Türkiyənin
aparıcı KİV-ləri Azərbaycan həqiqətlərini
şərh edir
Xəbər verdiyimiz kimi, mayın 21-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri professor Əli Həsənov Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar görülən işlər, beynəlxalq ictimaiyyətin bu məsələyə marağı ilə bağlı jurnalistlərin suallarını cavablandırmışdır. Bu mətbuat konfransı dünya KİV-lərinin diqqət mərkəzində qalmaqda davam edir.
Mətbuat konfransını işıqlandıran Türkiyənin aparıcı KİV-ləri Azərbaycan həqiqətlərini geniş şərh etmişlər.
AzərTAc Türkiyənin bir sıra nüfuzlu xəbər agentliklərinin, qəzetlərin, televiziya kanallarının saytlarının bu barədə materiallarının xülasəsini təqdim edir.
Ə.Həsənovun mətbuat konfransını geniş şərh edən Anadolu Agentliyi yazır ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri İran ilə son zamanlar yaşanan hadisələrdən danışarkən demişdir ki, İran onun dostu ilə dost, düşməni ilə düşmən olmağımızı istəyir. Biz bütün dövlətlərlə milli maraqlarımız üçün əlaqələr qururuq. Qərbin İran əleyhdarı fəaliyyətində iştirak etmirik. İrana ediləcək hər hansı hücuma da qarşıyıq.
Agentlik Ə.Həsənovun sözlərindən sitat gətirir: "Azərbaycan çox mühüm bir tədbirə ev sahibliyi edir. Bakıya çoxlu sayda qonaq gəlmişdir. Azərbaycana gələn bütün qonaqların təhlükəsizliyi dövlətin zəmanəti altındadır".
"Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar son günlərdə gərginləşən Azərbaycan-İran münasibətlərinə dair Ə.Həsənovun fikirlərini şərh edən agentlik yazır: "İran islam aləminin ən böyük dövlətlərindən biridir. Azərbaycan da müsəlman bir dövlətdir. Lakin biz nə şiə, nə də ki sünni dövlət deyilik. Bizim öz din modelimiz vardır. Biz müqəddəs Qurani-Kərim və Peyğəmbərin təbliğ etdiyi islamı qəbul edirik.
Məqalənin müəllifi "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində guya Bakıda gey-paradın keçiriləcəyi ilə bağlı İran tərəfindən yayılan şayiələrə dair Ə.Həsənovun fikirlərindən sitat gətirərək yazır: "Cinsi azlıqların yürüşünün olmadığı halda, bu məsələ ilə bağlı nümayişlər təşkil edən İrandakı qruplar tərəfindən Azərbaycanın torpaqlarını işğal edən və Xocalıda soyqırımı törədən Ermənistana qarşı niyə heç bir etiraz aksiyası keçirilmir?!"
Türkiyənin digər bir xəbər agentliyi - "Cihan" isə Ə.Həsənovun mətbuat konfransı ilə bağlı yazır: "Azərbaycan hökuməti Bakıda gey-paradın keçirilməsi ilə bağlı İran tərəfindən yayılan şayiələri rədd etmişdir".
Ə.Həsənovun bu məsələ ilə bağlı münasibətindən yazan müəllif qeyd etmişdir ki, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Bakıda keçirilən "Eurovision -2012" mahnı müsabiqəsinin gey-parad adlandırılmasının qəbuledilməz olduğunu demişdir.
Agentlik Ə.Həsənovun fikirlərindən sitat gətirir: "İran ölkəmizi islam əleyhdarı bir dövlət, "Eurovision" mahnı müsabiqəsini isə "homoseksualların nümayişi" şəklində qələmə verərək ağla gəlməyəcək sözlərlə bu tədbiri qaralamağa çalışır. İran olmayan bir şey haqqında yalan bəyanatlar yayır". Müəllif yazır ki, Ə.Həsənov qonşuları ilə yaxşı münasibətlər qurmaq tərəfdarı olan Azərbaycanın buna bənzər ləkələrdən hər zaman narahatlıq keçirdiyini demişdir. Son günlərdə İranda Azərbaycanın diplomatik nümayəndəliklərinin qarşısında Bakı əleyhinə nümayişlərin təşkil edilməsinə hər hansı səbəb tapa bilmədiklərini deyən Ə.Həsənov vurğulamışdır ki, Azərbaycanda "gey" sözünün qarşılığı belə yoxdur, amma İranda vardır və davamlı bu məsələyə toxunmaq çox təəccüblüdür".
