Xocalı soyqırımının baiskarlarına müasir Avropada yer yoxdur

 

"Yaxşı və pis siyasətçilər haqqında danışmaq olar, lakin Xocalı soyqırımının baiskarlarına müasir Avropada yer yoxdur".

Bu sözləri "Eurovision-2001" musiqi müsabiqəsinin qalibi, Estoniya vətəndaşı Tanel Padar mayın 25-də "Hilton" otelində keçirdiyi mətbuat konfransında demişdir.

Estoniyalı qonaq bu günlərdə Pirşağı qəsəbəsində Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı düşərgədə olması, orada faciə şahidləri ilə görüşü haqqında da məlumat vermişdir.

Tanel Padar xocalılılara qarşı törədilmiş vəhşiliklərə baxmayaraq, dünya ictimaiyyətinin bu məsələ ilə bağlı tutduğu mövqeni, indiyə qədər faciəyə beynəlxalq aləmdə hüquqisiyasi qiymət verilmədiyinə görə təəssüf etdiyini bildirmişdir. Qonaq demişdir: "Bu faciəni törədənlər layiqli cəzalarını almayınca, məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca ədalətin bərpa olunmasından söhbət gedə bilməz".

Tanel Padar "Eurovision" festivalı ilə bağlı Bakıya gəlmiş jurnalistlərdən Xocalı həqiqətlərini yaymağa, dünya ictimaiyyətini bu faciəni soyqırımı aktı kimi tanımağa çağırmışdır.

O, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət" kampaniyasının fəaliyyətini yüksək qiymətləndirmiş və "Ədalət alovunu yandır" şüarı altında Estoniyada kampaniyanın işini gücləndirəcəyinə hazır olduğunu bildirmişdir.

Tanel Padaronu müşayiət edən qrupun üzvləri ABŞ Prezidenti, BMT-nin Baş katibi, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin deputatlarına ünvanlanmış və Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanımağa və günahkarların məsuliyyətə cəlb edilməsi üçün səy göstərməyə çağıran kampaniyanın petisiyasını imzalamışlar.

Sonda estoniyalı müğənni cari ilin iyununda Azərbaycanda Xocalıdan olan məcburi köçkünlər üçün xeyriyyə konserti ilə çıxış edəcəyinə söz vermişdir.

Ölkəmizlə bağlı təəssüratlarını bölüşən estoniyalı müğənni Azərbaycan və Estoniya arasında münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu bildirmişdir. O demişdir: "XX əsrin əvvəllərində Estoniyada böhran olduğu zaman bir çox həmvətənlərim Azərbaycana gəlmiş və neft sənayesində işləmişlər. Biz bu yaxşılığı heç vaxt unutmarıq".

Tanel Padar Bakının gözəlliyinin, şəhərdə tikilən yeni möhtəşəm binaların, eləcə də tarixi abidələrin onu valeh etdiyini bildirmiş, Şərq və Qərb elementlərini özündə əks etdirən Azərbaycan mədəniyyətinə yüksək dəyər verdiyini vurğulamışdır. "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini deyən qonaq "Baku Crystall Hall"un onun gördüyü ən möhtəşəm komplekslərdən biri olduğunu bildirmişdir. 

Müğənni Azərbaycan xalqının yüksək qonaqpərvərliyinin və səmimiyyətinin onda dərin təəssürat yaratdığını qeyd etmişdir.

 

 

Azərbaycan.- 2012.- 26 may.- S. 12.