“Eurovision-2012” Azərbaycanın dünya mədəniyyətinə
inteqrasiyasının yeni səhifəsi olacaq
Bu gün Avropanın ən möhtəşəm mahnı yarışması hesab olunan "Eurovision-2012"nin final mərhələsidir. Bir həftədir ki, Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizi istəyən də, istəməyən də ekran qarşısında əyləşərək Azərbaycandan birbaşa yayımlanan mahnı müsabiqəsini izləyərək mədəniyyətimiz, qədim tariximiz, milli mətbəximiz, qonaqpərvərliyimiz və bir dövlət olaraq bu yarışmaya hazırlığımızın canlı şahidi olurlar. Bu gün final günü olduğu üçün yenə də milyonlarla insanın qəlbi Azərbaycanda döyünəcək.
Bu müsabiqə bir mahnı yarışması olsa da, yalnız mədəni cəhətdən deyil, həm də siyasi və ideoloji baxımdan mühüm əhəmiyyət kəsb edir. Milli Məclisin deputatları, ziyalılar, elm xadimləri arasında apardığımız sorğudan da aydın oldu ki, "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanın beynəlxalq imicinə Avropa və dünyaya inteqrasiya prosesində öz müsbət təsirini göstərəcək. Eyni zamanda, bütün dünya erməni lobbisinin Azərbaycan və millətimiz barədə yaydığı xoşagəlməz, iftira dolu informasiyaların, əslində, uydurmadan başqa bir şey olmadığını anlayacaq.
Hadi RƏCƏBLİ,
Milli Məclisin
Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru,
professor
-
"Eurovision-2012" mahnı müsabiqəsinin ölkəmizdə
keçirilməsi ilk növbədə Azərbaycanı
dünyada məşhur edəcək. Bu bir daha
özünü onda göstərəcək ki, Azərbaycanın
mədəniyyəti olduqca inkişaf edib. Minlərlə
qonağı bir anda qəbul edə bilən dövlətik.
Bununla da bütün dünyaya mesaj göndərdik. Digər tərəfdən
isə, bu tədbirlə bağlı nə qədər
işlər görüldü. Bu müsabiqəyə görə
vətəndaşlarımız nə qədər iftixar hissi
keçirir. Müsabiqə bir daha göstərdi ki, Azərbaycan
brend ölkəyə çevrilib. Dövlətimiz dünyada
bəyənilir və tək siyasi, iqtisadi baxımdan deyil, eləcə
də mədəniyyət sahəsi üzrə inkişaf edir.
Bütün bunları Bakıya gələn hər bir turistin
dilindən eşitmək bizim üçün çox xoş
oldu. Azərbaycanın tarixi, mədəni abidələri,
milli mətbəxinə heyran qalan müsabiqə
iştirakçıları, çox güman ki, Bakını
hələ uzun müddət unutmayacaq və yenidən Azərbaycana
gəlmək üçün fürsət axtaracaqlar.
Əli MƏSİMLİ,
Milli Məclisin deputatı
- Mən
inanıram ki, Azərbaycanda keçirilən
"Eurovision" mahnı müsabiqəsi hələ uzun
müddət yaddaşlardan silinməyəcək. Azərbaycan
sayca 57-ci olan "Eurovision" mahnı müsabiqəsini
çox möhtəşəm keçirir. 20 ildir müstəqilliyini
qazanan bir dövlətin bu cür mötəbər mahnı
müsabiqəsinə ev sahibliyi etməsinin özü
böyük nailiyyətdir. Hesab edirəm ki, Azərbaycan
"Eurovision-2012"ni ən azı bizim
gördüyümüz və yaddaşımızda qalan
mahnı müsabiqələri içərisində daha
gözəlini və möhtəşəmini keçirdi. Həm
"Baku Crystal Hall"un möhtəşəmliyi, həm təşkilati
işlər, həm də bu yarışmada iştirak edən
komandaların yerləşdirilməsi böyük zəhmət
tələb edirdi və Azərbaycan bunu uğurla həyata
keçirir. Bəlkə də "Eurovision-2012" nadir
yarışmadır, kimin qalib olacağını əvvəlcədən
müəyyənləşdirmək mümkün deyil.