Ə.Həsənovun mətbuat konfransını şərh edən Kanal D və NTV televiziya kanalları, "Radyovizyon" radiosunun saytı da qeyd etmişlər ki, Azərbaycanın iqtisadi inkişafı İranı narahat edir. Ə.Həsənov müsabiqə ərəfəsində antiazərbaycan təbliğatının ikinci mənbəyi kimi, Azərbaycanın demokratik prinsiplərini pozmağa çalışan bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatlarının, o cümlədən "Amnesty International" və "Human Rights Watch"ın adlarını çəkmişdir. Bu təşkilatlar Azərbaycanın imicini zəiflətmək üçün məqsədyönlü fəaliyyətlə məşğuldurlar. Bu təşkilatlar əsassız xəbərlər yayır.
"Showhaber", "Haber aktuel", "Dünya times", "Haberler", "Gazeteses" kimi KİV-lərin saytları da Ə.Həsənovun mətbuat konfransındakı çıxışını şərh edərək yazır: "Eurovision-2012" mahnı müsabiqəsini izləmək üçün Azərbaycana gələn qonaqların təhlükəsizliyi dövlətimiz tərəfindən tam təmin ediləcək və müsabiqə zamanı onlara qarşı hər hansı kiçik də belə olsa, narahatlıq hallarının yaşanmaması üçün əlimizdən gələni edəcəyik".
KİV-lər Prezident Administrasiyasının şöbə müdirinin fikirlərindən sitat gətirir: "Bizim dövlətimizin xarici ölkələrin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bütün imkanları vardır və bu məqsədlə bütün lazımi addımları atacağıq".
Azərbaycan hökumətinin guya müxalifəti sıxışdırması məsələsinə münasibət bildirən Ə.Həsənovun çıxışından fikirləri diqqətə çatdıran agentlik yazır ki, şöbə müdiri Azərbaycanda müsabiqə ilə əlaqədar bütün infrastruktur işlərinin tamamlandığını qeyd etmiş və mahnı yarışmasının iştirakçılarına uğurlar arzulamışdır.
"Sabah" qəzeti isə yazır: "İran ilə Azərbaycan arasında "Eurovision-2012" mahnı müsabiqəsi ilə başlayan söz dueli diplomatik böhranla nəticələndi. İranın Bakıdakı səfiri Məhəmməd Bağır Bəhrami öz ölkəsinə çağırıldı. Böhran İranın Azərbaycan əleyhinə olan təbliğatından sonra ortaya çıxdı".
Mətbu orqanı Ə.Həsənovun sözlərinə istinadla qeyd edir ki, Bakının regionda cazibə mərkəzi olması İranda bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır.
Ə.Həsənovun mətbuat konfransındakı fikirlərindən sitat gətirən qəzet yazır: "Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, son günlərdə İranda ölkəmizin diplomatik nümayəndəliklərinin qarşısında Azərbaycan əleyhinə nümayişlər keçirilir".
"İranda bəzi
qüvvələr Bakıda "Eurovision"
mahnı müsabiqəsinin keçirilməsinə
qısqanclıqla yanaşaraq Azərbaycanı
əsassız tənqid edirlər. Bu halda onlar, ümumiyyətlə,
mövcud olmayan bir məsələ - hansısa "mavi"lərin
paradı üzərində diqqəti cəmləşdirirlər",
- deyə qəzetdə vurğulanır.
Azərbaycan.- 2012.- 26 may.- S. 5.