Azərbaycan
Əfqanıstandakı NATO əməliyyatlarına töhfə
verən ölkə kimi mühüm
əhəmiyyətə malikdir
ABŞ-ın Ceymstaun Fondunun "Avrasiya gündəlik monitor" elektron nəşrində Çikaqoda keçirilmiş NATO-nun Sammiti çərçivəsində Şərqi Avropada həlli uzanan münaqişələrlə bağlı keçirilən müzakirələrə dair fondun Avrasiya Proqramının baş tədqiqatçısı Vladimir Sokorun məqaləsi dərc olunmuşdur.
Müəllif yazır ki, sammitin yekun sənədində Alyans bütün tərəfləri münaqişənin sülh yolu ilə həllinə konstruktiv və güclü siyasi iradə ilə yanaşmağa çağırmışdır. Sənəddə qeyd olunur ki, Cənubi Qafqazda və Moldovada həlli uzanan münaqişələrin mövcudluğu NATO üçün ciddi narahatlıq doğuran məsələ olaraq qalır.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu vurğulanan məqalədə bildirilir ki, 2011-ci ildən Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan bu qurumdan münaqişənin həlli ilə bağlı siyasi dəstək gözləyir.
Yazıda qeyd olunur ki, Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Azərbaycan Əfqanıstandakı NATO əməliyyatlarına töhfə verən tərəf kimi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev məhz bu məsələlərlə bağlı Çikaqo Sammitində iştirak etmişdir.
Müəllif Ermənistan prezidenti Serj Sarkisyanın tədbirdə iştirak etməkdən boyun qaçırdığını diqqətə çatdırmışdır.
Məqalədə Çikaqo
Sammitinin yekun sənədində
respublikamızın ərazi bütövlüyü,
müstəqilliyi və suverenliyinin bir daha təsdiq
olunmasının Azərbaycan tərəfini qane
etdiyi vurğulanmışdır.
Azərbaycan.- 2012.- 26 may.- S. 5.