“Eurovision-2012” Heydər Əliyev Fondunun
yüksək təşkilati dəstəyi nəticəsində
dünya musiqi tarixinə
iz qoyur
Azərbaycanın 57 illik tarixi olan populyar "Eurovision" mahnı müsabiqəsində iştirakı 2008-ci ildən başlasa da, ölkəmiz bu qısa müddətdə yarışmada möhtəşəm uğurlara imza atıb. 2008-ci ildə ilk onluğa, 2009-2010-cu illərdə ilk beşliyə düşməklə, nəhayət, ötən il müsabiqənin qalibi olmaqla Azərbaycan bir çox ölkələrin həsəd aparacağı nailiyyətlər qazanıb.
Azərbaycanın Avropanın ən populyar mahnı müsabiqəsində iştirakının təşəbbüskarı Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu layihədə ölkəmizin iştirakına özünün fəal töhfəsini verən əsas qurumdur. Fondun dəstəyi və təşkilatçılığı ölkəmizin bu yarışmada uğurla təmsil olunmasında hər zaman böyük rol oynayıb.
Ən yaxşı mahnı üzrə Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan televiziya müsabiqəsi ötən il Azərbaycan təmsilçilərinin parlaq qələbəsi ilə başa çatdığı üçün ölkəmiz bu il yarışmanı keçirmək hüququnu qazandı. Yarışmanın başa çatmasından bir neçə gün sonra - mayın 19-da Prezident İlham Əliyevin imzaladığı "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında" sərəncamına əsasən Azərbaycanın müsabiqədə iştirakının təşəbbüskarı Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradıldı.
Ötən bir ilin mənzərəsi göstərir ki, hazırlıq işləri dövlət səviyyəsində lazımi dəstəyini alaraq ən yüksək səviyyədə həyata keçirilib və Azərbaycan bu müsabiqəyə ev sahibliyini layiqincə başa vuracaq. Təşkilat Komitəsi "Eurovision-2012" mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb və uğurla icra olunmasını təmin edib.
Ötən il iyulun 4-də Heydər Əliyev Fondunda Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olmuşdur. İclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qarşıda böyük məqsədin dayandığını diqqətə çatdırmış, "Eurovision-2012" mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkil olunmasının vacibliyini vurğulamışdır. Bildirmişdir ki, müsabiqənin paytaxtımızda keçirilməsi ilə bağlı əsas istiqamətlər müəyyən edilməlidir.
Martın 7-də Mehriban xanım Əliyeva Bakı Biznes Mərkəzində "Eurovision" mahnı müsabiqəsinin tarixini əks etdirən sərgi ilə tanış olmuşdur. Əvvəlcə Mehriban xanım Əliyevaya "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar Bakıya yeni gətirilən avtobuslar barədə məlumat verilmişdir. Bildirilmişdir ki, 49 yerlik bu avtobuslar Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi zamanı Azərbaycana gələn nümayəndə heyətlərinə xidmət göstərəcəkdir. Hər nümayəndə heyətinə bir avtobus ayrılmışdır. Həmçinin məlumat verilmişdir ki, fiziki imkanları məhdud insanlara xidmət edəcək yeni "Şatl bus" adlı nəqliyyat vasitələrinin də Azərbaycana gətirilməsi nəzərdə tutulmuşdur.
Mehriban xanım Əliyeva daha sonra mərkəzdəki şərait və "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar yaradılan işçi qrupunun fəaliyyəti ilə tanış olmuşdur. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən guşələrə baxan Mehriban xanım Əliyeva milli musiqi alətlərimizin də yer aldığı stendlə tanış olmuş, elektron tablo vasitəsilə həyata keçirilən əməliyyatlara baxmışdır.
Mehriban xanım Əliyeva "Eurovision" mahnı müsabiqəsinin tarixini - başlandığı 1956-cı ildən 2011-ci ilədək dövrü əks etdirən stendə də baxmış, müsabiqənin keçirilməsi ilə bağlı təşkilati məsələlərə dair sənədlərlə tanış olmuşdur.
Martın 16-da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin növbəti iclası olmuşdur. Mehriban xanım Əliyeva "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı fəal hazırlıq işlərinin aparıldığını bildirmiş, yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlandığını qeyd etmişdir. İclasda bildirilmişdir ki, həm şounun təşkili, həm də müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə gedir. Avropa Yayımları Birliyinin mütəxəssisləri görülən işləri yüksək qiymətləndirmişlər.
Martın 20-də Heydər Əliyev Fondu tərəfindən Bakının Bilgəh qəsəbəsindəki "Jumeirah Bilgah Beach Hotel" kompleksində "Eurovision-2012"də çıxış edən 42 ölkənin nümayəndə heyətləri rəhbərləri üçün ziyafət təşkil edilmişdir. Fondun nümayəndəsi Kamran Kərimbəyov bildirmişdir ki, Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə ilə qeyd olunur. Biz novbəti bayram əhval-ruhiyyəsini cari ilin mayında Bakıda birgə yaşayacağıq.
