Bəşəri
və milli dəyərlərin harmoniyası
Mavi gözlü Xəzərlə daş geyimli Qız qalası İçərişəhərdə belə möhtəşəmliyin hələ çox şahidi olacaq
Xəzər dənizinin sahilində böyük amfiteatrı xatırladan əzəmətli paytaxtımız - Bakı şəhəri ilə hər bir azərbaycanlı qürur duyur, iftixar hissi keçirir. Milli eksteryerə malik tikililər paytaxtımıza xüsusi gözəllik verir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev paytaxta daim xüsusi diqqətlə yanaşaraq onun inkişafı, müasirləşməsi və gözəlləşməsi üçün bütün zəruri tədbirləri həyata keçirir.
Bakıya daxilən bağlı olan, onu varlığımızın rəmzi kimi sevən cənab İlham Əliyev ötən 9 ildə şəhərin milli üslubda inkişaf etməsi, təmizliyi, gözəlliyi, müasirliyi ilə göz oxşaması üçün əlingən gələni əsirgəmir. "Eurovision-2012" mahnı müsabiqəsi çərçivəsində paytaxtımıza gələn turistlər də bu əsrarəngiz gözəlliyin canlı şahidi kimi danışır və heyranlıqlarını gizlətmirlər.
Anri Tiqoridze,
Gürcüstandan gələn turist, musiqişünas:
- Azərbaycana
gəlişim birinci dəfə deyil.
Xalqınızın bəzi folklor nümunələri
ilə yaxından tanışam. Bir atalar
sözünüz var: yaxın qonşu uzaq qohumdan
yaxşıdır. Bu mənada Azərbaycanın
"Eurovision-2012" musiqi yarışmasına ev
sahibliyi yaxın qonşu kimi bizi çox sevindirir. Bu beynəlxalq
tədbirə Azərbaycan çox möhtəşəm hazırlaşıb. Hər
şey əladır, istər qonaqların
qarşılanması, istərsə də onlara ev sahibi kimi diqqət və qayğı göstərilməsi.
Tədbirin yüksək şəkildə, yəni beynəlxalq
və tələb olunan səviyyədə təşkili və keçirilməsi üçün
Azərbaycan dövləti və xalqı nümunəvi
hazırlaşıb. Bakını əvvəllər
də görmüşdüm, lakin o, bu günlərdə
özgə qiyafədədir. Demək,
burada beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi
təqdirəlayiqdir. Arzu edərdik ki, bizdə,
Gürcüstanda da belə möhtəşəm, dünyaya səs
salan mədəni kütləvi tədbirlər keçirilsin.
Bir
peşəkar musiqiçi olaraq "Eurovision-2012" musiqi
yarışmasının yarımfinalına qədər
izlədiyim məşqlər göstərdi ki, ümumiyyətlə,
iştirakçılarla tamaşaçıların maraq və
həvəsi eyni dərəcədədir. 21 nəfərlik
peşəkar musiqiçilərdən ibarət münsiflər
heyətinin səsvermədə iştirakı olduqca təqdirəlayiqdir.
Çünki onlar ifaçılara peşəkarcasına
səs verəcəklər. Onların ümumi səsin
50 faizini verməyə səlahiyyətləri vardır. Demək,
ən yaxşı ifaçını seçmək imkanı
var.
Mənə yarımfinalda daha xoş gələn Azərbaycan
mədəniyyətinin möhtəşəmliyinin bir daha
yüksək səviyyədə nümayişi oldu. "Natiq" ritm qrupunun qurduğu kompozisiya
ilə Azərbaycan xalqının daş dövründən gələn
mədəniyyətinin şahidinə çevrildik. Ona görə də hesab edirəm ki, Azərbaycan bu
dəfə də yarışmanın qalibləri
sırasındadır. Xalqınıza
uğurlar və əsrarəngiz gözəllikləri qoruyub
saxlamağı arzulayıram.
