“Eurovision” təkcə musiqi bayramı deyil

 

 Bakıda artıq çoxdan gözlədiyimiz o tarixi hadisə baş verdi - "Eurovision- 2012"nin rəsmi açılışı oldu. Birinci yarımfinal da keçirildi. Bu, həqiqətən, olduqça əhəmiyyətli, tarixi bir hadisədir, ölkənin və onun bütün vətəndaşlarının həyatında misilsiz əhəmiyyətə malik bir tədbirdir.

Şəhərimiz və ölkəmiz haqqında səslənən xoş fikirlər hamımızın qəlbini riqqətə gətirir. Bakı artıq hər bir Avropa şəhəri ilə müqayisə olunacaq bir şəhərə çevrilibdir. "Dostluq və sülh" yarışması adlandırılan bu tədbirlə əlaqədar dünyanın tanınmış televiziya kanalları Azərbaycanın iqtisadi inkişafı, təbiəti, insanları haqqında silsilə verilişlər hazırlayaraq nümayiş etdirirlər. Avropa Yayımları Birliyinin təmsilçisi, "Eurovision-2012" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sandın sözlərilə desək, Xəzər dənizinin sahillərində yerləşən, füsunkar gözəlliyi, Şərq və Qərb motivli memarlıq incilərilə dünyanın tanınmış meqapolisləri ilə bir sırada dayanan Bakının, regionların gözəlliyini təsəvvür etmək üçün mütləq Azərbaycana gəlmək lazımdır.

Azərbaycana gələn, bu möhtəşəm tədbirə qatılmaq istəyənlər isə həddindən artıq çoxdur. Təkcə iştirakçı dövlətlərin sayına nəzər salmaq kifayətdir. Dünyanın 42 ölkəsindən respublikamıza gələn, başqa bir aləmə düşən qonaqların heyranlıq duyğularını ifadə eləmək olduqca çətindir. Müsabiqədə Ukraynanı təmsil edən Qaytananın Bakı haqqında dediyi "Yol boyu insan əli ilə yaradılmış gözəllikləri izləyərək heyrətə gəldim. Elə bil nağıllar aləminə düşmüşdüm" sözləri bütün iştirakçıların fikirləri ilə üst-üstə düşür.

Latviya təmsilçisi Anmari isə təəssüratı barədə belə dedi: "Həqiqətən də, gəzdiyim hər yer əsrarəngizdir".

San-Marino təmsilçisi Valentina Monetta isə insanlarımızı, onların mehribanlığını xüsusi qeyd edir: "Bakı sakinləri gülərüz, mehriban və çox ünsiyyətcildirlər".

Bütün bunlar belə bir möhtəşəm tədbirə ev sahibliyi edən Azərbaycan haqqında səslənən məkrli, böhtan xarakterli fikirlərə ən layiqli cavabdır. Bu, eyni zamanda, ölkəmizin yüksək səviyyədə hazırlığını və iqtisadi gücünü göstərməkdir. Bu yüksəlişi, artan nüfuzu, demək olar ki, ev sahibliyi etdiyimiz, bütün dünyaya səs salan müxtəlif tədbirlərlə, eləcə də Qəbələdə keçirilən beynəlxalq festivalları ilə dəfələrlə təsdiqlənmişik. 

Doğrudan da, bu müsabiqədə iştirak etmək üçün xaricdən minlərlə insan artıq Azərbaycana səfər edir və bu səfər zamanı ölkəmizdəki inkişafın, yüksəlişin şahidi olurlar. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə yüksək səviyyədə təbliğ olunması, Azərbaycanla bağlı həqiqətlərin, reallıqların dünya ictimaiyyətinə daha dolğun və əsaslı şəkildə çatdırılması baxımıından böyük əhəmiyyətə malikdir.

Ancaq təəssüflər olsun ki, bəzi dairələr, bəzi qüvvələr bu əzəmətli tədbirin Bakıda keçirilməsindən istifadə edərək ölkəmizin, dövlətimizin, bütövlükdə Azərbaycan ictimaiyyətinin nüfuzuna xələl gətirmək, yüksək imicinə zərbə vurmaq niyyətlərini açıq-aşkar ortaya qoymaqdadırlar. Lakin həmin qüvvələrin - istər daxildə, istərsə xaricdə olsun, bu yöndəki cəhdləri, niyyətləri heç vaxt baş tutmayacaq, çünki bu iddiaların heç bir əsası yoxdur və bəri başdan iflasa məhkumdur. Onların indiyə kimi göstərdikləri cəhdlər necə iflasa uğrayıbsa, bundan sonrakı cəhdləri də eyni aqibəti yaşayacaq.

Eyni zamanda, vətənpərvərlik, milli qürur hissi olan hər bir azərbaycanlı bu nüfuzlu tədbirin respublikamızda keçirilməsindən qürur hissi duymalıdır. Çünki dövlətimizin, xalqımızın uğuru hamımızın uğurudur. Bugünkü realıqda isə bu, artıq böyük bir güc, beynəlxalq aləmdə baş verən müxtəlif  proseslərə əvəzolunmaz təsir mexanizmi deməkdir. Dövlət başçısının dəfələrlə dediyi kimi, "Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi!"

Azərbaycanın son  illəri əhatə edən nailiyyətlərinə nəzər salmaq kifayətdir ki, 20 ildə hardan-hara gəldiyimizi təsəvvür edək. Belə ki, son illər  Azərbaycan iqtisadiyyatı dəfələrlə güclənib, ümumi daxili məhsul  artıb, yoxsulluğun səviyyəsi 5 dəfə azalıb, indi Azərbaycanın iqtisadi gücü də artaraq Cənubi Qafqazın potensialının 75 faizinə bərabərdir. Azərbaycanın potensialı düşmən Ermənistanın imkanları ilə müqayisə edilə bilməz. Arada 10 dəfədən çox bir fərq var. Təkcə Azərbaycanın hərbi xərcləri Ermənistanın büdcəsindən 50 faiz çoxdur.   

"Eurovision-2012" artıq başlayıb. Bu, faktdır. Müxtəlif ölkələrdən -   Fransa, Böyük Britaniya və digər ölkələrdən gələn nümayəndə heyətləri Azərbaycanın uğurları, Bakının artan nüfuzu və özünəməxsus gözəlliyi, yenidən tikilməsinin və qurulmasının şahidi olurlar. Onlar kimi sevinməyi biz də özümüzə aşılamalıyıq. Axı, bu, həm də Azərbaycanın uğurlarına sevinmək baxımından əvəzsiz bir bayramdır. Bu, bütün azərbaycanlıların həyatında böyük bir hadisədir. Belə bir hadisə üçün Vətən və millət həmişə darıxır. Dövlət başçısının dediyi kimi:

"Biz bir xalqıq, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir".

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 26 may.- S. 11.