Çünki finala yüksələn bütün
komandaların ifaları, səhnə tərtibatı çox
gözəl hazırlanıb. Bu yarışma ilə Azərbaycan
dünyanın rəğbətini qazandı və Qafqazı
bir daha dünyaya tanıtdı.
İlyas İSMAYILOV,
Milli Məclisin deputatı, Ədalət
Partiyasının sədri
Azərbaycanda
keçirilən Avropanın ən möhtəşəm
mahnı müsabiqəsinə hazırlıq işləri
çox yüksək səviyyədə aparılıb. Bunu
şəhərin hər yerində görmək
mümkündür və bütün dünya kiçik bir
ölkənin nəyə qadir olduğuna şahidlik edir. Azərbaycan
"Eurovision-2011" mahnı müsabiqəsindəki qələbəsi
ilə özünün zəngin mədəni irsə malik
olduğunu bütün dünyaya sübut etdi. Hesab edirəm
ki, bu yarışmanın Azərbaycanda keçirilməsi
ölkəmizin Avropa və dünyada daha da yaxından
tanınmasında bir vasitə oldu. İndi
çalışmalıyıq ki, görülən işlər
hədər getməsin və "Eurovision-2012" mahnı
müsabiqəsi bu yarışmanın tarixinə qızıl
hərflərlə yazılsın. Bunun üçün
bütün Azərbaycan ictimaiyyəti birgə olmalı və
ölkəmizin mənafeyi, beynəlxalq aləmdəki imicinin
daha da yüksəlməsi üçün səylər
göstərilməlidir. Musiqi sahəsi üzrə mütəxəssis
olmasam da, deyə bilərəm ki, Azərbaycanı təmsil
edən müğənnimiz Səbinə Babayeva öz vəzifəsinin
öhdəsindən layiqincə gələcək və
ölkəmizin qədim mədəniyyətinin bu
yarışmada nümayişi ilə böyük uğur
qazanmış olacağıq.
Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı, tarix elmləri
doktoru, professor
- 2011-ci ildə Almaniyada keçirilən
"Eurovision" mahnı müsabiqəsində Azərbaycanın
qələbəsi ölkəmizə çox böyük
uğur gətirdi. Bu qələbə Azərbaycan mədəniyyətinin
qələbəsi idi və diplomatiyanın on illərlə
qazana bilmədiyi bir yolu qısa müddətdə fəth
etmiş oldu. "Eurovision" qələbəsi ilə Azərbaycanın
dünyaya çıxışı üçün bir zəmin
yarandı və bu qələbədən sonra ölkəmiz təşkilatçılıq
işini öz üzərinə götürdü.
Paytaxtımıza dünyanın bir çox ölkəsindən
qonaqlar gəlməli idi. Bakıda isə insanların
axını, nəqliyyatın çoxluğu belə bir təsəvvür
yaradırdı ki, kifayət qədər çətinlik
olacaq. Ancaq dövlətin gördüyü hazırlıq
işləri hər kəsi heyran etdi. Şəhərdə mədəniyyət
tariximizə düşəcək çox gözəl,
heyranedici "Baku Crystal Hall" kompleksi inşa edildi.
Qonaqların yüksək səviyyədə qəbulu və
yerləşdirilməsi prosesi hər kəsdə böyük
sevinc yaratdı. Bütün bunların hamısı Azərbaycanın
dünyaya çıxışı, tanınması və
aparılan məqsədyönlü siyasətin
qazandığı uğurlardır. Bakıya gələn hər
bir əcnəbi Azərbaycan həqiqətləri ilə
tanış oldu və ölkəmiz onlarda böyük maraq
yaratdı. İnanıram ki, bu yarışma Avropaya səs
salacaq və bu, Azərbaycanın uğuru kimi tarixlərə
yazılacaq.