Yuliya Kosok,
Ukraynadan olan turist:
- Jurnalist həmkarım və həyat yoldaşım Viktorla Bakıda olmaqdan məmnunuq. Bu şəhərin gecələrinə vurulmamaq olmur. Çalışırıq ki, yaddaşımıza daha çox fakt yazaq. "Eurovision-2012"nin təmsilçiləri arasında bizim xalqın da nümayəndələri var. Əlbəttə, ilk növbədə biz bu yarışmada, sözün əsl mənasında, qalibliyə layiqlərin yer tutmasını istərdik. Təmsilçilərimizin də qələbəsinə əminlik hissi bizdə güclüdür. Bu, adi yarışma, hansısa bir istedadlı gəncin Avropaya, daha geniş mənada dünyaya təqdim olunması demək deyil. Hər bir iştirakçı ilk növbədə öz vətənini və xalqını təmsil edir. Ona görə də "Eurovision-2012" musiqi yarışması sivilizasiyaların və mədəniyyətlərin qovuşması, inteqrasiyası deməkdir. Azərbaycan dövlətinin belə möhtəşəm mədəniyyət tədbirlərinə ev sahibliyi onun inkişafının və burada demokratik cəmiyyətin formalaşmasına münbit zəmin yaradılmasının təsdiqidir. Bütünlüklə təhlükəsizlik məsələləri də yüksək səviyyədədir.
İlk məşqlərdən burada birlik, əzmkarlıq, bərabərlik, həmrəylik, qonaqpərvərlik, mədəni duyğularla yaşamaq həvəsi gördük. Viktorla çox istərdik ki, Azərbaycan bu dəfə də birinciliyə layiq görülsün. Tədbirə hazırlıq çox gözəldir. Səbinə Babayeva ilə səhnədə muğamdan bir parça ifa edən xalq artistiniz Alim Qasımovun hələ məşqlərdə yaratdıqları kompozisiyanı çox bəyəndik. Ümumiyyətlə, hər bir ifaçı təmsil etdiyi xalqın mahnılarından və ya musiqilərindən istifadə etsə, daha yaxşı sintez alınar. Axı bura beynəlxalq səhnədir və hər kəs ilk növbədə öz xalqını təmsil edir.
Mayk Livais,
Böyük
Britaniyadan gəlmiş rok qrupunun üzvü:
- Musiqi,
doğrudan da, sərhəd tanımır. Bu
xoş sədanın arxasınca Avropa məkanına daxil olan
dövlətlərdən gəlmiş istər musiqiçi,
istərsə də onların azarkeşləri bir neçə
gündür Azərbaycanın qonağıdır. Təyyarədən enən kimi bizi açıq səma,
gülərüz insanlar, xoş ovqatlı xidmətçilər
qarşıladı. İnanmazdım ki, nə
zamansa Bakıya gəlim və onun əfsanəvi dünənindən,
bugünkü həqiqətlərindən xəbərdar olum.
Bilirsiniz, biz insanları təkcə əmək
fəaliyyəti, siyasət birləşdirə bilməz.
Siyasət dövlətlərarası lazım
olan amillərdəndir. Xalqları birləşdirən
isə anlaşıqlı dil, hər kəsin duyub dərk
etdiyi musiqidir. Azərbaycanın musiqili
günlərində olmaq bizim üçün çox
xoşdur.
Bilirik ki, bu ölkənin ərazisinin bir hissəsi Ermənistanın
təcavüzü nəticəsində zəbt olunub. Belə bir
problem yaşasa da, Azərbaycan dünyanın mədəniyyət
xəzinəsinin zənginləşməsinə öz
töhfəsini verir. Dünya qloballaşır, sərhədlər
şəffaflaşır, lakin Ermənistan qonşu dövlətin
və mehriban
xalqın torpaqlarını işğal edir. Bu,
çox pisdir və belə siyasətə dünya xalqları
nifrətlə yanaşır. Ermənilərin
bu yarışmaya qatılmaması onların təkcə mədəniyyətinin
deyil, siyasətinin də məğlubiyyətidir. Bununla
onlar öz
antiinsani münasibətlərini ortaya qoymuş
oldular. Onların bu yarışmaya qatılmaqdan
imtina etmələri dünya mədəniyyətinə
laqeydlikdir.
Azərbaycan xalq musiqisi çox zəngindir. Bu zənginlik özünü təkcə
"Eurovision-2012" musiqi yarışmasında göstərmir.
Ötənilki qalibiyyət bayrağını
qoruyub saxlamağa Azərbaycanın hərtərəfli
şansı vardır.
Nan Rodd,
avstraliyalı turist:
-
Avstraliyadan, daha dəqiq desək, Sidneydən gəlmişik. Anam Sally Rodd mənə Azərbaycan və Bakı
haqqında bəzi məlumatları vermişdi. "Eurovision-2012" isə bizim Bakıya gəlişimizə
səbəb oldu. Bakı gözəlliyi ilə
yanaşı, həm də qədim şəhərdir. Əsrlərdən gələn səslər bu
diyarda imiş. Qobustan qayalarından insan əcdadının
ilk musiqi sədaları gəlir. Bu nədir -
ecazkarlıq, yoxsa
inanılması mümkün olmayan əfsanə?! Yox! Biz həqiqətlərin
şahidiyik! Deyirdilər ki, dünyada yeddi
möcüzə var, inanmırdım, çünki görməmişdim.
