Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində Azərbaycan ilə bağlı
məqalə dərc edilmişdir
Mərakeşdə geniş oxucu kütləsinə malik "Əl-İslah və ət-Tənmiyə" qəzetinin 25 may tarixli nömrəsində Azərbaycan ilə bağlı geniş məqalə dərc edilmişdir.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a verilən məlumata görə, qəzetin redaktoru Əhməd Moutçounun ölkəmizin səfiri Sabir Ağabəyovla müsahibəsi əsasında hazırlanmış məqalə qəzetin üç səhifəsini əhatə edir.
Məqalədə Azərbaycanın qədim tarixə, dərin islami köklərə, zəngin tarixi mədəniyyətə və milli adət-ənənələrə malik olması qeyd edilmiş, ölkəmizin füsunkar təbiəti, göz oxşayan mənzərələri Qafqazın mirvarisi kimi qiymətləndirilmişdir.
Yazıda 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün Azərbaycanın müasir tarixində mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir. Müstəqilliyini bərpa etdikdən bir qədər sonra ölkəmizin İslam Konfransı Təşkilatı (indiki İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul olunması, 1991-ci ildə Dakarda keçirilmiş 6-cı islam konfransında Azərbaycanın İSESCO-ya üzv seçilməsi qeyd edilərək, bu təşkilatların ölkəmizin qoşulduğu ilk beynəlxalq qurumlar olduğu vurğulanmışdır. Bundan sonra Azərbaycanın müstəqilliyinin bir çox dünya ölkələri, o cümlədən Mərakeş tərəfindən tanınması, 1992-ci ilin mart ayında Azərbaycanın BMT-yə, həmin ilin iyulunda ATƏT-ə üzv olması məqalədə əksini tapmışdır.
Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızın müstəqilliyinin bərpasından ötən 20 il ərzində siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində böyük uğurların qazanıldığı diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, müstəqilliyinin ilk illərində Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş, Ermənistanın təcavüzünə məruz qalmışdır.
Torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal edildiyi, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə salındığı, erməni işğalçıları tərəfindən həmvətənlərimizə qarşı törədilmiş vəhşi cinayətlərin bəşər tarixində misli görünməmiş hadisə hesab edildiyi oxucuların diqqətinə çatdırılmışdır.
Məqalədə həmçinin BMT Baş Məclisi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə bağlı 60-285, 62-243 saylı qətnamələrinin, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq qurumlar tərəfindən də müvafiq qərarların qəbul edildiyi haqqında oxuculara məlumat verilmişdir. Xüsusi vurğulanmışdır ki, bu qətnamələr ölkəmizə qarşı erməni təcavüzünü qınayaraq ermənilərin işğal edilmiş Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmasını tələb etmişdir.
Ölkəmizin zəngin neft və qaz təbii sərvətlərindən, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasından və 20 sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ndən də məqalədə bəhs edilmiş, bunun təkcə Azərbaycan üçün deyil, eyni zamanda bütün region və Avropa üçün əhəmiyyəti qeyd edilmişdir. Müstəqillik illərində ölkəmizdə həyata keçirilmiş iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun mühüm regional əhəmiyyət daşıdığı və region üçün qlobal əhəmiyyətə malik olduğu məqalədə toxunulan mövzulardandır.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığından bugünədək Azərbaycanın böyük inkişaf yolu keçdiyi, dünya və MDB ölkələri arasında qabaqcıl yerlərdən birini tutduğu vurğulanmışdır. Ölkəmizdə irimiqyaslı inkişaf layihələrinin aparıldığı, qeyri-neft sektorunun uğurla inkişaf etdirildiyi, iqtisadiyyatımıza qoyulan daxili və xarici sərmayələrin həcminin artdığı, yoxsulluq səviyyəsinin 67 faizdən 7 faizə endiyi, regionlarda geniş quruculuq işlərinin aparıldığı, Azərbaycanın beynəlxalq arenada layiqli yer tutduğu oxucuların nəzərinə çarpdırılmışdır
Müəllif Azərbaycan-Mərakeş əlaqələrinə də toxunmuş, cari ilin avqust ayında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün qeyd ediləcəyini bildirmişdir. İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq və qarşılıqlı dəstəkdən bəhs edən müəllif ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər - Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsinə imkan verəcək bir sıra sənədlərin iclas çərçivəsində imzalanacağı haqqında məlumat vermişdir.
Eyni zamanda,
S.Ağabəyov sözügedən qəzetin redaktorunu
maraqlandıran, ölkəmizlə əlaqədar bir sıra digər sualları da
cavablandırmışdır.
Azərbaycan.- 2012.- 26 may.- S. 5.