Flora QASIMOVA,
Milli Məclisin deputatı
-
Avropanın ən mötəbər mahnı müsabiqəsinin
Azərbaycanda bu cür möhtəşəm keçirilməsi
ölkəmizə, millətimizə qarşı xain
münasibətdə olan dövlətlərə sarsılmaz zərbə
vurdu. Bir çoxları bu yarışmanın Azərbaycanda
keçirilməməsi üçün əllərindən
gələni etsələr də, heç nəyə nail ola
bilmədilər. Dünya, həqiqətən, Azərbaycanın
Cənubi Qafqazda lider dövlətə çevrildiyinin şahidi
oldu. Azərbaycana gələn minlərlə əcnəbi
qonaq erməni lobbisinin millətimizlə bağlı Avropa və
dünyada yaydığı həqiqətə uyğun gəlməyən
məlumatların iftira, böhtan olduğunu ölkəmizlə
bağlı söylədikləri xoş sözlərlə təsdiq
etmiş oldular. Hesab edirəm ki, "Eurovision" mahnı
müsabiqəsi ilə dünya dövlətləri qədim mədəniyyətə
malik olan respublikamız haqqında xeyli bilgi əldə etdilər.
Bakıya gələn hər bir turist millətimizin qonaqpərvərliyinə,
gülərüzlüyünə heyran qaldılar. Hər bir
azərbaycanlı kimi, mən də bundan qürur hissi duyuram.
Hökumət bu yarışmanın yüksək səviyyədə
keçirilməsi üçün böyük iş
gördü və inanıram ki, "Eurovision-2012"nin
finalı indiyədək keçirilən finallar içərisində
ən yaddaqalanı olacaq və Azərbaycana, paytaxt Bakıya
heyran qalan əcnəbi turistlər bundan sonra da ölkəmizə
tez-tez səfər edəcəklər.
Musa QASIMLI,
Milli Məclisin deputatı, tarix elmləri
doktoru, professor
-
"Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda
keçirilməsi təsadüfi bir hadisə deyil.
Çünki Azərbaycan sənətçilərinin
keçən il keçirilən
yarışmada qalib gəlməsi musiqimizin, mədəniyyətimizin
dünyada tədqiqini sübut etdi. Hesab edirəm
ki, indiyə qədərki tarixində heç bir zaman
"Eurovision" Azərbaycandakı kimi möhtəşəm
təşkil olunmayıb. Bütün cəhətləri
ilə ən yüksək səviyyədə təşkilatçılıq
işi aparılıb. "Eurovision" Azərbaycanın
mədəniyyətinin
dünyada təbliğinə kömək göstərməklə
yanaşı, ölkəmiz haqqında doğru
informasiyanın yayılmasına yardımçı olacaq. Ən azı Azərbaycana gələn qonaqların
söylədikləri fikirlərə nəzər saldıqda,
bu, açıq-aydın hiss olunur. Düşünürəm
ki, Azərbaycanın kütləvi informasiya vasitələri
bütün ölkələrdən gələn nümayəndələr
və turistlərdən müsahibələr almalı və
onları arxivləşdirməlidirlər. Onu da qeyd edim
ki, "Eurovision"un Azərbaycanda
keçirilməsi cənab Prezident İlham Əliyevin Azərbaycan
mədəniyyətinə, beynəlxalq mədəni əlaqələrin
inkişafına xüsusi qayğısının təzahürüdür
və bu, eyni zamanda, ölkəmizin birləşdirici,
qovuşdurucu bir məkan olduğunu göstərir.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı
-
"Eurovision" mahnı müsabiqəsi yüz milyonlarla
auditoriyası olan bir möhtəşəm
yarışmadır. Bütün dünyanın diqqəti bu
yarışmanı keçirən ölkəyə yönəlir.
Avropanın bir parçası olan Azərbaycanın bu
yarışmaya ev sahibliyi etməsi tarixi bir hadisədir. Bu
gün ölkəmizə minlərlə xarici qonaq gəlib. Bu
müsabiqə dövlətin tanınması,
inkişafının təqdimatı üçün olduqca
vacib bir tədbirdir. Onun bilavastə siyasi əhəmiyyəti
olmasa da, ölkənin mədəniyyətinin, tarixinin
nümayişi, tanıdılması üçün çox
vacibdir. Yarışma təşkilatçılıq
baxımından da çox yüksək səviyyədə təşkil
olunub. Bütün hazırlıq işləri, şəhərimizə
gələn əcnəbi vətəndaşların qonaqpərvərliklə
qəbul olunmaları yüksək səviyyədə qiymətləndirilir.
