Pekində Azərbaycan
və Çin arasında diplomatik
əlaqələrin qurulmasının ildönümü
və 28 May - Respublika
günü münasibəti ilə rəsmi
qəbul təşkil edilmişdir
Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü və 28 May - Respublika Günü münasibəti ilə rəsmi qəbul təşkil etmişdir.
Çin hökumət nümayəndələrinin, Pekindəki diplomatik korpusun təmsilçilərinin, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənmişdir.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın yarandığını diqqətə çatdırmışdır. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ötən müddətdə böyük inkişaf yolu keçdiyini, güclü iqtisadiyyatı olan müasir dövlətə çevrildiyini bildirən səfir qeyd etmişdir ki, nəinki region, eləcə də bütün dünya üçün vacib olan irimiqyaslı layihələr Avrasiya məkanında karbohidrogenlərin və yüklərin daşınmasında Azərbaycanın mühüm rolunu artırır.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərdən söz açan səfir Lətif Qəndilov demişdir ki, hazırda əlaqələrimiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edir. Qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə verilən dəstək, ticarət dövriyyəsinin artması deyilənlərin bariz nümunəsidir.
Çin nəqliyyat nazirinin müavini Ven Menqyonq tədbirdə çıxış edərək öz hökuməti adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik etmiş, ən xoş arzularını bildirmişdir. Ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini bildirən Ven Menqyonq demişdir ki, hazırda Azərbaycan-Çin əlaqələri ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha da inkişaf edir.
Çin nəqliyyat nazirinin müavini Ven Menqyonqa səfirliyin Azərbaycan-Çin əlaqələrinin inkişafındakı xidmətlərinə görə xatirə medalı, habelə iki ölkə arasında diplomatik əlaqələrin 20 illiyi münasibəti ilə buraxılmış xüsusi poçt markası hədiyyə edilmişdir.
Sonra üzərində Azərbaycanın və Çinin dövlət bayraqlarının təsviri əks olunduğu tort kəsilmişdir.
Tədbir keçirilən yerdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərlərini, Azərbaycanın memarlıq abidələrini, turizm potensialını və təbiət mənzərələrini, Bakının müasir inkişafını əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdu.
Azərbaycan səfirliyi iki ölkə arasında diplomatik əlaqələrin ildönümü münasibəti ilə üzərində dövlət başçılarının əksi olan xüsusi gümüş xatirə sikkələr, habelə xatirə nəşri (jurnal) hazırlatdırmışdır. Həmin xatirə pullar Çin Prezidentinə, Baş nazirinə, xarici işlər nazirinə və iki ölkə arasında münasibətlərin inkişafında xüsusi xidmətləri olan şəxslərə təqdim olunacaqdır.
Şahin CƏFƏROV
Azərbaycan.- 2012.- 26 may.- S. 13.