Bakıya gəlişimizdən bu möcüzələrin
sayının daha çox olduğunu gördüm və
inandım. İçərişəhərdə,
Qız qalasının ətrafında, Dənizkənarı
Milli Parkda
gördüklərimiz bizi necə heyran etməsin?!
Şirvanşahlar sarayında bələdçilər
bizi bu xalqın tarixən yaşadıqlarını
anlatdılar. Necə də zəngin və zövqlü əl
işləri var
imiş. Demək, Azərbaycan xalqı qədim
mədəniyyətə malikdir. Beynəlxalq musiqi
yarışmasında, eləcə də sahil boyunca keçirilən mədəni-kütləvi
tədbirlər bir daha təsdiqləyir ki, bu xalq bəşəri
və milli dəyərlərə çox sadiqdir. Mənəviyyatı zəngin xalqın mədəniyyəti
daim nümunəyə çevrilir. Ona
görə də Azərbaycan xalqının mədəniyyətə
verdiyi qiymət onun özünün mənəviyyatını
qoruyub saxlaması deməkdir.
Turizm üçün çox gözəl məkandır
bu yerlər.
Tərtib olunmuş bukletlər və xəritələrdə
görmədiyimiz və eşitmədiyimiz yerlərlə tanış olmaq imkanı qazandıq. Böyük Qafqaz sıra dağlarının, o
cümlədən Şahdağın ətəklərinə
sığınmış insanlar, xüsusən
İsmayıllının sənətkarları, Qəbələ
və Oğuzun, necə deyərlər, alban dövlətinin
yadigarları olan qədim yaşayış məntəqələri
ilə tanışlıq arzusundayıq. Bu
yerlərdən ayrılıb gedəndə
aparacağımız hədiyyə adi bir əşya olmayacaq.
İçərişəhərdə həmin əl
işləri ilə yaxından maraqlandıq. Daha çox xoşuma gələn Azərbaycan
xanımlarının milli geyimləri oldu.
Araqçın qoyub, tuman-kofta geyinərək çəkdirdiyimiz
şəkil hələlik ən əziz xatirə və yadigardır. Burada müasir qadınlar daha çoxdur, nəinki
Şərq üslubunda geyinən, çadra örtənlər.
Milli geyimə hörmət və əcnəbi
xalqların dilini bilmək mədəniyyətdir. Diqqətimizi daha çox çəkən isə
Bakı sakinlərinin əksəriyyətinin gənclərdən
ibarət olmasıdır.
Həmsöhbət olduğumuz qonaqlar Bakını sanki
doğma vətənlərinin mərkəzi kimi sevdiklərini
dilə gətirdilər. Turistlərdən biri, hindli Amarati Paçi onu
obrazlı şəkildə belə ifadə etdi: "Azərbaycanda
son illərin inkişafı özünü Bakıda çox möhtəşəm
formada göstərir. Dünyanın ən məşhur
paytaxtları ilə müqayisə olunur Bakı. Dəniz
onun anası, sahil bağı isə gənclərin sevgi
dünyasıdır. Bizim rejissorlar gərək
sevgi macəralı filmləri burada çəksinlər.
Bir qədər əvvəl mavi ekranlardan
Bakının gül bayramını izlədikdən sonra bu cənnətməkan
diyara gəlmək istədim. "Eurovision-2012"
isə buna səbəb oldu. Məni
maraqlandıran yalnız bu yarışmada hansı ölkənin
qalib olacağı deyildi. Mən bu
yarışmaya qatılan 42 ölkənin hər birini qalib hesab
edirəm. Əsas odur ki, onlar bir amal
uğrunda mübarizə aparırlar. Qoy kim
birinciliyə layiqdirsə, onu dünya söyləsin. Biz
turistlər Azərbaycanın füsunkar gözəlliyini gözlərimizlə görmək
istədik və buna nail olduq. Yəqin ki, bundan
sonra onun gözəlliyinə heyran olanların sayı durmadan
artacaq. Axı biz buradan çox yüksək
əhval-ruhiyyədə qayıdacağıq".
Bakı, onun daimi sakinləri
və qonaqlarından ayrılmaq o qədər də asan
olmayacaq. Mavi gözlü Xəzərlə
daş geyimli Qız qalası İçərişəhərdə
belə möhtəşəmliyin hələ çox
şahidi olacaq.
Elnur HACALIYEV,
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 26 may.- S. 9.