Hesab edirəm ki, Azərbaycanın beynəlxalq imicinə zərbə
vurmaq istəyən erməni lobbisinin antitəbliğatı
iflasa uğradı. Onlar Avropanın bir neçə qəzetində
Azərbaycanla bağlı yalan məlumatlar yazdırmaqla elə
bilirdilər ki, bütün Avropa və dünyanı öz
iftiralarına inandıra biləcəklər. Əvvəla, qəzetlərinin
tirajı çox aşağıdır, həmin mətbu
orqanları oxuyanlar azlıq təşkil edir. İkincisi isə,
Azərbaycanı bu həftə yüz milyonlarla insan canlı
seyr edir. Bu, fərqli təsirdi. Yalan çox uzaq getmir. Gəlib
Azərbaycanı görən insanlar və televiziyada ölkəmizi
seyr edən dünya ictimaiyyəti Bakıda və digər
şəhərlərimizdə olan inkişafın, Avropaya
inteqrasiyanın canlı şahidi oldular. Artıq dünya bildi
ki, Bakı böyük və mədəni Avropa şəhəridir.
İndi Azərbaycanın inkişafını kölgədə
saxlamaq, haqqında yalan məlumatlar yaymaq
qeyri-mümkündür.
Qüdrət HƏSƏNQULİYEV,
Milli Məclisin deputatı, Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri
- Azərbaycan
təmsilçilərinin "Eurovision-2011" mahnı
müsabiqəsində qazandıqları qələbə və
bu müsabiqənin ölkəmizdə keçirilməsi mədəniyyətimizin,
tariximizin təbliği baxımından olduqca mühüm bir
hadisədir. Müsabiqəyə hazırlıq prosesinin
qısa bir zaman ərzində və yüksək səviyyədə
başa çatdırılması, müsabiqə çərçivəsində
həyata keçirilən tədbirlərin yüksək
peşəkarlıqla gerçəkləşdirilməsi Azərbaycan
xalqının böyük intellektual potensialının,
işgüzarlığının göstəricisi kimi qiymətləndirilməlidir.
Bu müsabiqə nəticəsində Azərbaycan öz mədəniyyətini
dünyaya, Avropaya təqdim etmək üçün
mühüm bir imkan əldə etdi və bundan
yararlanmağı bacardı. Azərbaycan bu
yarışmanı yüksək səviyyədə
keçirməklə Cənubi Qafqazın lider ölkəsi
olduğunu bir daha nümayiş etdirdi.
Fəzail AĞAMALI,
Milli Məclisin deputatı, Ana Vətən
Partiyasının sədri
- Avropa məkanında,
hətta artıq dünyada da populyarlıq qazanan və
böyük maraq kəsb edən "Eurovision" mahnı
festivalının Azərbaycanda keçirilməsi ciddi bir
hadisə, əhəmiyyətli bir uğur kimi qiymətləndirilməlidir.
Ötən il keçirilən
"Eurovision" mahnı müsabiqəsində bizim qələbəmiz
Azərbaycan mədəniyyətinin, xalqımızın
istedadının ifadəsi kimi özünü göstərdi.
Qısa zaman kəsiyində bu mahnı festivalında
iştirak edən Azərbaycan 4 ildən sonra həmin
yarışmanın Bakıda keçirilməsi zirvəsinə
nail oldu. Mən hesab edirəm ki,
"Eurovision" mahnı müsabiqəsi ölkəmizin
dünya miqyasında tanınmasına öz müsbət
töhfəsini verəcək. Artıq bir
həftədir dünyanın diqqəti Azərbaycana yönəlib.
Bu gün isə artıq final mərhələsidir. Ölkəmiz təkcə bu
mahnı müsabiqəsini dünyaya təqdim etməklə
kifayətlənməyəcək, həm də bu tədbiri
keçirən ev sahibi kimi
özünün təşkilatçılığını,
yeniliklərini göstərmiş olacaq. Bu təqdimatla
dünya Azərbaycan haqqında tam təsəvvür əldə
edəcək. İnanıram ki, Azərbaycan
sayca 57-ci "Eurovizion" mahnı müsabiqəsinə yeni
çalarlar əlavə edəcək və onu daha da zənginləşdirəcək.