"Eurovision" layihəsinin rəhbəri Yan Ola Sand demişdir ki, bu günlər Bakıda "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri rəhbərlərinin iclası olmuşdur. İclasda "Eurovision-2012" şousu ilə bağlı aparılan hazırlıq işləri müzakirə edilmişdir. 42 ölkədən olan nümayəndə heyətlərinə "Eurovision-2012" mahnı müsabiqəsinə aid olan məkanlar, hotellər, "Bakı Kristal Zalı" və burada təqdim olunacaq şou və hazırlıq prosesini əhatə edən digər məsələlər barədə ətraflı məlumat verilmişdir.
İclas çərçivəsində 42 ölkə arasında püşkatma mərasimi keçirilmişdır. Püşkatma nəticəsində mayın 22-də və 24-dəki yarımfinallarda iştirak edən ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunacaq 6 ölkənin çıxış ardıcıllığı müəyyən olunmuşdur.
Mayın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Fondun birinci vitse-prezidenti Leyla Əliyeva Bakıdakı "EuroClub"da görülmüş işlərlə tanış olmuşlar.
Burada Mehriban xanım Əliyevaya "EuroClub"da görülən işlərlə bağlı ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, "EuroClub" "Eurovision" mahnı müsabiqəsi tarixində şounun bütün iştirakçılarına təqdim olunan ən möhtəşəm məkanlardandır. "EuroClub"un məqsədi bütün "Eurovision-2012" yarışması iştirakçılarının əyləncələrini təmin etməkdir. Akkreditasiyadan keçmiş bütün şəxslər burada təşkil olunan tədbirlərdə iştirak edə biləcəklər. Eyni zamanda, ayrı-ayrı ölkələrin "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçiləri "EuroClub"dan özlərinin təbliğat vasitəsi kimi də istifadə edəcəklər. Başqa sözlə, iştirakçılar onların ixtiyarına veriləcək bu möhtəşəm səhnədə mahnılarını ifa edib fanatları və nümayəndə heyətlərinin üzvləri ilə əlavə təmasda olacaqlar. Burada, həmçinin hər bir nümayəndə heyəti öz gecəsini keçirəcək. İştirakçılar böyük səhnəsi olan "EuroClub"da disko-zalın, barın və restoranın xidmətindən yararlana biləcəklər.
"Eurovision" günlərində "EuroClub"da musiqiçilərin ifasında canlı və diceylərin ifasında müxtəlif janr və mövzulu musiqilər, rəqslər və digər şou proqramları təqdim edilir. Bu da Bakı "EuroClub"unun özəlliklərindən biridir. Eyni vaxtda 3 min nəfərin əylənməsi üçün nəzərdə tutulan "EuroClub"da "Eurovision"un rəsmi açılış mərasimi və yarımfinallardan sonra finala vəsiqə qazanan qaliblər üçün ziyafətlərlə yanaşı final konsertindən sonra vida gecəsinin təşkili də nəzərdə tutulur. Həm həcminə, həm də təqdim edilən müasir işıq və səhnə avadanlığına görə Bakı "EuroClub"u uzun müddət "Eurovision" fanatlarının və iştirakçılarının yadında qalacaq.
"EuroClub"da görülmüş işlərlə yaxından tanış olan Mehriban xanım Əliyeva Bakıda qarşıdakı musiqi yarışmasının yüksək səviyyədə keçirilməsində bu klubun əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirmişdir.
Onu da qeyd edək ki, "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. "Eurovision" müsabiqəsinin təskili və keçirilməsinə dəstək göstərilməsi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin müraciətini qəbul edən Heydər Əliyev Fondu beynəlxalq tədbirlərin təşkilindəki zəngin təcrübəsini ölkəmiz üçün önəmli olan bu layihəyə yönəltməyə razılıq vermişdir. Memorandumda müxtəlif mədəni tədbirlərin təşkil olunması və keçirilməsinə mütəxəssislərin cəlb edilməsi, Bakı şəhərinin müsabiqəyə uyğun bəzədilməsi, "Eurovision" mahnı müsabiqəsi həftələrində "Eurovillige", "Euroclub" kimi ənənəvi sosial proqramların təşkilində və könüllülər komandasının cəlb olunmasında yardım göstərilməsi və digər məsələlər əksini tapmışdır.
"Eurovision" mahnı müsabiqəsi həm də Azərbaycanın zəngin tarixi və mədəni irsinin dünyaya daha yaxşı tanıdılması üçün əhəmiyyətli bir hadisədir. Bu baxımdan sosial, mədəniyyət, təhsil və digər sahələrdə böyük layihələr həyata keçirən Heydər Əliyev Fondu ilə əməkdaşlıq istər təşkilati, istərsə də təbliğat sahəsində önəmli hesab olunur.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2012.- 26 may.- S. 6.