə böyük sərmayələr qoyulmuşdur.
Məqalədə vurğulanır ki, Azərbaycan diplomatiyasının dünyada fəal və rasional siyasət yürütməsi nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi isə sosial-mədəni həyatımızda olan nailiyyətlərin bir örnəyi olmuşdur. Lakin təəssüflə qeyd edilməlidir ki, "modern dünya" hələ də bu tərəqqi və inkişafı tam olaraq görmək istəmir, "əzabkeş" obrazı yaradan Ermənistanın yalanlarının yarısı qədər də bizim məruz qaldığımız haqsızlıqlara diqqət yetirmir. Bu kor münasibətə "fərqli düşüncə sahibləri"nin də müxtəlif ambisiyalarla ortaya atdıqları bədnam tezisləri əlavə etmək olar. Amma, bütün bunlara rəğmən Azərbaycan inkişaf və tərəqqi yolu ilə inamla addımlayır.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 26 may.- S. 5.