Ölkəmizdə keçirilən bu festival hələ
uzun illər həm iştirakçıların, həm də
əcnəbi qonaqların yaddaşlarından silinməyəcək.
Çox təəssüf edirəm ki, bu
yarışmanın Azərbaycanda keçirilməsini istəməyən
həm daxili, həm də xarici qüvvələr dövlətimizə
qarşı çirkin kampaniya aparırlar. Bütün bu qüvvələr erməni lobbisinin
diktəsi ilə bir koalisiya təşkil edərək bu
mahnı müsabiqəsinin mahiyyətinə xələl gətirə
biləcək hərəkətlər edirlər. Ancaq
bütün cəhdlərə baxmayaraq, onların niyyətləri
baş tutmadı və bundan sonra da həmin qüvvələr
heç nəyə nail ola bilməyəcəklər.
Azərbaycanda çox yüksək dəyərləndirilən
"Eurovision-2012"nin Bakı
festivalı bu yarışmanın tarixində yaddaqalan, silinməz
iz qoyacaq.
Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı
-
Avropanın nüfuzlu mahnı yarışmasının
ölkəmizdə keçirilməsi hər bir vətəndaşımızda
fərəh hissi yaradır, çünki bu müsabiqədə
iştirak etmək üçün xaricdən minlərlə
insan Azərbaycana səfər edib ölkəmizdəki
inkişafın şahidi oldu. Bu hadisə, həmçinin Azərbaycanın
beynəlxalq müstəvidə təbliğ olunması
baxımından da böyük əhəmiyyət
daşıyır. Bütün dünya Azərbaycan mədəniyyətinin,
zəngin təbiətinin və qonaqpərvərliyinin
şahidi oldu. Ölkəmizə gələn hər bir turist
Bakının qədimliyindən,
tarixi abidələrimizdən danışır. Bir
ölkənin dünyada tanıdılması istiqamətində
bundan böyük təbliğat ola bilməz. Amma təəssüf
ki, bəzi dairələr bu beynəlxalq səviyyəli tədbirin
Bakıda keçirilməsindən sui-istifadə edərək
ölkəmizin imicinə zərbə vurmağa cəhd
göstərirlər. Bəzi beynəlxalq təşkilatlar,
aqressiv müxalifət və bəzi QHT-lər
"Eurovision" mahnı müsabiqəsini siyasiləşdirməyə
cəhd etsələr də, istəklərinə nail
olmadılar. Bütün bunların heç bir əsası
yoxdur. Vətənpərvərlik hissi olan hər bir insan bu
nüfuzlu tədbirin ölkəmizdə keçirilməsindən
qürur duymalıdır. Çünki bu tədbirin yüksək
səviyyədə keçirilməsi Azərbaycanın beynəlxalq
imicini daha da yüksəldəcək. Məhz hər bir vətəndaş
da bu nəticənin əldə olunması üçün
töhfəsini verməlidir.
İzzət RÜSTƏMOV,
BDU-nun Sosiologiya kafedrasının
müdiri, fəlsəfə elmləri doktoru, professor
- Azərbaycanda keçirilən
"Eurovision-2012" mahnı müsabiqəsi nəinki mədəniyyətimizin
bugününə, bütövlükdə
xalqımızın tarixinə parlaq bir səhifə kimi daxil
olacaqdır. Necə deyərlər, "dünya
axışıb Azərbaycana gəlir", turistlər
ölkəmizlə, onun iqtisadiyyatı, mədəniyyəti,
hər sahədə qazandığı uğurları ilə,
9 iqlim qurşaqlı təbiətimizlə bilavasitə
tanış olmaq imkanı əldə edirlər. Dünya
musiqi və mahnı incilərinin pərvazlanması
üçün Azərbaycan böyük bir səhnəyə
çevrilib. Paytaxtımız Bakı qonaq qəbul edir.
Müsabiqə öncəsi respublikamızda möhtəşəm
quruculuq və abadlıq işləri aparılmış,
müsabiqənin keçiriləcəyi Büllur saray nadir
memarlıq incisi olaraq istifadəyə verilmiş, neçə-neçə
möhtəşəm obyektlər qonaqların üzünə
qapılarını taybatay açmışdır.
