Azərbaycan həqiqətləri dünya mətbuatının diqqət mərkəzində qalmaqda davam edir

 

Dünya mətbuatı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri professor Əli Həsənovun "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar görülən işlər, beynəlxalq ictimaiyyətin bu məsələyə marağı ilə bağlı mayın 21-də Bakıda keçirdiyi mətbuat konfransını işıqlandırmaqda davam edir.

AzərTAc bəzi nüfuzlu qəzetlərin bu barədə materiallarının xülasəsini təqdim edir.

Böyük Britaniyanın "The Telegraph" qəzeti Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərək yazır: "Təəssüf ki, bu gün Azərbaycan müxalifəti diqqəti özünə cəlb etmək məqsədilə "Eurovision" mahnı müsabiqəsindən bir vasitə kimi istifadə edir. Əslində isə müxalifətin uzun illərdir uğur qazana bilməməsinin səbəbi indiyədək Azərbaycan xalqına heç nə təklif etməməsidir. Həqiqət budur ki, Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir".

"Eurasia Review" xəbər portalı yazır ki, son vaxtlar İranın kütləvi informasiya vasitələrində "Eurovision-2012" mahnı müsabiqəsi zamanı Bakıda "mavi"lərin paradının keçiriləcəyi ilə bağlı əsassız şayiələr yayılır. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov isə bu cür şayiələrin qərəzli olaraq yayıldığını və qətiyyən həqiqəti əks etdirmədiyini bildirmişdir.

Yazıda qeyd edilir ki, Əli Həsənov bəzi Avropa kütləvi informasiya vasitələrinin və "Amnesty International" və "Human Rights Watch" kimi təşkilatların Azərbaycana qarşı ləkələmə kampaniyası aparmasının səbəbinin ölkənin beynəlxalq imicini korlamaq məqsədi daşıdığını bildirmişdir.

Qətərin nüfuzlu "Gulf Times" qəzeti də professor Əli Həsənovun keçirdiyi mətbuat konfransı ilə bağlı məqalə dərc etmiş, son günlərdə İran kütləvi informasiya vasitələrində yayılan əsassız şayiələrlə bağlı şöbə müdirinin şərhlərinə geniş yer vermişdir.

ABŞ-ın "Chicago Tribune" qəzeti Qərbin bəzi kütləvi informasiya vasitələrində gedən antiazərbaycan kampaniyasına Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun mətbuat konfransında səsləndirdiyi fikirlərə istinadən yazır: "Onların bu iddiaları əsassızdır və ölkədə mövcud olan real vəziyyətə uyğun deyildir".

"Eurovision-2012"nin keçirildiyi "Baku Crystal Hall"un Xəzər dənizi sahilində yerləşən möhtəşəm kompleks olduğu qeyd edilən məqalədə ölkəmizə gələn xaricilərin Azərbaycan xalqının qonaqpərvərliyi haqqında söylədiyi fikirlər də əksini tapmışdır.

Müəllif qeyd edir ki, müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda xeyli hazırlıq işləri görülmüşdür. Bildirilir ki, hətta küçələrdə hərəkət edən avtobusların və taksilərin üzərində də "Eurovision-2012"nin şüarı - "Öz məşəlini alovlandır!" sözlərini görmək mümkündür.

 

 

Azərbaycan.- 2012.- 26 may.- S. 5.