"Eurovision" yarışında dünyanın musiqi mədəniyyətinin
nadir inciləri ilə yaxından tanış olmaq, onlardan yetərincə
bəhrələnmək imkanı əldə edirik. Bizim
musiqiçilərimiz də öz mahnı incilərini
dünya nümayəndələrinə uğurla təqdim
edirlər. Biz respublika rəhbərliyinə bu sahəyə
yetirdiyi böyük diqqətə görə öz minətdarlığımızı
bildiririk. Müsabiqə qurtarandan hələ çox sonralar
da yaradılmış yeni dənizkənarı
bulvarımız, gözəl Büllur saray, digər möhtəşəm
obyektlər özümüzün, balalarımızın daimi
gəzinti və istirahət yeri olacaq.
"Eurovision"
tədbirlərinə qarşı çevrilmiş, onun
pozulmasına doğru yönəldilmiş istənilən
müxalif addımları pisləyirik. Mən onlara müraciətlə
deyirəm, dünyada hələ də qalmaqda olan bədxahlarımızı,
birbaşa düşmənlərimizi sevindirməyə
çalışmayın, bilin ki, bulanıq suda balıq
ovlamaq heç də uğurlu olmur. Əminik ki, Azərbaycanımız
"Eurovision"un keçirildiyi ölkə kimi daha
böyük nailiyyətlərə imza atacaqdır.
Arzuman MURADLI,
iqtisad elmləri üzrə fəlsəfə
doktoru
- Cəmi
20 il əvvəl dövlət müstəqilliyimizi bərpa edərkən
Azərbaycanın çox qısa müddətdə hansı
möhtəşəm uğurlara nail olacağını təsəvvür
etmirdik. Hətta müstəqilliyimizin ilk illərində
baş verən təbəddülatlar səbəbindən
sabaha olan ümidlərimizi belə itirmişdik.
Lakin fəxarət hissi ilə deməliyik
ki, 1993-cü ildən sonra məhz Heydər Əliyev siyasətinin
bərqərar olması Azərbaycanın müstəqil
dövlət kimi yaşamasını və sosial-iqtisadi
inkişafını təmin etdi, ölkəmizi beynəlxalq
birliyin tamhüquqlu üzvünə çevirdi,
xalqımızın sabaha olan inamını bərpa etdi. Bu
gün isə Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməsi Azərbaycanı dinamik və
sürətli inkişaf yoluna çıxarmaqla bərabər,
beynəlxalq nüfuzunu artırıb. Bunun nəticəsidir
ki, Azərbaycan artıq BMT Təhlükəsilk
Şurasına üzv seçilib və hazırda bu quruma sədrlik
edir.
"Eurovision-2012"
mahnı müsabiqəsinin Bakıda keçirilməsi isə
Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da
yüksəlməsinə növbəti töhfə və dəstək
oldu. Bugünlərdə bütün dünya Azərbaycandan
danışır, Bakıdan yazır. Paytaxtımıza təşrif
buyuran xarici vətəndaşlar, turistlər Azərbaycandakı
inkişafı öz gözləri ilə görür, ölkəmizi
daha yaxından tanımaq imkanı əldə edirlər.
Amma
təəssüflə qeyd etməliyik ki, Azərbaycanın təbliğinə
və imicinin daha da yüksəlməsinə xidmət edən
bu möhtəşəm tədbirin Bakıda keçirilməsinə
qısqanclıqla yanaşanlar da az deyil. Erməni lobbisi,
İranın bəzi dairələri və daxilimizdə antiazərbaycançı
şəbəkəyə xidmət edən bəzi insanlar
"Eurovision-2012" mahnı müsabiqəsini siyasiləşdirməyə
və bundan çıxış edərək Azərbaycanın
uğurlarına kölgə salmağa cəhd göstərirlər.
Lakin qətiyyətlə deyirik ki, heç bir məkrli təbliğat,
təzyiq və təhdid Azərbaycanı öz inkişaf
yolundan döndərə bilməz.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 26 may.- S. 10.